Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-419/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2 və X8 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə, üçüncü şəxslər X4 və X10 qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, şəhadətnamə əsasında verilmiş çıxarışın və qeydiyyatın ləğv edilməsi, mirasın qəbulu faktının tanınması və miras əmlaka vərəsə kimi tam pay hüququnun tanınması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə, üçüncü şəxslər X4 və X10 qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, şəhadətnamə əsasında verilmiş çıxarışın və qeydiyyatın ləğv edilməsi, mirasın qəbulu faktının tanınması və miras əmlaka vərəsə kimi tam pay hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər məhkəməsinə müraciət edərək, 01.01.1985-ci ildə ölmüş Dadaş Hacıağa oğlundan miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə dair Sumqayıt səhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən X2 adına verilmiş 13.12.2020-ci il tarixli, 2v-193 reyestr nömrəli və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə dair X8 adına 30.12.2020ci il tarixli, 2v-208 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, 13.12.2020-ci il tarixli, 2v-193 reyestr nömrəli şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən fərdi yaşayış evinin 1/3 hissəsi üzərində X2 , 2/3 hissəsi isə açıq pay olmaqla hüquqların dövlət qeydiyyatı aparılması barədə 30.12.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, 01.01.1985-ci ildə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində və 0,05094 ha torpaq sahəsində onun mirası qəbulu etməsi faktının tanınması, miras əmlaka- Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə onun vərəsə kimi pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. Valideynləri Teymurov Dadaş Hacıağa oğlu ilə X13 08.01.1940-cı il tarixdə nikaha daxil olmuşlar. Anası - X13 1981-ci ildə, atası-Teymurov Dadaş Hacıağa oğlu 01.01.1985-ci ildə ölmüşdür. Valideynləri ölən günə kimi iddiaçı miras əmlak olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evdə yaşamışdır. Atası miras qoyan Dadaş Hacıağa oğlu öldükdən sonra da iddiaçı 1990-ci ilə kimi miras əmlak olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evdə yaşamışdır. İddiaçının göstərilən mənzildə yaşamasını yaxın qohumları təsdiq edə bilərlər. Bu barədə işə əlavə edilən Sumqayıt şəhər icra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin arayışı da bu faktı təsdiq edir. Üçüncü şəxs X11 iddiaçının məhrum qardaşı X5 həyat yoldaşıdır. Atasının ölümündən sonra mərhum qardaşı miras əmlaka evi olmadığı üçün iddiaçının icazəsi ilə buraxılmışdır. İddiaçının mərhum qardaşı 07 avqust 1991 -ci ildə Qlıcova (Hacıyeva) Zeynəb Xanalı qızı ilə ikinci dəfə ailə həyatı qurmuş və evə iddiaçının şifahi icazəsi əsasında köçərək X14 ilə birlikdə orada yaşamışdır. X14 1985-ci il tarixdə atası öləndən sonra mirasa sahiblik etməmiş, miras həmin vaxtlar iddiaçı tərəfindən faktiki qəbul edilmişdir. Sonradan o mərhum qardaşının ailəsinin sərbəst yaşaması üçün miras əmlakı müvəqqəti olaraq tərk etmişdir. Onlar isə orada yaşamışlar. Lakin, iddiaçı və adlarına vərəsəlik şəhadətnamələri verilmiş bacıları miras əmlakda atalarına daimi sağlığında baş çəkmişlər. 12 noyabr 2014-cü il tarixdə qardaşları öldükdən sonra Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində ancaq X11 yaşamış və onları miras əmlaka buraxmaqdan imtina etmişdir. İddiaçının qardaşı Hacıağa Hacıyev ölən günə 2014-cü ilə kimi o və bacıları ata evi olan miras əmlaka gəlib-getmişlər. İddiaçının mərhum qardaşı Hacıağa Hacıyev sağlığında ata evinin bütün vərəsələrin adına sənədləşdirilməsinə maddi imkanı olmadığını bidirərək bir müddət gözləmələrini xahiş etmişdir. 12 noyabr 2014-cü il tarixdə qardaşı öldükdən sonra üçüncü şəxs X11 ilə iddiaçı arasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin miras əmlak kimi bölünməsi ilə əlaqədar mübahisə düşdüyündən o, iddiaçını və bacılarını ata evinə buraxmaqdan imtina etmiş və Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərini (texniki pasportu və s) götürərək gizlətmişdir. Məhz bu səbəbdən yəni 12 noyabr 2014-cü il tarixdə qardaşı öldükdən sonra Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərini (texniki pasportu və s) əldə etmək üçün iddiaçı məcbur olub dəfələrlə məhkəmələrə əmlakın atasına məxsus olması barədə müraciətlər etmişdir. İddia ərizəsinə əlavə olunan Məhkəmə qətnamələri ilə də müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05094 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Dadaş Hacıağa oğlunun adına 18 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bu tarixə kimi miras əmlakın hüquqmüəyyənedici sənədləri onlardan oğurlandığı üçün miras əmlaka hüquqları həyata keçirə bilmədikləri üçün məcbur olub məhkəmələrə müraciət etmişlər. Həmin vaxtlarda onlar vərəsələr Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi olan miras əmlakın hansı hüquqda mərhum atalarına məxsus olmasından da xəbərsiz olmuşlar. Üçüncü şəxs qardaşları öləndən sonra onların miras əmlaka vərəsə olması ilə bağlı aralarında iddiaçı və bacısı ilə mübahisə yaradaraq daimi olaraq ata evini miras kimi qəbul etməkdə manelər yaratmışdır. Eyni vaxtda fərdi yaşayış evinin ancaq sənədi texniki pasport olmuşdur ki, həmin vaxt qüvvədə olan qanuvericiliyə əsasən texniki pasportlar hüquqmüəyyənedici sənədlər hesab olunmurdu və bu sənədlər əsasında vərəsəliyin qəbul edilməsi mümkün deyildi. Buna görədə iddiaçı fərdi yaşayış evinin atasının adına qeydiyyata alınması üçün məhkəmələrə müraciət etmişdir. Sonda da atasının evini qeydiyyata aldırdıqdan sonra vərəsəliyin notariatda qəbulu üçün müraciət etmişdir. Göstərilən səbəblərdən mirası vaxtında qəbul edə bilmək üçün real imkanları olmamışdır. Miras əmlak hüquqi cəhətdən 2017-ci ildə miras əmlak kimi qeydiyyata alınmışdır. Nə atası ölən vaxt 1985-ci ildə, nə də qardaşı ölən vaxt 2014-cü ildə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmamışdır ki, onlar da vərəsələr kimi ata evini miras aktivi kimi qəbul edə bilsinlər. Bu səbəblərdən də nə onlar 1-ci növbə vərəsələr, nə də mərhum qardaşı 2014-cü ilə mirası qəbul etmək üçün notariat orqanına müraciət edə bilməmişlər. Müraciət etmiş olsalarda notarius fərdi yaşayış evinin və torpaq sahəsinin həmin vaxt üçün hüquqmüəyyənedici sənədlərinin olmaması səbəbi ilə vərəsəliyi sənədləşdirməkdən imtina edəcəkdi. Bu baxımdan da onların mirası vaxtında qəbul etməmələri üzürlü səbəblərdən olmuşdur. Bu səbəbdən də Sumqayıt şəhəri 3 saylı notariat kontoru tərəfindən verilmiş 24 oktyabr 2017-ci il tarixli vərəsəliyin yaranması üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 01.01.1985-ci ildə ölmüş Dadaş Hacıağa oğlunun vərəsəsi İddiaçı, miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05094 ha torpaq sahəsinin 1/5 hissədə, Sumqayıt şəhəri 3 saylı notariat kontoru tərəfindən verilmiş 24 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Əzizə Dadaş qızına mirasın 1/5 hissəsinə, X9 miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05094 ha torpaq sahəsinin 1/5 hissəsinə 24 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Dadaş Hacıağa oğlunun vərəsəsi Firuzə Dadaş qızına vərəsəlik şəhadətnaməsi verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 2(060)-12854/2015 saylı qətnaməsinin surətindən də görünür ki, İddiaçı hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evin İddiaçı mərhum atası Dadaş Hacıağa oğluna məxsus olması faktı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bu gündə qüvvədədir. Ali Məhkəmə isə tərəflər arasında mübahisə ilə əlaqədar son qərarında mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilən müddətin keçməsi səbəblərinin üzürlü hesab edilməsi üçün məhkəməyə müraciət edilib-edilməməsini, həmin müddətin məhkəmə tərəfindən uzadılıb- uzadılmamasını və s araşdırmağı zəruri saymışdır. Bu halların notariat orqanı tərəfindən araşdırılmaması və ya bu hallara məhkəmələrin qiymət verməli olması baxımından Ali Məhkəmə Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır. Ancaq göstərilən hallar müəyyən edilmədən Ali məhkəmənin qətnaməsi əsasında Sumqayıt şəhər 3 saylı Notariat Ofisi üçüncü şəxs X4, X10, X6 miras əmlakın 1/3 hissəsinə pay hüququ ilə qanunauyğun olmayan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Hansı ki, 01.01.1985-ci ildə ölmüş Dadaş Hacıağa oğlunun 1-ci növbə vərəsələri miras qoyan öldüyü gündə onlar olmuşlar. Mirasın açılma vaxtı bu tarixdən götürülməlidir. Həmin tarixdə isə yəni mirasın açıldığı vaxt mərhum qardaşı Hacıağa Hacıyev və hazırda adlarına vərəsəlik şəhadətnamələri verilmiş şəxslər miras əmlakda yaşamamışlar. Onlar 1985-ci il tarixdə atası Dadaş Hacıağa oğlu öləndən-miras açılandan 4 il sonra 1990-cı ildə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə köçmüşlər. İddiaçının mərhum qardaşı Hacıağa Hacıyevin 12 noyabr 2014-cü il tarixdə vəfat etməsi mirasın açılması günü kimi qəbul edilməməlidir. Mirasın açılma vaxtı- 01.01. 1985-ci il tarixdən hesablanmalıdır. Notariat ofisi isə miras qoyanı yanlış olaraq Hacıağa Hacıyev kimi qəbul etmişdir. Notariat ofisi bu halları nəzərə almayaraq və davam edən mübahisənin mahiyyətini dərk etmədən qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Bunun əsasında isə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestyri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinə və topaq sahəsinə düzgün olmayan mülkiyyət hüququna dair qeydiyyat aparılaraq çıxarışlar verilmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iddianın əsassız olduğunu və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh Sumqayıt şəhəri 3 saylı Notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işlərin sıxlığını nəzərə alaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında, üçüncü şəxs X11 izahatında göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin sahibi qaynatası Dadaş Hacıağa oğlu olmuş və qaynatası 01 yanvar 1985-ci ildə ölmüşdür. Dadaş Hacıağa oğlunun ölümündən sonra, onun həyat yoldaşı X14 vərəsəliyi faktiki olaraq qəbul etmiş və ölən günə kimi həmin evdə yaşamışdır. Həyat yoldaşı Hacıağa Hacıyev 12 noyabr 2014-cü ildə ölmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, mərhum qaynatası hər bir övladına sağlığında yaşayış evi vermiş və bu evi də onun həyat yoldaşına verdiyi üçün ölən günə kimi o həmin evdə yaşamış, ev onların idarəsi altında olmuş, kommunal xidmət haqlarını özləri ödəmişlər. İddiaçı isə atası öləndən sonra heç vaxt miras əmlak olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində yaşamamış, onun özünün ayrıca yaşayış sahəsi olmuşdur. Ona görə də onların adına verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsinə heç bir qanuni əsas yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X17 da izahatında iddiaçının heç vaxt Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində yaşamadığını, onun özünün ayıca yaşayış sahəsinin olduğunu bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində bildirdi ki, iddiaçı ilə uşaqlıqdan bir yerdə böyümüş, bir məhəllədə yaşamış və birlikdə qoyun otarmışlar. Həmin vaxt iddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində yaşamışdır. Lakin iddiaçının atası Dadaş Hacıağa oğlunun 01 yanvar 1985-ci ildə ölməsindən sonra iddiaçının həmin evdə yaşayıb-yaşamamasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, iddiaçı ilə uşaqlıqdan bir yerdə böyümüş və eyni məhəllədə yaşamışlar. Həmin vaxtlar iddiaçının Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində yaşadığını bilsə də, iddiaçının atası Dadaş Hacıağa oğlunun 01 yanvar 1985-ci ildə ölməsindən sonra iddiaçının həmin evdə yaşayıb-yaşamaması barədə heç bir məlumatı yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçının atası Dadaş Hacıağa oğlu 01 yanvar 1985-ci ildə ölmüşdür. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(105)-2507/2018 saylı qətnaməsinin surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(060)-2551/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh X4 qarşı mənzilə köçürülmə tələbinə dair ilk və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh X4 qarşı mənzilə köçürülmə tələbinə dair iddiaları təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə dair Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontoru tərəfindən İddiaçı, Firuzə Dadaş qızının, Muxtarova Sədəf Dadaş qızının və Əzizə Dadaş qızının adlarına 24 oktyabr 2017-ci il tarixdə verilərək müvafiq olaraq 2v-239, 2v-240, 2v-241 və 2v-242 sayla reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş və həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsi tərəfindən İddiaçı, Firuzə Dadaş qızının, Muxtarova Sədəf Dadaş qızının və Əzizə Dadaş qızının adlarına verilmiş 26 oktyabr 2017-ci il tarixli çıxarış ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2(102)-313/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(105)-2507/2018 saylı qətnaməsində məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinad edərək, hesab etmişdir ki, vərəsəliklə bağlı hüquq münasibətləri 1985-ci ildə əmələ gəldiyindən, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş, yəni Azərbaycan SSR-nin 1964-ci il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Azərbaycan SSR-nin 1964-ci il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar(o cümlədən övladlığa götürülənlər), ər(arvad) və ölənin valideynləri(övladlığa götürənləri) birinci növbəli vərəsələri hesab olunurlar. Həmin məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsində həmçinin göstərilmişdir ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, miras qoyan Dadaş Hacıağa oğlu 1985-ci ildə vəfat edərkən qanun üzrə vərəsələrindən olan İddiaçı miras əmlak olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində yaşamamış, Sumqayıt şəhəri, 9-cu məhəllə, Puşkin küçəsi 10 saylı evin, 10 saylı mənzilində yaşamış, digər vərəsələrdən Muxtarova Sədəf Dadaş qızı 1962-ci il ildə ailə quraraq mübahisəli evdən köçmüş, ərinin evində yaşamış, 1974-cü ildən isə Bakı şəhərində yaşayır, Əzizə Dadaş qızı 1972-ci ildə ailə quraraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evindən köçmüş, ərinin evində yaşamışdır, Firuzə Dadaş qızı da 1973-cü ildə ailə quraraq mübahisəli evdən köçmüş, ərinin evində yaşamışdır. Göründüyü kimi qeyd edilən şəxslər mirası faktiki qəbul etməmiş, qanunla müəyyən edilmiş müddət ərzində də mirasın qəbulu üçün müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, hazırki iddia tələbi üzrə iddiaçının 01.01.1985-ci ildə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evində və 0,05094 ha torpaq sahəsində mirası qəbul etməsi faktının tanınması məsələsinə qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(105)- 2507/2018 saylı qətnaməsi ilə qiymət verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 216-220, 191, 261 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə, üçüncü şəxslər X4 və X10 qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, şəhadətnamə əsasında verilmiş çıxarışın və qeydiyyatın ləğv edilməsi, mirasın qəbulu faktının tanınması və miras əmlaka vərəsə kimi tam pay hüququnun tanınması» tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-419/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-419/2022
21.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver