Məhkəmə qərarları › İş №2(060)-4135/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4135/2023

09.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4135/2023 09.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində cavabdeh orqan "xxxx" ASC-yə rəsmi məktub ilə müraciət edərək xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən ümumi sahəsi 88,20 kv metr olan 45 saylı evin 23 saylı mənzilini aldığını, həmin mənzilin onun xüsusi mülkiyyətində olduğunu, ondan öncəki mülkiyyətçinin abonent kodunun onun adına rəsmiləşdirilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yerli qurumlarına müraciət etməyinə baxmayaraq, əvvəlki abonentin borcu olduğuna görə həmin abonentin borcunun onun adına rəsmiləşdirilmədiyini bildirmiş və mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən ümumi sahəsi 88,20 kv metr olan 45 saylı evin, 23 saylı mənzilinin **********01143 saylı abonent kodunun onun adına rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyə uyğun tədbir görülməsini və bu barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə ona ünvanlanmış məktubda qeyd olunur ki, ünvan 1da yerləşən yaşayış sahəsinin abonent kodunda ad dəyişmə edilməsi ilə bağlı "xxxx" ASC-yə daxil olmuş müraciətə müştəri xidmətləri idarəsində baxılmışdır. "xxxx" ASC-nin elektron məlumat bazasındakı abonent kodunda ad dəyişmə edilməsi Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə” Qaydaları ilə tənzimlənir. Qaydalara uyğun olaraq həmçinin tələblərinə uyğun olaraq "xxxx" ASC ilə “ASAN xidmət”in birgə hazırladığı reqlamentə əsasən müvafiq sənədlər vətəndaş tərəfindən “ASAN Kommunal” mərkəzinə təqdim edilir. Təqdim edilmiş sənədlər Səhmdar Cəmiyyət tərəfindən yoxlanıldıqdan sonra abonent koduna hesablanmış borc olmadığı halda müraciət təmin edilir. Sözügedən ünvana məxsus **********01143 nömrəli abunə kodu üzrə istehlak edilmiş və dəyəri ödənilməmiş elektrik enerjisinin borcunun ödənişi təmin edildikdən sonra, reqlamentə uyğun təqdim ediləcək sənədlər əsasında müraciətə yenidən baxılacaqdır. Cavabdeh orqanın imtinası əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 45, 23 saylı mənzil ərazisində yerləşən ümumi sahəsi 82,20 kv metr olan ərazi onun xüsusi mülkiyyətindədir. Belə ki, mənzilin sahibinin dəyişməsinə baxmayaraq, həmin mənzilə verilmiş abonent kodu yeni istifadəçi olaraq iddiaçının adına dəyişdirilməmişdir. Buna görə də iddiaçı cavabdeh təşkilata müraciət edərək istifadəsində olan mənzilə verilmiş abonent kodunun keçmiş istifadəçinin adından öz adına dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat iddiaçının istifadəsində olan mənzildə elektrik enerjisi borcunun olmasını bəhanə gətirərək abonent kodunda onun adına dəyişdirilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən edilən imtina etimat hüququnun qorunması və formal tələblərdən sui-istifadənin qadağan olunması prinsipinə ziddir. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 45 saylı evin, 23 saylı mənzilində **********01143 saylı abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsinin cavabdeh "xxxx" ASC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC tərəfindən xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 45 saylı evin, 23 saylı mənzilində **********01143 saylı abonent koduna hesablanmış 681,86 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı hazırki məhkəmə prosesinə qədər borcla bağlı müəyyən qədər ödənişlər etdiyi üçün, hazırda 681,86 manat borcu vardır və bu borc sözügedən mənzilin əvvəlki mülkiyyətçisinə məxsusdur. Belə ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********01143 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, ünvan 2 ünvanına sayğac oxunması üzrə 1462,25 manat, aktlar bölməsi üzrə 693,64 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 702,1 manat təşkil edir.

8. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş verilmiş **********01143 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, ünvan 2 ünvanına 681,86 manat borc inteqrasiya dövr borcu olaraq hesablanmışdır.

9. İşin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2022-ci ildən etibarən Sumqayıt şəhəri, 9-cu mikrorayon, köhnə ev 45, 23 saylı mənzildə qeydiyyatdadır.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 45, mənzil 23 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

11. İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş AN-İ № ******* saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ümumi sahəsi 88,2 kv/m olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 45, mənzil 23 X5 tərəfindən İddiaçı 85000 (səksən beş min) manat məbləğinə satılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 45, mənzil 23 İddiaçı mülkiyyətindədir. Həmin ünvana aid elektrik sayğacının abonent kodu X3 məxsusdur. İddiaçıya məlum olmuşdur ki, həmin evə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız borc hesablanmışdır.

13. Həmçinin, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

15. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

17. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

19. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

20. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 45, mənzil 23 ünvanı üzrə "xxxx" ASC-nin elektron məlumat bazasında **********01143 saylı kod üzrə qeydiyyata alınmışdır. Abunə haqqında arayışın bağlanan aktlar bölməsində “inteqrasiya dövr borcu” hissədə 681,86 manat (mənşəyi bilinməyən) borc olduğu qeyd edilmişdir.

21. Məhkəmə qeyd edir ki, 681,86 manat borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz.

22. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1a dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı adına hesablanmış 681,86 (altı yüz səksən bir manat, səksən altı qəpik) manat məbləğində borc **********01143 nömrəli abunə hesabından silinməlidir.

23. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.

24. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

25. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

26. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu ödənilir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

28. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Nəticə hissəsi:

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1a dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı adına hesablanmış 681,86 (altı yüz səksən bir manat, səksən altı qəpik) manat məbləğində borc **********01143 nömrəli abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar