Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4090/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə hesablanmış 955.61 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 690 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat tərəfindən elektrik enerjisindən istifadəyə görə borc hesablanmışdır. O, cavabdeh tərəfindən hesablanmış borcla razılaşmır və tələb olunan məbləği əsassız hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, Abonentin "xxxx" ASC dövründə yaranmış 690 manat məbləğdə borcu dondurulmuşdur. Halhazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə də qeyd edilmir. Lakin, abonentlərə borcun olubolmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borc ödənilməlidir. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Mənzilin xx.xx.2023-cü il tarixə istehlak olunmuş enerjinin dəyərinə görə borcu yoxdur. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, abonent kodu **********01493 olan ünvanda 690 manat borc mövcuddur. Həmin məbləğ dondurulmuş borcdur. - "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, **********01493 saylı kod elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin məlumat bazasında xx.xx.2000-ci il tarixdən İddiaçı adı ilə abonent qeydiyyatındadır. Mənzilə xx.xx.2008-cı ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. Abonentin "xxxx" ASC dövründə yaranmış 690 manat məbləğdə borcu dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə də qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borc ödənilməlidir. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Mənzilin xx.xx.2023-cü il tarixə istehlak olunmuş enerjinin dəyərinə görə borcu yoxdur. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 52 saylı evin 13 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. - ******* №-li, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 (X1 adından etibarnamə əsasında hərəkət edərək) Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 52 saylı evin 13 saylı mənzilini İddiaçı 18480 manata satmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 9cu mikrorayonda yerləşən 52 saylı evin 13 saylı mənzilinə aid abonent koduna "xxxx" ASC dövründə yaranmış 690 manat məbləğdə borcu vardır. Həmin məbləğ dondurulmuş borcdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə də qeyd edilmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, qeyri müəyyən hesablanmış 690 manat borc silinməlidır. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan uzun müddət tələb etmədən onun abonent kartında saxlanılması vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, abonent kodu **********01493 olan ünvana hesablanmış 690 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 52 saylı evin 13 saylı mənzili üzrə qeydiyyata alınmış **********01493 saylı abonent koduna hesablanmış 690 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4090/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4090/2023
18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver