Məhkəmə qərarları › İş №2(060)-4135/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4135/2021

22.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4135/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəquluq qızının katibliyi ilə, İddiaçı “İddiaçı” İB-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qına qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : “İddiaçı” İB məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 135 manat məbləğində dəymiş ziyan, yararsız hala salınmış sayğacın dəyəri olaraq 64,67 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 229,67 manat pulun tutularaq “İddiaçı” İB -nə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.05.2017-ci il tarixli, 3/03869 saylı qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdehə məxsus mənzili təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00780 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində G-2,5 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh qazın alqı-satqısı barədə müqavilənin 2.2.5ci bəndinin tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Birliyin əməkdaşları tərəfindən 05.10.2020-ci il tarixdə Cavabdeh mənzilində quraşdırılmış qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. Həmin İdarənin verdiyi MSK-29/1710/-04101-1 nömrəli rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sərfiyyatına görə 135 manat borc və 64,67 manat sayğacın dəyərinin ümumilikdə 199,67 manat məbləğində pul abonentdən tələb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, bildirdi ki, sayğaca onun tərəfindən heç bir müdaxilə edilməyib və bütün borcu ödəmişdir. Ödənişləri etdiyini və borcu olmadığını deyərək, iddia tələbini qəbul etmir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: - 05.04.2021-ci il tarixli abonent saldosundan görünür ki, Cavabdeh ilə “İddiaçı” İB arasında bağlanmış müqaviləyə əsasən Sumqayıt şəhəri, mik-2, ev 69b/27, m.78-ə qaz sayğacı quraşdırılmış, sayğaca əsasən mənzilə qaz xidmətlərinə görə 135 manat məbləğində borc hesablanmışdır. -0280909 saylı təbbi qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, 23.11.2020-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş sayğacların müayinəsi laboratoriyasının rəyinə G2,5 markalı (2008257) qaz sağacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iri zavod qurğuşun plomdan biri kəsilib. -3/03869 saylı, 24.05.2017-ci il tarixli qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, mik-2, ev 69b /27, m.78- -ə “G-2,5” markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır.Həmin müqavilənin 4.3-cü bəndindən görünür ki, həmin mənzildə PQ-4 , ASQ qaz qurğuları mövcuddur Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 3/03869 saylı, 24.05.2017-ci il tarixli qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00780nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-2,5 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Birliyin əməkdaşları tərəfindən 05.10.2020-ci il tarixdə Cavabdeh mənzilində quraşdırılmış qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. Həmin İdarənin verdiyi MSK-29/1710/-04101-1 nömrəli rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sərfiyyatına görə 135 manat borc və 64,67 manat sayğacın dəyərinin ümumilikdə 199,67 manat məbləğində pul abonentdən tələb edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin cavabdehin təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən sayğacın cavabdehin təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 135 manat məbləğində dəymiş ziyan, yararsız hala salınmış sayğacın dəyəri olaraq 64,67 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 229,67 manat pulun tutularaq “İddiaçı” İB -nə ödənilməsi dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar