Məhkəmə qərarları › İş №2(060)-4088/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4088/2024

02.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4088/2024 02.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 02 sentyabr 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 33B-də yerləşən ona məxsus olan evə, **********00229 abonent koduna akt ilə əsassız olaraq hesablanmış 2064,59 manat cərimə borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, illərdir ki, ünvan 1 ünvana dair elektrik enerjisindən istifadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri vaxtlı vaxtında edib. Bildirir ki, 09 may 2024-cü il tarixdə bir də görmüşdür ki, sayğacı tüstüləyir, tez 199 çağırı mərkəzi ilə əlaqə saxlamışdır ki, gəlib baxsınlar, nə tədbir lazımdırsa görsünlər, hardasa 2 saat filan sonra hansısa nümayəndə gəlmiş, sayğaca baxmiş, nəsə etmişdir. Bundan sonra evlərinin işığı yenidən yanmış və ona bildirmişdir ki, nəzarətçiyə yığıb xəbər etsin və o, da nəzarətçi ilə əlaqə saxlamış, Nicat adlı şəxs gəlmiş, sayğaca baxmış, baş verənləri soruşmuş, sonra da getmişdir. Qeyd edir ki, həmin zənglərin tarixçələrini telefonundan çıxardaraq ərizəsinə əlavə etmişdir. Daha sonra 11 may 2024-cü il tarixdə cavabdehin əməkdaşları onun evinə gəliblər və o, evdə olmasa da, evdəki ailə üzvlərindən biri onlar gələndə evdə olub, yenə də nəsə yazıb pozub gediblər, bundan sonra ona məlum olub ki, onlar həmin günü sayğacının yoxlamasını həyata keçirərəkən sayğaca müdaxilə olunduğunu yazaraq həmin vəziyyəti aktlaşdırmışlar, hansı ki, sayğacın yanması, 199, nəzarətçinin gəlməsi və s. barədə bir söz belə olsun yazmayıblar, həmin vəziyyəti aktlaşdırmayıblar. Sayğacın da hansı formada yoxlanılıb, hansı meyarlara əsasən bu qədər cərimə yazılıb heç bir məlumatı da yoxdur. Yuxarıda da qeyd etdiyi kimi hansısa formada onun sayğacı ilə bağlı akt tərtib edilmiş və ona 2064,59 manat məbləğində cərimə hesablanmışdır. Heç həmin aktın da surəti ona təqdim olunmamışdır, bu barədə məlumatı şifahi şəkildə əldə etmişdir. Abonentin saldosundan da göründüyü kimi akt üzrə hesablanmış işıq cərimə borcu 2064,59 manat təşkil edir. Ən əsas da məhkəmənin nəzərinə onu çatdırmaq istəyir ki, sayğac daima evdən kənarda yerləşib, hər kəsin müdaxilə edə biləcəyi bir yerdə və şəraitdə quraşdırılıb, onun gecə-gündüz həmin sayğaca nəzarət edə bilmə imkanı da yoxdur. Sayğac nə üçün yanıb, nə üçün bu akt yazılıb heç bir təsəvvürü və məlumatı yoxdur. Nə üçün o, belə olan halda qanunsuz akt, cərimə və borca görə bu gün əziyyət çəkməli və məsuliyyət daşımalıdır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sayğacın tüstülədiyini görüb, İşıq idarəsinə müraciət etmişdir. İdarənin əməkdaıları onun yaşadığı mənzilə gələrək sayğacı söküb aparmış və elektrik enerjisini birbaşa şəbəkəyə qoşmuşdur. Daha sonra isə sayğaca guya müdaxilə etdiyi üçün ona cərimə yazılmışdır. Qeyd edir ki, mübahisəli mənzil ev həyət evidir və atasının adınadır. Sayğac həyətdən kənardadır. Sayğacın yanması, idarənin işçiləri tərəfindən onun mənzilinin birbaşa şəbəkəyə qoşulması onun günahı deyil. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, məhkəməyə təqdim etdiyi aktlarda iddiaçıya 2047 manat cərimə yazıldığı müəyyən olunur. 660 manat borc Azərişıq ASC tərəfindən protokol əsasında silinmişdir. Sayğacın sərfiyyatı xx.xx.2022-ci ildən sonra düşmüşdür. Ola bilər ki, azalma abonentin də elə bu vaxt sayğaca müdaxilə etməsi ilə əlaqədardır. Sayğac dəyişdirildikdən sonra əvvəlki sərfiyyatına qayıtmışdır. İşıq sərfiyyatının hesablanması 200 kilovata qədər 8 qəpikdir. Lakin qeyd edilən işdə sərfiyyat çox olduğu üçün 13 qəpikdən hesablanmışdır. Bildirir ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac yanmışdır. Bununla bağlı video çəkiliş vardır. Lakin, sözügedən ərazidə yanan başqa sayğaclar da olması səbəbilə videolar çoxdur və bu iş üzrə videonu tapın məhkəməyə təqdim edə bilmir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan qeydiyyat vəqisəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 33B X2 adına qeydə alınmışdır. İş materiallarında olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 33B ünvanında sayğacın yandığı, işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu halı aşkar edilmiş, bununla əlaqədar həmin ünvana 2047.06 manat cərimə hesablanmış, həmin cərimənin hesablanması üçün əsas 002006 nömrəli xx.xx.2024-cü il tarixli aktdır. İş materiallarında olan 002006 nömrəli xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 33B ünvanında sayğacın yandığı, işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu halı aşkar edilmişdir. İş materiallarında olan abunə haqqında invoisdən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 33B ünvanında quraşdırılmış sayğaca əsasən 1386.29 manat borc yaranmışdır. İşdə olan Azərbaycan Respublikasinin Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialının İddiaçı ünvanladığı 13 iyun 2024-cü il tarixli məktubundan görünür ki, fərdi yaşayış evi "xxxx" ASC-nin kompüter məlumat bazasında **********00229 abonent kodu ilə qeydiyyata alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evinin hasarının çöl divarında quraşdırılmış elektrik hesabat sayğacının (bundan sonra -sayğac) yanması barədə "xxxx" ASC-nin qaynar xəttinə məlumat verilmişdir. Məlumat əsasında Sumqayıt RETSİ-nin əməkdaşları tərəfindən fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilmiş və sayğacın yanması səbəbindən fərdi yaşayış evi birbaşa şəbəkəyə qoşulmuşdur. Bundan sonra "xxxx" ASC-nin Nəzarət İdarəsi Satışa Nəzarət Şöbəsinin nümayəndələri tərəfındən sayğaca yenidən baxış keçirilmiş, elektrik sayğacının yanması və fərdi yaşayış evinin birbaşa şəbəkəyə qoşulması barədə xx.xx.2024-cü il tarixli, NİM 002006 nömrəli akt tərtib edilmiş, sayğacın yenisi ilə əvəz edilməsi tələbi qoyulmuşdur. xx.xx.2024-cü il tarixində sayğac yenisi ilə əvəz edilmişdir. Tərtib edilmiş akt əsasında "xxxx" ASC tərəfindən 280 gün müddəti üçün yenidən hesablaşma aparılmış və abonent hesabınıza dəyəri 2047,06 manat olmaqla 16226 kVts elektrik enerjisi sərfiyyatı daxil edilmişdir. Halbuki, abonent haqqında cədvəlin təhlili zamanı məlum olmuşdur ki, enerjitəchizatı müəssisəsi tərəfindən sayğacın göstərişi hər ay mütəmadi olaraq oxunmuş, təqdim edilən bildirişlərə əsasən istehlak edilmiş elektrik enerjisinin dəyəri ödənilmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarf’nın (bundan sonra - Qaydalar) 5.3.2-ci yarımbəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi kabellə daxil olduqda binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında qəbul edilir. Yaşayış binalarının, yaxud yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənziilərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Yuxarıda qeyd edilənləri və enerjitəchizatı müəssisəsi tərəfindən sayğacın göstərişinin hər ay oxunaraq abonentə ödəniş sənədinin təqdim edildiyini nəzərə alaraq akta görə aparılmış hesabata Qaydaların tələblərinə əsasən yenidən baxılması məqsədilə "xxxx" ASC-yə məktub ünvanlanmışdır. "xxxx" ASC-nin cavab məktubunda aktın hesabatına baxılaraq 660.77 manat məbləğinin silindiyi qeyd edilmişdir. Bu hal abunə haqqında cədvəldə öz əksini tapmışdır. Akta görə hesablanmış borc məbləğindən qalan hissəsi ilə bağlı "xxxx" ASC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 33B İddiaçı istifadəsindədir. Həmin ünvan "xxxx" ASC-də ünvan 3mışdır. "xxxx" ASC-nin əməkdaşları iddiaçıya məxsus evdə yoxlama aparan zamanı iddiaçının fərdi yaşayış evinin elektrik sayğacının yandığını, işlədicilərin şəbəkəyə birbaşa qoşulduğunu müəyyən edərək 002006 nömrəli xx.xx.2024-cü il tarixli akt tərtib etmişdir. Həmin akta əsasən iddiaçıya 2047 manat borc hesablanmışdır. İddiaçı ərizəsində həmin məbləği 2064.59 manat məbləğində qeyd edərək, həmin məbləğdə borcun silinməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borcun 660,77 manat hissəsi cavabdeh "xxxx" ASC tərəfindən silinmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Belə ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 7.6-cı bəndinə görə. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.7-ci bəndinə görə bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. Həmin Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq abonent istifadə etdiyi elektrik enerjisərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi, yəni iş üzrə cavabdeh olan "xxxx" İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan işıq sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı işıq sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini, bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən, yəni sayğacın yanmasında, işlədicilərin şəbəkəyə birbaşa qoşulmasında təqsirinin olmasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, iddiaçıya 002006 nömrəli xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 2047 manat borcun 660,77 manat hissəsi "xxxx" ASC tərəfindən silindiyindən, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 33B (ünvan 4 ünvanına əsassız olaraq hesablanmış 1386,29 (2047-660.77) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 33B (ünvan 4 ünvanına (abonent kodu: **********00229) hesablanmış 1386,29 (bir min üç yüz səksən altı manat iyirmi doqquz qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar