Məhkəmə qərarları › İş №2(060)-4088/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4088/2023

20.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4088/2023 20.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasən yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, 5-cı məhəllə ərazisində yerləşən 16 saylı fərdi yaşayış evinə hesablanmış (abunə kodu:**********00160) 1555,20 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasən Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, 5-cı məhəllə ərazisində yerləşən 16 saylı fərdi yaşayış evinə quraşdırılmış sayğac yararsız vəziyyətdə olduğundan iddiaçıya 1555,20 borc hesablanmışdır. Belə ki, guya yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirilərkən zaman sayğacın deşilməsi və istismara yararsız vəziyyətə salınması aşkar edilmişdir. İddiaçının yaşadığı evə qazdan istifadə üçün quraşdırılmış sayğac evin içərisində deyil. Sayğac çöldə yerləşir. Cavabdehin əməkdaşlarının istədikləri vaxt ona baxış keçirmək imkanı olmuşdur. İddiaçı yaşadığı evə 2022-ci ilin oktyabr ayında köçmüşdür. O evə köçəndə artıq yeni sayğac quraşdırılmışdı. Cavabdeh təşkilatın əməkdaşları özləri sayğacı iddiaçı köçməmişdən əvvəl söküb aparıb, lakin aktı nədənsə 2023-cü ilin aprel ayında tərtib etmişlər. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, 5-ci məhəllə ərazisində yerləşən 16 saylı fərdi yaşayış evi ünvanına əməkdaşlar tərəfindən baxış keçirilmiş və yerində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Sayğac Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin 14-2-2/3- 5-4482/Q001 saylı rəyinə əsasən, ******* saylı xx.xx.2023-cü il tarixli aktda sayğacda qeyd olunan nöqsan öz əksini tapmışdır. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və akta əsasən qaz sayğacının nominal qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apar11mış və 6x24x90=12,960m3 x 0,12qəpik=1,555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, sayğaca onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Sayğac ona məxsus həyətin daxilində yox, çöldə quraşdırılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, “Sayğaca baxış keçirildi. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın hesablayıcı mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan biri aşkar olunmadı. Sayğac istismara yararsızdır”. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya 12960 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya xx.xx.2023-cü il tarixli akt əsasında 1555,20 manat borc hesablandığı göstərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 1555,20 manat borcun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 1555,20 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, 5-ci məhəllə ərazisində yerləşən 16 saylı fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar