Məhkəmə qərarları › İş №2(060)-4231/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4231/2025

19.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4231/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı «miras əmlakın qəbul edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı iddia qaldıraraq mərhum həyat yoldaşı M.S.Mehtiyevin adına 07 iyun 1990-cı il tarixli qərarı əsasında Sumqayıt şəhəri Texniki İnventarlaşdırma bürosu tərəfindən qeydə alınmış qeydiyyat vəsiqəsi onun adına yeni çıxarışla əvəz olunaraq varisi kimi mirası qəbul etmək barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, həyat yoldaşı 1993-cü ildə vəfat etmişdir. Miras əmlak hal-hazırda yaşadıqları ünvandır. 1990-ci ildən həmin ünvanda yaşayır. Xəstə olduğu üçün miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət edə bilməmişdir. Eyni zamanda oğlu da müraciət etməmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn, miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Belə olan hada iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. İddiaçının izahatından görünür ki, o mirasın qəbulu faktının müəyyən edilməsini istəyir. Belə olan halda qeyd edilən tələbə mübahisə olmadığı təqdirdə iddia icraata qaydasında deyil, xüsusi icraat qaydasında baxıla bilər. Hüquq barəsində mübahisə olduğu hallarda isə MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s.) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyənedilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməzdir (Ali məhkəmənin 2(102)-1606/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı). Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırkı ərizəsinə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı «miras əmlakın qəbul edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar