Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4118/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 28 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB Sumqayıt Qaz İstismar Sahəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı xx.xx.2023-cü il tarixli aktla ona hesablanmış 6220,80 manat borcun abonent hesabından qanunsuz və əsassız olması səbəbindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh kimi Cavabdeh İB Sumqayıt Qaz İstismar Sahəsi əvəzinə Cavabdeh İBnin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, abonent kodu **********08210 olmaqla ünvan 1 ünvanda yerləşən mənzilin sakini və mülkiyyətçisidir. 25 aprel 2023-cü il tarixdə cavabdehin əməkdaşları fərdi evinə gələrək az əvvəl dəyişdiyi sayğaca baxış keçirərək hesab etmişdir ki, qeyri-qanuni qaz xətti vasitəsilə qazdan istifadə etmişdir, halbuki onun ümumiyyətlə sayğaca hər hansı bir müdaxiləsi olmayıb. Cavabdeh hesab etmişdir ki, 360 gün müddətində 24 saat qazdan istifadə artıq etməklə o, 51840 kub metr qaz istifadə etmişdir, 6220,80 manat bir ilə borcu yaranmışdır. Həmin borc ******* saylı xx.xx.2023- cü il tarixli aktla hesablanmışdır. Halbuki, 2022-ci ildə o, cəmi 324 manatlıq qaz istifadə etmişdir, 2023-cü ildə 4 gözlü qaz plitəsi, qızdırıcı radiator peçi və samovar kimi cihazı qeydə alınmışdır. Aylıq 500 manatdan çox sakin olaraq qaz istiladə etməyi mümkünsüzdür. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Qaunun 13.8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10- dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfmdən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. AR NK-nin 80 saylı 12.05.201 1-ci il tarixli qərarı ilə təsdiq cdilmiş “Qazdan istifadə Qaydaları” 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qaz məsrəfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifıkatlaşdırılmış müvafıq qaz sayğacları quraşdırılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının mənzilinə baxış zamanı əsassız olaraq yoxlama təyin edilmədən xx.xx.2023-cü il tarixində akt tərtib olunub. Akta əsasən iddiaçınının guya sayğaca kənar xətt qoşulduğu müəyyən edilib və bunun nəticəsində iddiaçıya cərimə təyin edilib. Tələb edilən məbləğ absuddur. Hesab edir ki, borc əsassız olaraq hesablanıb. Onu da qeyd edir ki, iddiaçının indiyə kimi ödədiyi ən böyük məbləğ 151 manat olub. Belə ki, cavabdeh qurum tərəfindən evə qaz verilməsi dayandırılıb. İddiaçının evində evdə insult xəstəliyindən əziyyət çəkən şəxs və eyni zamanda azyaşlılar var. Bu səbəbdən iddiaçı tərəfindən müəyyən ödənişlər edilib. Bu hal iddiaçının tərtib olunmuş aktla razılaşdığını bildirmir. Hesab edir ki, cavabdeh tərəf iddiaçının mənzilə quraşdırılmış sayğaca kənar xəttin qoşulduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Nümayəndə video-görüntü təqdim edəcəyini bildirsə də, hər hansı görüntü də təqdim etməmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Abunə haqqında saldoya baxanda aydın olur ki, iddiaçı 2022-ci ildə cəmi 560 manat məbləğində ödəniş edib. Sayğaca baxış zamanı sayğacın klapanının bağlı olduğu aydın olub, sayğaca qeyri-qanuni olaraq xətt qoşulub. Bununla əlaqədar akt tərtib edilib. Sayğaca kənar xəttin qoşulması ilə bağlı video görüntülər mövcuddur. Həmin videogörüntünü növbəti iclasda məhkəməyə təqdim edəcəkdir. Əslində qeyd olunan hal iddiaçının özü tərəfindən də etiraf edilib. İddiaçı tərəfindən 2000 manat məbləğində ödəniş edilib. Onu da qeyd edir ki, daxili təlimata əsasən kənar xətt qoşulduğu zaman 360 gün müddətinə hesabat aparılır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 2 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 51840 m3 müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 2 ünvanında İddiaçı adına açılmış məişət qaz sayğacına kənar xətt qoşulduğu qeyd edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 6220.80 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Qaydaların 5.2-ci bəndinə (mübahisəli akt qəbul edilərkən qüvvədə olan redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 6.5-ci bəndinə (mübahisəli akt qəbul edilərkən qüvvədə olan redaksiyada) əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın tərtib edilməsi ilə bağlı videogörüntü və ya qeyd edilən aktın tərtib edilməsində iştirak edən şəxslərin məhkəməyə şahid qismində təqdim edilməsi cavabdehə təklif edilsə də, nə videogörüntü məhkəməyə təqdim edilməmiş, nə də məhkəmə iclasında həmin şəxslərin iştirakı təmin olunmamışdır. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər isə kserosurət olmaqla həmin şəkillərə əsasən iddiaçının mənzilində kənar xətdən istifadə edilib-edilmədiyini müəyyən etmək mümkün deyil. Beləliklə, yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda qazdan kənar xətt vasitəsilə istifadə edildiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Cavabdeh isə mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanına hesablanmış 6220.80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanına (abonent kodu: **********08210) hesablanmış 6220,80 (altı min iki yüz iyirmi manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4118/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4118/2023
28.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver