Məhkəmə qərarları › İş №2(060)-4096/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4096/2023

06.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4096/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Maraqlı şəxs nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsna qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 08 may 2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1983-cü il tarixdə anadan olmuş, hazırda Sumqayıt şəhəri, yataqxana 7, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hatəm Allahverdiyev küçəsində yerləşən fərdi evdə yaşayır. 09 iyul 2004-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 08 may 2005-ci il təvəllüdlü X7 anadan olmuşdur. Birinci dərəcəli əlildir. Kvadroplegik spastik serebral iflic, anadangəlmə serebral iflic diaqnozu qoyulmuşdur. Əlilliyi müddətsiz təyin olunmuşdur. Əmək qabiliyyətsizdir. Daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Çünki onun xəstəliyinin irəliləməsi və müstəqil şəkildə öz hərəkətlərini idarə edə bilməməsi bir sıra hüquqlarının realizə edilməsinə mane olur. Ərizəçi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixdə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxsn nümayəndəsi X10 yekun qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsi X6 izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ seriyalı, 638977 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 08 may 2005-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X1, anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2005-ci ilin iyul ayının 13-cü günündə 2426 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 013886 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X12 arasında Sumqayıt Şəhəri VVADQ şöbəsində 09 iyul 2004-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2004-cü ilin iyul ayının 09-cu günündə 274 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada isə İbrahimova soyadı verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, X5 müddətsiz birinci dərəcəli əlillik verilmişdir. Kvadroplegik spastik serebral iflic, anadangəlmə serebral iflic diaqnozu qoyulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(060)-4096/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olanadək mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 3805 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəydən görünür ki, X4 “ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə” aşkar olunur. X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Baş Səhiyyə Mərkəzi PHŞ-nin 30 nömrəli ambulatoriyanın təqdim etdiyi ambulator xəstənin tibbi kartasından görünür ki, X7 xx.xx.2023-cü il tarixdən “Uşaq serebral iflici, spastik tetraplegik forma. Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə yuxarıda adı göstərilən mərkəzdə qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin xüsusi icraat qaydasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən baxdığı işlərdən biridə 305.1.3-cü maddəsində göstərilən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. 34.2-ci fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır (MPM 305.1.3). 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, Ərizəçi ərizəsi təmin edilərək X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi tərəfindən verilmiş ərizə təmin edilsin. 08 may 2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar