Məhkəmə qərarları › İş №2(060)-4173/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4173/2020

30.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4173/2020 30.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin əvvəllərində "qida əlavələrinin satışı" ilə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vaxtı yaxın münasibətdə olduğu və Abşeron rayonunda obyektinin bir hissəsini icarəyə götürüb işlətdiyi Şahin Rzayevdən 30.000 ABŞ dolları borc götürmüş və hər ay ona 3.000 ABŞ dolları pul ödəmişdir. 2018-ci ilin axırlarında artıq onun işində problemlər yaranmağa başlamış, yəni satış getməmişdir. Şahin Rzayev ondan əsassız olaraq pul tələb etməyə başlamış və bildirmişdir ki, 30.000 ABŞ dolları əsas borcu və 20.000 ABŞ dolları da faiz borcu olmaqla, ümumilikdə ona 50.000 ABŞ dolları, manatla 85.000 manat pul borcu vardır. O, etiraz edərək ondan əsassız faiz tələb etdiyini bildirmişdir. X2 razılaşmayıb ona hədə - qorxu və təzyiqlər etməyə başlamışdır. Sonra Şahin ona demişdir ki, borc tapıb pulunu ödəyə bilmirsə, onun Əntiqə adlı tanışı var, həmin şəxs faizə pul götürüb verə bilər, o da borcu qaytarar. Şahin Rzayev 20.000 ABŞ dolları faiz pulu da ondan borc verdiyi pul kimi almaq üçün hər cür qanunsuz yollara əl atırdı. O, da hədə - qorxu və təzyiqlərdən yaxa qurtarmaq üçün onunla razılaşmışdır. Bundan başqa Əntiqə adlı qadın da guya 50.000 ABŞ dolları pulu faizə götürdüyündən 5650 ABŞ dolları faiz pul da hesablanmış, həmin faiz pulu 50.000 ABŞ dollarının üzərinə gəlmişlər, ümumilikdə 55.650 ABŞ dolları, manatla 94.605 manat borc hesablanmışdır. xx xxxx 2019-cu il tarixdə onlar Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinə getmişlər, özləri ilə gətirdikləri 21.000 ABŞ dollarını orada manata dəyişdirmişlər və sonra Cavabdeh ilə aralarında Sumqayıt şəhər 4 saylı notariat ofisində xx xxxxx 2019-cu il tarixədək 35700 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. O, danışdıqları kimi sənədlərin hamısına imza etmiş, lakin ona pul verilməmişdr. Gəlib avtomaşına əyləşəndə Cavabdeh 35.700 manat pulu Şahin Rzayevə vermişdir. Bundan sonra səhərisi günü, yəni xx xxxx 2019-cu il tarixdə Cavabdeh ilə yenidən Sumqayıt şəhər 4 saylı notariat ofisinə gəlmişlər və xx xxxxx 2019-cu il şübhə doğurmasın deyə bir gün əvvəl verilən 35700 manat pulun 32130 manatına ikinci kredit müqaviləsi bağlanmışdır. Üçüncü dəfə isə yenə şübhə doğurmasın deyə səhərisi gün deyil, xx xxxx 2019-cu il tarixdə Cavabdeh ilə aralarında Sumqayıt şəhər 4 saylı notariat ofisində xx.xx.2019-cu il tarixədək 26775 manat məbləğində formal kredit müqaviləsi bağlanmışdır. O, həmin müqavilələri Şahin Rzayev ona təzyiq etdiyinə və hədə-qorxu gəldiyinə görə imzalamağa məcbur olmuşdur. 2019-cu ilin aprel ayının 05-dək bu məbləğdə pulu ödəmək mümkün deyildir. O, Şahin Rzayevin hədə - qorxu və təzyiqlərindən qurtarmaq üçün 2019-cu ilin may ayının axırlarında Rusiya Federasiyasına getmişdir. Sonra Cavabdeh ona qarşı pul tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etməsindən xəbər tutmuşdur. Həmin müqavilələrin aldatma yolu ilə həmçinin də, onun ağır vəziyyətə düşməsi nəticəsində bağlanmasını sübut etmək üçün məhkəmədə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına gələrkən, Azərbaycan Respublikası Dövlət sərhəd keçid məntəqəsində saxlamışlar və Sumqayıt Şəhər Məhkəməsinə gətirmişlər. Həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı ona qarşı aralarında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddiasının təmin olunaraq cavabdeh İddiaçı 94605 manat borc pulun və gecikdirilmiş vaxt üçün illik beş faizin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı ona qarşı iddia qaldıraraq aralarında Sumqayıt şəhəri 4 saylı notariat kontorunada bağlanmış xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun iddia tələbini tamamilə qanunsuz və əsassız hesab edir, ona qarşı öz qarşılıqlı iddiasını irəli sürür. Bildirir ki, o, ilk dəfə, xx.xx.2019-cu il tarixdə cavabdeh İddiaçı ilə Sumqayıt şəhəri 4 saylı notariat ofisində xx.xx.2019-cu il tarixədək 35700 manat məbləğində, növbəti dəfə xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək 32130 manat məbləğində, sonuncu dəfə isə xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək 26775 manat məbləğində kredit müqaviləsi bağlamışlar. Yuxarıda qeyd olunan kredit müqavilələri üzrə cavabdeh İddiaçı öhdəliklərini yerinə yetirməyərək, müqavilə şərtlərində göstərilən tarixlərdə ona olan borcunu ödəməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı izahatında göstərdi ki, ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddianı isə müdafiə edir, qarşılıqlı iddia ərizəsində göstərilənləri izahatı kimi qəbul edilməsini xahiş edir. Əlavə olaraq göstərdi ki, İddiaçı 5-6 ildir ki, tanıyır, birlikdə işləmişlər. O, Şahin adlı şəxsin yanında köməkçi işləmiş, bir dəfə Şahin ondan xahiş etmişdir ki, Mahirə borc pul lazımdır. Ona görə də notariusda Mahirə üç dəfə olmaqla cəmi 94.605 manat məbləğində borc pul vermiş, bununla bağlı qeyd olunan müqavilələr imzalanmışdır. Mahir həmin pulu şəxsən götürmüşdür. Həmin vaxtlar evini satmışdı, ticarətlə məşğul idi, ona görə də xeyli miqdarda pulu var idi. Odur ki, göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili oxşar məzmunlu izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Əlavə olaraq göstərdi ki, qeyd olunan kredit müqavilələri üzrə ödəniş olmamışdır. Eləcə də, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh (borc verən) İddiaçı (borc alan) 35.700 (otuz beş min yeddi yüz) manat məbləğində pul borc verir. “Borc alan” krediti xx.xx.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh (borc verən) İddiaçı (borc alan) 32.130 (otuz iki min bir yüz otuz) manat məbləğində pul borc verir. “Borc alan” krediti xx.xx.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh (borc verən) İddiaçı (borc alan) 26.775 (iyirmi altı min yeddi yüz yetmiş beş) manat məbləğində pul borc verir. “Borc alan” krediti xx.xx.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Məhkəmə ilk öncə qeyd edir ki, göründüyü kimi araşdırılan mülki iş ilkin və qarşılıq iddialardan ibarətdir. İlkin iddia üzrə iddiaçı qeyd olunan kredit müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşin hallarından göründüyü kimi mübahisələndirilən kredit müqavilələri xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə bağlanılmış, ilkin iddia üzrə iddiaçı isə araşdırılan tələblə xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin şərh olunan normalarına istinadən hesab edir ki, müqavilənin etibarsızlığı ilə bağlı hissədə iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir, Odur ki, tələb təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. Məhkəmə hesab edir ki, müddət keçmədiyi halda belə, mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün hüquqi əsasların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Qarşılıqlı iddia tələbini məhkəmə əsaslı hesab edir. Belə ki, müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibəti yaranmış, borclu razılaşdırılmış müddətdə həmin borcdan heç bir ödəniş etməyərək öhdəliyini icra etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin 21-ci fəslində təsbit olunmuş «Öhdəliklərin icrası» və «Borc» müqaviləsi ilə bağlı müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, qarşılıq iddia üzrə iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia təmin edilməli, cəmi 94.605 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borcludan gecikdirilmiş vaxt üçün illik 5% faiz tutulması hissədə tələbi əsaslı hesab edir. Odur ki, ödənilməmiş 94605 manat borc məbləğinə gecikdirilmiş vaxt üçün (18ay müddət üçün) illik 5% hesablanmaqla 7095,37 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 94ş605 manat borc və gecikdirilmiş vaxt üçün illik beş hesablanmaqla 7.095,37 manat iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. MPM-nin 119-cu maddəsinə əsasən ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 94.605 (doxsan dörd min altı yüz beş) manat borc, gecikdirilmiş vaxt üçün illik beş hesablanmaqla 7.095,37 (yeddi min doxsan beş manat otuz yedi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı Cavabdeh xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar