Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4194/2023 08.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 30 saylı evin 36 saylı mənzili AR ƏMDK yanında DƏDRX-nin ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışı ilə iddiaçının mülkiyyətində və istifadəsindədir. Həmin evə quraşdırılmış elektrik sayğacına dair **********01261 nömrəli abonent kodu iddiaçının adına qeydiyyata alınmışdır. Heç vaxt kommunal ödənişləri ilə bağlı problem yaranmamışdır. Belə ki, iddiaçıya məxsus olan mənzilə cavabdeh "Azərişıq” ASC tərəfindən 1335,69 manat məbləğində borc hesablanmışdır. İddiaçı bununla bağlı cavabdeh "Azərişıq” ASC-yə müraciət etmişdir. Ordan iddiaçıya şifahi şəkildə bildirilmişdir ki, həmin borcun 676,25 manatı köhnə borc olduğundan metodiki hesablanmışdır. Həmçinin, sayğacın sərfiyyat göstəriciləri limitdən artıq sərf olunduğunu göstərdiyindən müəyyən məbləğdə borc yaranmışdır. İddiaçı cavabdeh təşkilata etirazını bildirərək əsassız olaraq hesablanmış borcun silinməsini tələb etsə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.. Bundan başqa, cavabdeh təşkilatın əməkdaşları tərəfindən istifadə olan sayğac 2022-ci il tarixdə yenisi ilə əvəzlənmişdir. Yeni sayğac quraşdırıldıqdan sayğacdan əvvəlki sərfiyyat göstəricilərindən kəskin şəkildə yuxarı olması ilə fərqlənir. İş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, 2021-2023-cü il dövrlər zamanı sayğacın enerji sərfiyyatı kəskin artmaqdadır. Belə ki, sayğac binanın blokunda hündür məsafədə quraşdırılmışdır. Nə iddiaçı, nə də ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını tapdalıyır. Bu borc reallığı əks etdirmir. Yaranmış həmin borcu qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 30 saylı evin 36 saylı mənzilə dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1335,69 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı tərəfindən sonuncu ödəniş 06 dekabr 2022-ci il tarixində həyata keçirilmişdir. Hazırda iddiaçının 1100,82 manat məbləğində sayğac borcu vardır. Həmin borcun 496,71 manatı "xxxx" ASC-nin dövründən qalan borc məbləğidir. Sözügedən borcla bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Qalan 604,11 manat borc isə 2022-ci ilin yanvar və 2023-cü ilin iyul aylarını əhatə edir. Belə ki, o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 67,8 m2 olan ünvan 2 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 184 saylı reyestr kitabının 02 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
7. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********01261 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, ünvan 1 ünvanına sayğac oxunması üzrə 1444,25 manat, aktlar bölməsi üzrə 693,14 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 1081,88 manat təşkil edir.
8. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********01261 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, ünvan 1 ünvanına 496,71 manat “inteqrasiya dövrü borcu” hesablanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanı İddiaçı istifadəsindədir. Həmin ünvana aid elektrik sayğacının abonent kodu İddiaçı məxsusdur. İddiaçı ona məxsus mənzilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız borc hesablandığını iddia edərək, həmin borcun silinməsini tələb edir. Cavabdehin nümayəndəsi iddia tələbi ilə razı deyildir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
11. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.
13. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
14. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.
15. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 2 "xxxx" ASC-nin elektron məlumat bazasında **********01261 saylı kod üzrə qeydiyyata alınmışdır. İddiaçı 1335,69 manat borcun silinməsini tələb etsə də, abunə haqqında arayışa əsasən onun borcu 1100,82 manat təşkil edir. Eyni zamanda, abunə haqqında arayışın bağlanan aktlar bölməsində “inteqrasiya dövrü borcu” hissədə 496,71 manat (mənşəyi bilinməyən) borc olduğu qeyd edilmişdir.
17. Məhkəmə qeyd edir ki, 496,71 manat borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz.
18. Məhkəmə iddiaçının silinməsini tələb etdiyi qalan borc (1100,82-496,71=604,11 manat) ilə bağlı qeyd edir ki, bu borcun yaranma səbəbi abonentin istehlak etdiyi enerjinin dəyərini tam həcmdə və mütəmadi ödəməməsidir. Bu səbəbdən iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
21. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
23. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
24. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanına dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 496,71 (dörd yüz doxsan altı manat, yetmiş bir qəpik) manat məbləğində borc **********01261 nömrəli abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.
26. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
27. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
28. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu ödənilir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Nəticə hissəsi:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanına dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 496,71 (dörd yüz doxsan altı manat, yetmiş bir qəpik) manat məbləğində borc **********01261 nömrəli abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva