Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4130/2024 29.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-da yerləşən ona məxsus olan evə, **********00238 saylı abonent koduna akt ilə əsassız olaraq hesablanmış 1849,29 manat cərimə borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, o, illərlə ünvan 1 ünvanında yaşamış, ara-sıra yenə də gedib orada həyat yoldaşı ilə qalır. Qeyd etdiyi ünvana dair elektrik enerjisindən istifadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri vaxtlı vaxtında etmiş və edir də. İllərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir, əməliyyat olunmuş, nitqi də qüsurludur deyə fikrini çox çətin izah edə bilmir. Xərçəng olduğu bir gündən bəri də çox vaxt oğlunun evində qalır, vaxtlı-vaxtında müalicə və müayinəsini, qulluğunu o edir deyə. Xəstəliyi ilə bağlı sənədləri də ərizəsin qoşma etmişdir. 10 may 2024-cü il tarixdə bir də görmüşdür ki, sayğacı tüstüləyir, tez 199 çağırı mərkəzi ilə əlaqə saxladı ki, gəlib baxsınlar, nə tədbir lazımdırsa görsünlər, hardasa 2 saat sonra hansısa nümayəndə gəldi və sayğaca baxdı, nəsə etdilər, evinin işığı yenidən yandı və ona bildirlər ki, nəzarətçiyə yığıb xəbər etsin və o, nəzarətçi ilə əlaqə saxlamışdır. Nicat adlı şəxs gəldi və sayğaca baxdı, baş verənləri soruşdu, sonra da getdi. Həmin zənglərin tarixçələrini telefonundan çıxardaraq ərizəsinə əlavə etmişdir. Daha sonra 11 may 2024-cü il tarixdə cavabdehin əməkdaşları onun evinə gəldilər və o, fikrini izah etməyə çalışsa da, ona vəziyəti ilə əlaqədar olaraq fikir verən də olmadı, getdilər və 15 may olardı gəlib yeni sayğac quraşdırdılar, heç əvvəlki sayğacına baxmadılar da. Daha sonra onun məlumatı oldu ki, evinə gələndə dediklərinə görə akt tərtib edilib, hansı ki, onların əlində həmin vaxt heç bir kağız və sair sənəd yox idi, heç həmin akt ona təqdim olunmamışdır, bu günə qədər də təqdim olunmayıb. Bundan başqa sayğacı da evdədir, yoxlanılmayıb. Necə yoxlama keçiriblər, nə üçün belə bir akt tərtib edib o qədər cərimə yazıblar bilmir. Yazılmış cərimə belə həddən artıqdır, hansı ki, illərlə o evdə qalsa belə o sərfiyyatın olması ağlabatan deyil. Bu baş verənlər nə idi, nə məqsəd daşıyırdı, başa düşmədi. Çətin də olsa fikrini izah edəcək və əmindir ki, məhkəmə onu dinləyəcək. Yuxarıda da qeyd etdiyi kimi hansısa formada onun sayğacı ilə bağlı akt tərtib edilmiş və ona 1849,29 manat məbləğində cərimə hesablanmışdır. Sayğac daima evdən kənarda yerləşib, hər kəsin müdaxilə edə biləcəyi bir yerdə və şəraitdə quraşdırılıb, onun gecə-gündüz həmin sayğaca nəzarət edə bilmə imkanı da yoxdur. Sayğac nə üçün yanıb, nə üçün bu akt yazılıb heç bir təsəvvürü və məlumatı yoxdur. Nə üçün o, belə olan halda qanunsuz akt, cərimə və borca görə bu gün əziyyət çəkməli və məsuliyyət daşımalıdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tədqiq olunan sübutlar:
5. Abunə haqqında çıxarışdan görünür ki, abonent İddiaçı elektrik enerjisindən istifadəyə görə 1819,46 manat məbləğində akt üzrə yaranmış borc hesablanmışdır.
6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, NİM 002005 nömrəli aktda qeyd olunmuşdur ki, E.E.İ.Q-na uyğun baxış apararkən məlum olmuşdur ki, elektrik sayğacı yanmış, elektrik işlədiciləri şəbəkəyə birbaşa qoşulmuş, ölçmə zamanı xətdən axan yük 3,3 kv.t, qoyuluş gücü en kəsiyinə əsasən 2x10 kv.mm, aliminium Pqoy 11 kv.t təşkil edir.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın:
-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
10. 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu:
19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
12. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 may 2024-cü il tarixdə abonent kodu **********238 olan İddiaçı məxsus ünvan 1 ünvanına xx.xx.2024-cü il tarixli, NİM 002005 nömrəli akt tərtib olunmuş və həmin akta əsasən elektrin enerjisindən istifadəyə görə 1819,46 manat məbləğində borc yazılmışdır.
13. Qeyd edilən aktda elektrik enerjisindən istifadə qaydalarının pozulmasının əsası kimi elektrik sayğacının yandığı, elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulduğu, ölçmə zamanı xətdən axan yük 3,3 kv.t, qoyuluş gücü en kəsiyinə əsasən 2x10 kv.mm, aliminium Pqoy=11 kv.t təşkil etdiyi göstərilmişdir.
14. Beləliklə, cavabdeh elektrik sayğacı yandığı, elektrik işlədiciləri şəbəkəyə birbaşa qoşulduğu qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan elektrik enerjisindn istifadəyə görə 1819,46 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd olunan vəsaitin təkcə sayğacın yandığı dövrdən sonra elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulduğu dövrə görə deyil, həmçinin sayğac yanmamışdan öncə əvvəlki aylarda sərfiyyatın az olduğu dövrlərə görə də hesablandığını bildirmişdir. Beləliklə cavabdeh tərəfindən sərfiyyatın sayğac yanmamışdan öncəki aylarda az olması sayğaca müdaxilə kimi qiymətləndirilmiş və həmin dövrlərə görə də əlavə borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçı sayğac yandığı dövrdən yeni sayğac quraşdırılanadək cavabdeh orqan tərəfindən elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulması ilə əlaqədar sayğacdankənar elektrik enerjisindən istifadə etdiyini bildirmişdir.
16. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya məxsus ünvana quraşdırılmış sayğac yanmamışdan əvvəlki dövrlərə görə hesablanmış borca münasibətdə qeyd edir ki, 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
17. Göründüyü kimi qanunvericiliyin tələbinə görə istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
18. Hazırki işdə də cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə tərtib edilmiş NİM 002005 nömrəli akt əsasında borc hesablanmışdır ki, bununla bağlı tərəflər arasında yaranmış mübahisədə yuxarıda qeyd olunan Qanunun təsir dairəsinə düşür.
19. Beləliklə, məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsirli olması ilə bağlı həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı olmadığından sayğaca müdaxilə halı əsas gətirilərək sayğac yanmamışdan əvvəlki dövrə görə hesablanmış borc istehlakçıdan tələb edə bilməz.
20. Bundan başqa iddiaçı məhkəmədən 1849,29 manat borcun silinməsini xahiş etsə də, cavabdeh tərəfindən ona sayğacda olan qüsurla əlaqədar 1819,46 manat məbləğində borc hesablanmışdır.
21. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan aydın olur ki, sözügedən sayğacın yandığı dövrdən, yəni 10 may 2024-cü il tarixindən yeni sayğac quraşdırıldırıldığı 16 may 2024-cü il tarixədək iddiaçı tərəfindən elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulması ilə əlaqədar sayğacdankənar elektrik enerjisindən istifadə edilmişdir. Bu halı qeyd olunduğu kimi məhkəmə iclasında iddiaçı özü də etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həmin dövrdə elektrik enerjisindən istifadəyə görə borcun hesablanması qanuni olmuşdur.
22. Həmin dövrə görə hesablanmış borcun məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.8-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır.
23. Beləliklə məhkəmə tərəfinfən qeyd edilən normanın tələblərinə uyğun olaraq iddiaçının Abunə haqqında çıxarışında qeyd edilmiş hesablaşma elektrik sayğacının işi pozulduqdan sonrakı dövrün ota günlük sərfi, yəni 09 iyul 2024-cü lil tarixə 30 gün müddətinə istifadə edilmiş elektrik enerjisinin sərfi (36 manat) əsas götürülməklə 6 (altı) gün müddətinə elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulması ilə əlaqədar sayğacdankənar elektrik enerjisindən istifadəyə görə 7,20 manat məbləğində borc hesablanmışdır.
24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, NİM 002005 saylı akt əsasında elektrik enerjisindən istifadəyə görə hesablanmış 1812 (min səkkiz yüz on iki) manat, 26 (iyirmi altı) qəpik məbləğində borc **********238 saylı abunə hesabından silinməlidir.
Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, NİM 002005 saylı akt əsasında elektrik enerjisindən istifadəyə görə hesablanmış 1812 (min səkkiz yüz on iki) manat, 26 (iyirmi altı) qəpik məbləğində borc **********238 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 38 (otuz səkkiz) manat, 12 (on iki) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva