Məhkəmə qərarları › İş №2(060)-4152/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4152/2022

21.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4152/2022 21.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Xızı rayonu, Sitalçay kəndində quraşdırılmış işıq sayğacına müdaxilə edilməsi barədə xx.xx.2018-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Rİ102094, Rİ172261, Rİ186343 saylı aktların ləğv edilməsi və əsassız hesablanmış 1329,58 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qubadlı rayonunda andan olmuşdur. Məcburi köçkün kimi 1998-ci ilə kimi Xızı rayonun Sitalçay kəndində məskunlaşmışdır. Orada məskunlaşdığı ərəfədə bütün kommunal xərcləri vaxtlı-vaxtında ödəmişdir. 1998-ci ildən isə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə köçərək orada məskunlaşmışdır. Ondan sonra Xızı rayonunu Sitalçay kəndindəki evdə Rüfət adlı şəxs məskunlaşmışdır. Lakin "xxxx" ASC-nin aidiyyəti üzrə vəzifəli şəxsləri iddiaçı Sitalçay kəndində yaşamadığı halda, onun adına Sitalçay kəndində qonşusu Rüfətin evinə sayğac və kod quraşdırmış, həmin evdə iddiaçı yaşamadığı halda guya sayğaca qanunsuz müdaxiləyə görə xx.xx.2018-ci il, 29.01,2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Rİ102094, Rİ172261, Rİ186343 nömrəli akt tərtib edilmiş və akt əsasən onu adına sistemə 1329,58 manat əsassız borc hesablanmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, o həmin evə hal-hazırda yaşamır. Borcu heç kim ondan tələb etmir. Lakin, borc onun adına olduğu üçün borcun silinməsini istəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının adı sözügedən aktlarda adı yazılsa da, hal-hazırda həmin evdə yaşamır. İddiaçının həmin evə aidiyyatı olmadığı üçün iddia tələbi də əsassızdır. Çünki hal-hazırda həmin evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Bu səbəbdən iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. 1 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 1097 saylı arayışında iddiaçının ünvan 1 ünvanında yaşadığı göstərilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlarda Xızı rayonu Sitalçay kəndində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar elektrik xətti çəkilərək elektrik enerjisindən istifadə edildiyi qeyd edilmişdir. . İddiaçının abonent kimi qeydə alındığı Xızı rayonu Sitalçay kəndində yerləşən fərdi yaşayış evinin abunə haqqında məlumatından görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində aktlar əsasında həmin evə ümumilikdə 1587,33 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ilk növbədə iddiaçının belə bir iddia ilə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ dedikdə hər kəsin özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə etmək hüququ nəzərdə tutulur. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən edilmiş hallarından görünür ki, Xızı rayonu, Sitalçay kəndi, ev (bina) 0240, mənzil 0186 iddiaçının mülkiyyətində deyil. İddiaçı hal-hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçının öz izahatı ilə də müəyyən edilir ki, onun hal-hazırda Xızı rayonu, Sitalçay kəndində yerləşən fərdi yaşayış evi ilə hər hansı bağlılığı yoxdur. Cavabdehin nümçayəndəsi borcun həmin evin abunə hesabına yazıldığını və yeni yaşayışçının abonent kimi qeydiyyatdan keçmədiyi üçün iddiaçının adında qaldığını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır (8.32). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göründüyü kimi iddiaçı borcun əsassız hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. Lakin cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda iddiaçının əvvəllər yaşadığı evdə sayğacdan kənar elektrik xəttindən istifadə edildiyi göstərilmişdir. İddiaçı qeyd edilən halı inkar edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2018-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Rİ102094, Rİ172261, Rİ186343 saylı aktların ləğv edilməsi və əsassız hesablanmış 1329,58 manat məbləğində borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar