Məhkəmə qərarları › İş №2(060)-4107/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4107/2023

24.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4107/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, anası X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 1555 manat 20 qəpik borcun, eləcə də sayğaca müdaxilə edilməsi səbəbindən müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 64 manat 67 qəpik borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 51, mənzil 96 ünvanında pasport qeydiyyatında olmaqla faktiki ünvan 2 ünvanında yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən qanunsuz olaraq ünvan 2 ünvanına dair 1555 manat 20 qəpik məbləğində borc, eləcə də sayğaca müdaxilə edildiyindən 64 manat 67 qəpik məbləğində pul hesablanmışdır. Cavabdeh borca əsas kimi sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri olduğunu bildirmişdir. Cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassız, qanunsuz və uydurmadır. Belə ki, sözügedən mənzil 11 noyabr 2022-ci il tarixdə KM3016 №-li kirayə müqaviləsi ilə iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı özü hərbçidir. O mənzildə demək olar ki, yaşamamış, cari ilin fevral ayından yaşamağa başlamışdır. Sayğac işləmədiyindən iddiaçının anası tərəfindən cavabdeh təşkilata müraciət edilmiş, sayğac dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Bu yaxınlarda isə əlaqə saxlayaraq yuxarıda qeyd olunan borc məbləğlərinin olduğu bildirilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanına əməkdaşlar tərəfindən baxış keçirilmiş və yerində "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda nöqsan aşkar olunmuşdur. Sayğac Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin 14-2-2/3-5-1835-1 saylı rəyinə əsasən, ******* saylı xx.xx.2023-cü il tarixli aktda sayğacda qeyd olunan nöqsan öz əksini tapmışdır. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı, xx.xx.2023- cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x24x90=12,960m3 x 0,12qəpik=1555,20 manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki,vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, sayğaca onlar tərəfindən heç bir müdaxilə olunmamışdır. Sayğac binanın pilləkən meydançasında yerləşir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Sayğac istismara yararsız kimi qiymətləndirilib. Bu səbəbdən məsuliyyət bilavasitə iddiaçının öz üzərinə düşür. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1997-ci ildə, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, “Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır”. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya 12960 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya xx.xx.2023-cü il tarixli akt əsasında 1555,20 manat borc hesablandığı göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçının ünvanında məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64,67 manat ödənilməlidir. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. İşdə olan 11 noyabr 2022-ci il tarixli, KM3016 №-li satmaq öhdəliyi ilə kirayə müqaviləsinə əsasən ünvan 1 iddiaçıya satmaq öhdəliyi ilə kirayəyə verilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü ci il tarixli akta əsasən iddiaçıya məxsus evin qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış və yenisi ilə əvəz edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 1555,20 manat borcun və sayğacın dəyərinə görə ondan tələb edilən 64,67 manat pulun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 1555,20 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında və sayğacın dəyərinə görə hesablanmış borclar silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik və sayğacın dəyərinə görə ondan tələb edilən 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində borclar silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar