Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-422/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt Su Kanal İdarəsi tərəfindən Sumqayıt şəhəri, 2-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən 19 saylı Yataqxananın 36 saylı evinin 5/6 otaqlı mənzilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2022-ci il tarixə hesablanmış 929 manat 99 qəpik manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən 19 saylı yataqxananın 36 saylı evinin 5/6 saylı mənzili iddiaçının istifadəsindədir. İddiaçı həmin ünvanda qeydiyyatdadır. Həmin mənzil Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə aralarında bağlanmış dövlət mənzil fonduna aid mənzilin kirayə müqaviləsi əsasında onun istifadəsinə verilmişdir. İddiaçı ailə üzvlərilə birlikdə həmin mənzildə yaşayır. Onun yaşadığı mənzildə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2022-ci il tarixə 929 manat 99 qəpik borc hesablanmış, qısa müddət ərzində ödənilmədiyi təqdirdə xidmətdən yararalanmağa qadağa qoyulacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 21-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən 19 saylı Yataqxananın 36 saylı evinin 5 və 6 otaqlı mənzilində 2007-ci il tarixdən yaşamış, bütün kommunal xərcləri vaxtlıvaxtında ödəmişlər. Su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə cavabdehin Sumqayıt şəhər şöbəsinin işçisi Behbud Hümbətova hər ay mütəmadi olaraq, həmin yataqxanada mənzil başına 5 manatdan ödənişlər etmişlər. Bu hal 2022-ci ilin avqust aymdək davam etmiş, lakin 13 avqust 2022-ci il tarixdə təqdim edilən hesab fakturada sonuncu ödənilmiş 5 manatın tarixi xx.xx.2018-ci il tarixdə olduğu qeyd edilməklə, əvvəlki dövrlər üçün hesablanmış qalıq borcun isə 929 manat 99 qəpik hesablandığı qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, yaşadığı mənzilə su sayğacı quraşdırılmamış, həmin borc isə normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydalara uyğun hesablanmış və hansı dövrü əks etdirdiyi isə göstərilməmişdir. O, həmin mənzildə tək yaşayır. Cavabdeh tərəfindən hesablama 3 nəfərlik ailə tərkibinə uyğun aparılmışdır. Həmin mənzilə su sayğacı quraşdırılmayıb. O, cavabdehin əməkdaşlarına mütəmadi olaraq pul ödəyib. Lakin, ona qəbz verilməyib. Cavabdeh qurumun əməkdaşları onlarda qonaq olan zaman səhvən onların da onunla birlikdə yaşadığını düşünərək hesabatı onların sayına uyğun aparmışlar. Cavabdehə həmin mənzildə tək yaşamağı ilə bağlı arayış da təqdim etmiş, lakin cavabdehin əməkdaşları həmin arayışı qəbul etməmişlər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci ildə, Ucar rayonu, Çiyni kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 2 iddiaçıya kirayə verilmişdir. 1 saylı Mənzil-Kommunal Sahəsinin 700 saylı, xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı ünvan 2 ünvanında yaşayır və tək qeydiyyatdadır. İşdə olan abonent kartında iddiaçının su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartında iddiaçının 2022-ci il də daxil olmaqla su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcu öz əksini tapmışdır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün xx.xx.2013-cü il tarixli, 30957368 saylı müqavilə bağlandığı qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 5 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,70 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,30 qəpik müəyyən edilmişdir. “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İddiaçı ona cavabdeh tərəfindən əsassız olaraq 929,99 manat borc hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. İşdən göründüyü kimi iddiaçının yaşadığı mənzildə su sayğacı quraşdırılmamışdır. İddiaçının istifadə etdiyi suyun qiyməti normativ qaydada, 3 nəfərlik ailə tərkibinə əsasən aparılmışdır. İddiaçı həmin mənzildə tək yaşadığını bildirsə də, bu barədə cvaabdehə məlumat verdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı sudan istifadəyə görə cavabdehin əməkdaşlarına pul ödədiyini bildirsə də, həmin halı da məhkəmədə sübuta yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini əsassız sayır. Mülki Məcəllədə göstərilmişdir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər (550). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1.). İşdən göründüyü kimi iddiaçının silinməsini xahiş etdiyi borcun 385,89 manatı 5 il əvvəlki dövrdə yaranmış borcdur. Məhkəmə hesab edir ki, həmin borcla bağlı qanunvericiliklə müəyyən edilmiş tələbetmə müddəti keçdiyi üçün iddia tələbi həmin borcun silinməsi hissəsində təmin edilməlidir. Yerdə qalan məbləğ isə iddiaçının son beş il ərzində yaranmış borcu olduğu üçün iddia həmin borcun silinməsi hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanına hesablanmış 385 (üç yüz səksən beş) manat 89 (səksən doqquz) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-422/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-422/2023
07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver