Məhkəmə qərarları › İş №2(060)-411/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-411/2022

21.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-411/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 21 fevral 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun ünvanı olan ünvan 1 ünvanına tərtib edilmiş akt əsasında əsassız hesablanmış 1286,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsində ailəsi ilə birgə yaşayır. 14.04.2018-ci il tarixdə yaşayış sahəsinin hasarından kənarda Smart G-4 İTRON DİAFRAQMA markalı, 1802AZ**********99 nömrəli sayğac quraşdırılmışdır. Həmin vaxtdan da yaşayış sahəsinə verilən təbii qaza görə vaxtaşırı ödənişlər etmişdir. Hər dəfə karta pul yükləyıb sayğaca yükləmişdirlər. Əvvəllər 10 manat yükləyəndə cavabdeh tərəf əsassız olaraq 2 manat borca görə pul tutmuş və bu məbləğ az olduğundan bunu hiss etməmişdirlər. Hazırda bu tutulma 50 faiz tutulduğundan bunun səbəbini araşdırmaq üçün cavabdehin Sumqayıt fılialına getmişdirlər və ona məlum olmuşdur ki, guya 23.04.2018-ci ildə sayğaca vizual müdaxilə aşkar olunmuşdur. Ona görə 6434 kub qaz itkisini hesablayıb ona guya limiti keçdikləri üçün 20 qəpik hesabı ilə 1286,80 manat cərimə hesablanmış və lakin onlara bu barədə heç bir məlumat verilməmişdir. Cavabdeh əsassız olaraq onlara 1286,80 manat borclarının qaldığını və bundan sonra hər karta pul yüklədikcə 50 faiz yüklənəcəyini bildirirlər. O, bu özbaşınalığı biləndən sonra məhkəməyə müraciət etmək üçün cavabdehdən buna dair sənədləri tələb etmişdir. Onlar ərizəyə əlavə etdiyi sənəddən başqa ayrı sənəd verməmişlər. «Qazdan istifadə Qaydaları»na cavabdeh tərəfindən əməl olunmamış, bir istehlakçı kimi onun hüququ pozulmuşdur. Həmin Qaydalara əməl olunmadığı üçün sayğaca müdaxilə etmədiklərini və hüquqlarının pozularaq əsassız və qanunsuz olaraq onlardan pul tələb olunmasını nəzərə alıb hesab edir ki, o, həmin ödənişi etməməlidir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sayğac iddiaçıya məxsus evin hasarından kənarda quraşdırılmışdır. İddiaçı oğunun həmin sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi yoxdur, əksinə sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi «Azəriqaz» İB daşıyır. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etirazın əsasları ilə razı deyil. Həm iddianın əsassız olması halları, həm də iddia müddətinin tətbiqi ilə bağlı normalar eyni ərizədə qeyd edilə bilməz. Hesab edir ki, iddia tələbi tam əsaslıdır. Vəkil qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) iş üzrə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh «Azəriqaz» İB 21.02.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi ilə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlasa da, məhkəmə həmin etirazı qəbul etməmişdir. Belə ki, məhkəmə hazırlıq iclası dəfələrlə təxirə salınmış, cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclaslarında iştirak etmiş, lakin mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə etiraz təqdim etməmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 23.04.2018-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Asfalt zavod ərazisi, ev 0, 192 saylı fərdi yaşayış ünvanında İddiaçı adına açılmış "sayğacın sərfiyyatı qeydə almaması” qeyd edilmişdir. İş materialında olan «Azəriqaz» İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 23.04.2018-ci il tarixli, ******* akta əsasən tərtib edilmiş 25.04.2018ci il tarixli hesabatdan görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Asfalt zavod ərazisi, ev 0, mənzil 192 saylı fərdi yaşayış ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 6434m 3 (1286,80 manat) müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Asfalt zavod ərazisi, ev 0, mənzil 192 saylı fərdi yaşayış ünvanında İddiaçı adına 24.04.2018-ci il tarixdə açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə 1286,80 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Asfalt zavod ərazisi, ev 0, mənzil 192 ünvanında qaz sayğacı evin hasarının çöl hissəsində quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İB-in əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən ünvana quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğaca baxış keçirmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə iddiaçını və onun vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı oğu istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Asfalt zavod ərazisi, ev 0, mənzil 192 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından ona əsassız olaraq hesablanmış 1286,80 manat məbləğində cərimə borcu silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********01920) hesablanmış 1286,80 (bir min iki yüz səksən altı manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar