Məhkəmə qərarları › İş №2(060)-4133/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4133/2023

21.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4133/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanına ailə üzvləri ilə birlikdə yaşayır. Bu illər ərzində o yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Belə bir hal heç vaxt baş verməmişdir. Cavabdehin əməkdaşları tərəfindən 27 aprel 2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında ona məxsus olan fərdi yaşayış evinə 1555.20 manat məbləğində borc, sayğacın dəyəri 64.67 manat borc hesablanmışdır. Bu da qanunverciliyin tələbinə ziddir. Cavabdeh təşkilat əsassız olaraq ona məxsus cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır. İstehlakçı olaraq onun hüquqlarının pozulmasıdır. Qeyd edir ki, o və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdeh İB-nin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Sayğacda olan hər hansı bir texniki nasazlığa görə o heç bir məsuliyyət və cavabdehlik daşımır. Cavabdeh təşkilatın belə nəticəyə gəlməsi istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. O sayğac üzrə ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, cərimə kimi ondan tələb olunan borc silinməlidir. Yaşadığı fərdi evin qaz sayğacı evindən kənarda hasarda quraşdırılmışdır. Belə olan halda sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə o məsuliyyət daşımır. Hesab edir ki, bütün bunlar nəzərə alınmalıdır. Cərimə kimi ondan tələb olunan borc silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 64.67 (altmış dörd manat altmış yeddi qəpik) borcun və akta görə hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) borcun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğacdan evə qaz gəlmirdi. Cavabdeh İB-yə məlumat vermiş və onlardan gəlib baxış keçirmişlər. Müəyyən etmişlər ki, həqiqətən də sayğacdan evə qaz getmir. Birinci dəfə sayğacı dəyişdilər. İkinci dəfə yenə həmin hal baş vermişdir. Yenə sayğacdan evə qaz gəlməmiş, məlumat verikdikdə, üçüncü dəfə qutunun içərisində yeni sayğac gətirib, quraşdırmışlar. Həmin zamandan sayğac işləmişdir. Onlar indi deyirlər ki, sayğaca müdaxilə olunmuş, sayğac qırıq olmuşdur. Onu təhvil verəndə dəfələrlə onlardan soruşmuşdur ki, bir problem yoxdur ? Demişlər ki, heç bir problem yoxdur. Sadəcə sayğac evə qazı buraxmır. Orada sayğacın nömrəsi yazılan vərəqə imza etmiş, başqa heç nəyə imza etməmişdir. Sayğac hasardan çöl hissədə yerləşir. Sayğac üzrə vaxt aşırı ödənişlər olur. Onun borc üzrə heç bir gecikməsi olmamışdır. Sayğacı öz yanında söküb aparmış və yenisini quraşdırmışlar. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Cavabdeh İB tərəfindən verilmiş sayğacın dövlət yoxlamasının bildirişi haqqında məlumatdan görünür ki, ünvanda olan G-4 markalı **********9 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departmentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın gövdəsi ön və arxa hissədə əzildiyindən və hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64.67 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 27 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı, 27 aprel 2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 12960 kubmetr qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 27 aprel 2023-cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir. Sayğacın gövdəsi ön və arxa hissədən əzilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plobmlarının ətrafında əzik-cızıq izləri vardır. Sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00745) ünvan 3 ünvanında xx.xx.2022-ci il tarixdə ZENNER G4T MEXANİKİ tipli, **********4 nömrəli sayğac quraşdırılmışdır. 05/2023-cü il tarixə 13950 kub metr qaz sərfiyyatı olmuş və ilin sonuna 1555.20 manat vəsait hesablanmışdır. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir. Sayğacın gövdəsi ön və arxa hissədən əzilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının ətrafında əzik-cızıq izləri vardır. Sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. 74/5 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı bağçılıq cəmiyyətinin 7 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir. Sayğacın gövdəsi ön və arxa hissədən əzilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının ərafında əzik-cızıq izləri vardır. Sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, abonent saldosuna əsasən 2023cü il tarixə 12960 kub metr qaz sərfiyyatı olmuş və 12960 kub metr qaz sərfiyyatı üçün 27 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən cərimə olaraq 1555.20 manat pul vəsaiti hesablanmışdır. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1555.20 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 27 aprel 2023-cü il tarixli, ******* №-li akta əsasən hesablanmış 1555.20 manat borc abonentin hesabından (abonent kodu **********00745) silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən 35.56 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00745 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 aprel 2023-cü il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə hesablanmış 1555 (bir min beş yüz əlli beş manat) manat 20 (iyirmi) qəpik borc silinsin. Cavabdehndən 35 (otuz beş) manat 56 (əlli altı) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar