Məhkəmə qərarları › İş №2(060)-4088/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4088/2022

11.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4088/2022 11.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras payın bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 3M-643 reyestr nömrəli miras payının bağışlanma müqaviləsinin, həmin müqavilə əsasında cavabdehə verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi və bu qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin atası- Mehdiyev Rüstəm Hüseyn oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 39 saylı evin 38 saylı mənzili miras qalmışdır. Bununla əlaqədar olaraq Cavabdeh mirasın qəbulu ilə bağlı ASAN Xidmət Notariat Ofisinə müraciət etmişdir. Hazırki miras əmlakla bağlı 213/2020 saylı vərəsəlik işi açılmışdır. xx.xx.2020-ci il tarixində ¾ hissədə Cavabdeh, ¼ hissədə isə İddiaçı mirasdan pay almaq üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sonradan iddiaçıya bildirilmişdir ki, miras payını cavabdehə bağışlasın. Çıxarış aldıqdan sonra cavabdeh notariat ofisində iddiaçının payını yenidən ona qaytaracağı ilə bağlı vəd vermişdir. Lakin xeyli müddət keçdikdən sonra o, anlamışdır ki, cavabdeh onun payını ələ keçirmək üçün ona yalan vədlər verərək onu aldatmışdır. Ona görə də xx.xx.2020-ci il tarixində onun tərəfindən cavabdehə bağışladığı miras payın bağışlama müqaviləsini mübahisələndirmək qərarına gəlmişdir. Belə ki, həmin müqavilə cavabdehin onu aldatması nəticəsində baş tutmuşdur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia qarşı etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, iş üzrə iddiaçı tərəf iddianın yeganə əsası kimi guya onun iddiaçıya vəd verdiyini və miras əmlak olan mənzilə çıxarış aldıqdan sonra iddiaçıya payını qaytaracağını göstərmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, atası rəhmətə getdikdən sonra sadəcə sözügedən mənzil deyil, başqa bir neçə daşınmaz əmlak da atasından miras qalmışdır. Atası hələ sağikən əmlaklarını ona verəcəyini bildirmişdir. Eyni zamanda o, türk vətəndaşı ilə ailə həyatı qurduğu və övladı olmadığı üçün bacısı və qardaşları da bir növ onun həyat sığortası kimi sözügedən mənzilin və Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən 6 sot torpaq sahəsinin ona qalmasına etiraz etməmişdirlər. Odur ki, bacısı X2 və qardaşı X5 oğlu, o cümlədən İddiaçı miras əmlak üzrərindəki paylarından onun xeyrinə imtina etmiş və bunu müvafiq imtina ərizələri ilə notariat ofisində rəsmiləşdirmişdirlər. Lakin bir müddət sonra notarius tərəfindən müəyyən edilmişdir ki, qardaşı Etibar başqa bir notariat ofisində atasına məxsus olan "xxxx" MMC-nin miras kimi ona qalması üçün müraciəti olmuşdur. Bu halda Etibarın miras payından imtina etməsinin mümkün olmayacağı ona bildirilmişdir. Bundan sonra qardaşı Etibar yalnız "xxxx" MMC-ni istədiyini digər paydan imtina etdiyini bildirsə də, notarius bunun mümkün olmadığını təkrar bildirmişdir. Bacı və qardaşlar belə qərara gəlmişdirlər ki, elə "xxxx" MMC qardaşı Etibara qalsın. O, da öz istəyi ilə mənzil və torpaq sahəsi üzərində miras payı qəbul edib sonra ona bağışlasın. İddiaçının mənzilə dair payını ona bağışlamasının səbəbi kimi guya onun iddiaçıya vəd verdiyi və miras əmlak olan mənzilə çıxarış aldıqdan sonra iddiaçıya payını qaytaracağını bildirməsi tamamilə yalandır və absurddur. Bunun heç məntiqi əsası da yoxdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bağışlama müqaviləsində hər hansı şərtin nəzərdə tutulmadığını və iddiaçıya heç bir vəd verilmədiyini, habelə bu barədə razılaşmanın olmadığını bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmədə şahid X2 ifadə verərək, tərəflərin bacısı olduğunu, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili bacısı Cavabdeh bağışladığını, bağışlama müqaviləsində hər hansı şərtin nəzərdə tutulmadığını və cavabdeh tərəfindən iddiaçıya heç bir vəd verilmədiyini, habelə bu barədə tərəflər arasında razılaşmanın olmadığını və bağışlamanın öhdəliklə şərtləndirilmədiyini bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Mehdiyev Rüstəm Hüseyn oğlu miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Mehdiyev Rüstəm Hüseyn oğluna verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Maarif” B/Y 915 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 həmin şəhadətnamənin həqiqiliyini təsdiq etmişdir. - xx.xx.2020-ci il tarixli, 3M-643 reyestr nömrəli miras payın bağışlanması müqaviləsindən görünür ki, Mehdiyev Rüstəm Hüseyn oğlu Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinin xüsusi notariusu A.S.Hacıyev tərəfindən verilmiş “30 dekabr 2020-ci il tarixli, 2V-1026 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını – Cavabdeh bağışlamışdır. - xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Mehdiyev Rüstəm Hüseyn oğlu miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə Mehdiyev Rüstəm Hüseyn oğluna verilmiş **********46-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.22 kv/m, yaşayış sahəsi 51.24 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 həmin şəhadətnamənin həqiqiliyini təsdiq etmişdir. - xx.xx.2020-ci il tarixli, 3M-644 reyestr nömrəli miras payın bağışlanması müqaviləsindən görünür ki, Mehdiyev Rüstəm Hüseyn oğlu Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinin xüsusi notariusu A.S.Hacıyev tərəfindən verilmiş “30 dekabr 2020-ci il tarixli, 2V-1027 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını – Cavabdeh bağışlamışdır. - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2020-ci il tarixli 058430 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mehdiyev Rüstəm Hüseyn oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2016-cı il tarixli 837317 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin atası- Mehdiyev Rüstəm Hüseyn oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir və Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 39 saylı evin 38 saylı mənzil və digər əmlaklar miras qalmışdır. xx.xx.2020-ci il tarixli, 3M-643 və 3M-644 reyestr nömrəli miras payın bağışlanması müqavilələrinə əsasən İddiaçı miras payını bacısı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsində hər hansı şərt nəzərdə tutulmamış və cavabdeh tərəfindən iddiaçıya heç bir vəd verilməmiş, habelə bu barədə razılaşma olmamış və bağışlama öhdəliklə şərtləndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bu Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, MM-in 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. MM-in 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. MM-in 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki,mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsaəsn bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış mübahisələndirilən bağışlama müqaviləsində hədiyyə alanın (Cavabdeh) bağışlama müqabilində öhdəlik yerinə yetirməsi nəzərdə tutulmadığından və əqd bağlanarkən qanunvericilikdə müəyyənləşdirilmiş şərtlər pozulmadığından iddia əsassızdır. Odur ki, həmin əqd əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və çıxarışın ləğvinə dair tələblər də əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı miras payın bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı miras payın bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar