Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4214/2021 13.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “xxxx” ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun adına olan **********04297 abonent koduna əsassız olaraq hesablanmış 678,04 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ailə üzvləri ilə birlikdə BTZ bağlarında fərdi evdə yaşayır. Həmin evdə elektrik enerjisindən istifadəyə görə borcları vaxtlı vaxtında ödəyib. Hazırda elektrik enerjisindən istifadəyə görə borcu yoxdur. Cavabdehin əməkdaşları həmin ünvana gələrək bizə bildiriblər ki, işıq xəttini kəsməyə gəliblər. Səbəbini soruşduqda isə deyiblər ki, təxminən 1 il bundan əvvəl elektrik enerjisindən istifadə qaydalarını pozaraq ayğaca müdaxilə edib. Halbuki sayğacın söykəndiyi, bağlandığı işıq dirəyi aşaraq sayğacın şüşəni qırmışdı. Bununla əlaqədar olaraq da həmin vaxt cavabdehin əməkdaşları tərəfindən müvafiq nasazlıq aradan qaldırılaraq sayğac yenidən həmin işıq dirəyinə bağlanmışdır. Həmin vaxtı da həmin sayğacın şüşəsi sınmış vəziyyətdə idi. Sayğac hər kəsin müdaxilə edə biləcəyi, iddiaçının nəzarət edə bilməyəcəyi bir yerdə quraşdırılmışdır. İşıq dirəyinə bağlı olduğundan da işıq dirəyi aşdığından sayğac zədələnmiş və vaxtında da gəlib tədbir görmüşlər. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, 23.11.2019-cu il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən elektrik hesabat sayğacının üzərində 1988 kvt. Saat kompüter məlumat bazasına daxil edilməmiş sərfiyyat var və sayğacın baxış şüşəsində xüsusi yapışdırıcı izləri mövcuddur. Bu səbəbdən 23.11.2019-cu il tarixli akt əsasında 678,04 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, sayğacda qalmış 1988 kv.saat elektrik enerjisinin dəyəri hər kvt. üçün 0,11 manatdan hesablanmışdır. Qalan borc məbləği isə sayğaca müdaxilə ilə bağlı itirilmiş elektrik enerjisinin dəyəridir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1972-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Bağçılıq yoldaşlığı cəmiyyətinin üzvlük kitabçasından görünür ki, iddiaçı həmin cəmiyyətə üzv qəbul edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 23.11.2019-cu il tarixli, 017409 saylı aktda göstərilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik sayğacının üzərində 1988 kvt. saat komputer məlumat bazasına daxil edilməyən sərfiyyat vardır və sayğacın üzərində xüsusi yapışdırıcı izləri vardır. İddiaçıya məxsus fərdi yaşayış evinin **********04297 saylı abonent məlumatında göstərilmişdir ki, iddiaçıya elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 017409 saylı akt əsasında 678,04 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir (7.9.). İstismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır (7.10.). Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır (7.11.). İştirak edən şəxslərin izahatlarına əsasən müəyyən edilir ki, iddiaçıya məxsus elektrik sayğacı evdə deyil evdən kənarda yerləşir. Belə olan halda sayğacın qorunması və işlək vəziyyətdə saxlanmasına görə məsuliyyət cavabdehin üzərinə düşür. Belə olan halda sayğacın yararsız hala salnması ilə bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Bununla yanaşı aktla müəyyən edilir ki, iddiaçıya məxsus sayğacda komputer məlumat bazasına daxil edilməmiş 1988 kvt.s elektrik enerjisi vardır. İddiaçı həmin sərfiyyatla bağlı hər kvt. üçün 0,11 manatdan hesablaşma aparmışdır. Göründüyü kimi bununla bağlı iddiaçıya 218,60 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, iddiaçının silinməsini xahiş etdiyi həmin borc sayğac əsasında yaranmış borc olduğundan həmin borcun silinməsi mümkün deyildir. Bu səbəbdən həmin borc məbləği iddiaçının ümumi borcundan çıxılmaqla yerdə qalan 459,36 manat borc iddiaçının abonent hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin abonent hesabında saxlanmış 459 (dörd yüz əlli doqquz) manat 36 (otuz altı) qəpik borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4214/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4214/2021
13.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver