Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4169/2020 03.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh «xxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən elektrik enerjisinə görə hesablanmış 1044,56 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxx” ASC-nin Sumqayıt Şimal RETSİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Abonent saldosuna görə faktiki istifadəsində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, fərdi ev 75 (cavabdeh tərəfindən tərtib edilən aktda ünvan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, B:K000, M:282 kimi göstərilmişdir) ünvanında elektrik enerjisinə görə 1044,56 manat borcunun olduğu müəyyən edilmişdir. Abonent saldosu ilə razılaşmır. Cavabdeh tərəfindən sayğaca müdaxiləyə görə akt tərtib olunmuş, lakin həmin akt ona təqdim olunmamışdır. Qeyd etmişdir ki, tərəfindən sözügedən elektrik sayğacına heç bir müdaxilə edilməmiş və kənar xətdən istifadə edilməmişdir. Tərtib edilmiş aktı imzalamamışdır. Sayğac fərdi evdən kənarda, fərdi evin bayır divarında yerləşir. İstehlakçı kimi elektrik sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. O cümlədən Aktın tərtibində iştirak etməmişdir. Akt cavabdehin nümayəndələri tərəfindən tərtib edilmişdir. Məişətdə istifadə etdiyi elektrik enerjisinin dəyərini mütəmadi olaraq ödəmiş və hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc məbləği əsassız olduğundan silinməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin teteqram vuraraq, bacısı oğlunun yas mərasimində iştirak edəcəyindən, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçınln iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında işrirak edən cavabdeh «xxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək “xxxxxxxx” ASC Şimal RETSİ tərəfindən ona məxsus mənzilə elektrik enerjisindən istifadəyə görə hesablanmış 1044,56 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxxxxxx” ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2019-cu il tarixdə “xxxxxxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, mənzilin sayğacdan kənar xətdən istifadə etməsi, kənar xətti sayğacın giriş faza xəttindən qoşulması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixli, 146550 saylı akt tərtib edilərək 504,65 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır.") tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik (1,2 kvt) və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq, 504,65 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. İddiaçının enerjitəchizatçı təşkilata 1010,56 manat borcu vardır ki, həmin borcun 504,65 hisəssi yuxarda qeyd edilən akt əsasında, 505,91 manat hissəsi isə sayğac əassında yaranmış borcdur. iddiaçı isə ona məxsus mənzilə 1044,56 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasən “İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yönəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir”. Həmçinin iddiaçı qeyd olunan mənzil üzrə elektrik enerjisindən istifadə etməklə "xxxxxxxx” ASC ilə faktiki olaraq elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-in tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncammdakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarma əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Yuxarıda göstərilənləri və ''EEİQ''-nı nəzərə alaraq, İddiaçı “xxxxxxxx” ASC Şimal RETSİ tərəfindən ona məxsus mənzilə elektrik enerjisindən istifadəyə görə hesablanmış 1044,56 manat məbləğində borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2020-ci il tarixli, 2344 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 75 saylı fərdi evdə qeydiyyatsız olaraq yaşayır. İşdə olan xx xxxx 2019-cu il tarixli, 146550 nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (ünvan 30, mənzil 0475) baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, mənzil sayğacdan kənar xətdən istifadə edir. Kənar xətt sayğacın giriş fazasından qoşulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (ünvan 30, mənzil 0475) 1010,56 manat borc hesablanmışdır. Həmin borcun 596,77 manat hissəsi xx.xx.2015-ci il tarixə yaranmışdır. Borcun qalan hissəsi isə xx xxxx 2019-cu il tarixli, 146550 nömrəli aktla əlaqədar yaranmışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində (ünvan 30, mənzil 0475) istifadə edilən elektrik enerjisini qeydə alan sayğac mənzilin çöl hissəsində quraşdırılmışdır. Cavabdeh «xxxxxxxx» ASC-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı sayğacın kənar xətdən istifadə etməsi, kənar xəttin sayğacın giriş fazasından qoşulması aşkar edilmiş, bununla bağlı iddiaçıya borc hesablamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, 146550 nömrəli aktdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində elektrik sayğacından kənar xətdən istifadə etmiş, kənar xətt sayğacın giriş fazasından qoşulmuşdur. Göründüyü kimi məişət abonenti olan İddiaçı hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdir. İddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin akt əsasında iddiaçıya hesablanmış borcun silinməsi üçün heç bir əsas yoxdur. Lakin iş materiallarından görünür ki, İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə elektrik enerjisindən istifadəyə gorə sonuncu dəfə sayğac dəyişdirilməsi xx.xx.2018-ci il tarixdə həyata keçirilmişdır. İddiaçının 596,77 manat məbləğində borcu xx.xx.2015-ci il tarixə qədərki dövrdə yaranmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə hesab edir ki, tələbetmə müddəti keçdiyinə görə cavabdeh tərəfindən iddiaçıya 2015-ci ilin iyul ayına qədər olan dövrə aid elektrik enejisindən istifadə görə hesablanmış 596,77 manatborcun silinməsi hissəsində iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı istifadəsində olan (abonent kodu: **********00475) Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 75 saylı (ünvan 30, mənzil 0475) fərdi yaşayış evinə cavabdeh «xxxxxxxx» ASC tərəfindən hesablanmış 596,77 (beş yüz doxsan altı manat yetmiş yeddi qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4169/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4169/2020
03.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver