Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4232/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 MTK-nın nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh2nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «əqdin etibarsızlığı və çıxarışın ləğv edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK üzvlərinin ümumi iclasının 23 dekabr 2022-ci il tarixli protokolunun etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzilə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 06 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki İddiaçı xx.xx.2018-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından uşaqları olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-738/2020 saylı 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 23 iyun 2018-ci ildə bağlanmış nikah pozulmuşdur. Bundan sonra, iddiaçı Cavabdeh1 qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə" dair iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 Cavabdeh2 MTK ilə bağladığı payçı müqaviləsi əsasında əldə edilmiş ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilin (kooperativdəki payın) cavabdehlə aralarında bölünərək həmin mənzil üzərində iddiaçının payının 1/2 hissədə və cavabdehin payının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-419/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2( 105)-2690/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 aprel 2021-ci il tarixli, 2(060)-419/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(102)-964/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2690/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışma göndərilmişdir. İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçının payının 33/100 hissədə müəyyən edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qeyd olunan qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 6191/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)- 1206/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi icraya yönləndiriləndən sonra, iddiaçı qətnamənin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə, 06 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mübahisə predmeti olan mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı məlum olmuşdur. Qeyd etdiyi kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçının payının 33/100 hissədə müəyyən edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Göstərlilənlərə əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun mübahisəli mənzil üzərində 33/100 hissədə payının müəyyən edilməsinə baxmayaraq qeyd olunan mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə də iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, mübahisəli mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş "xxxx" MTK üzvlərinin ümumi iclasının 23 dekabr 2022-ci il tarixli protokolundan çıxarış etibarsız hesab edilməli və həmin əqd əsasında ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzilə dair Cavabdeh1 adına verilmiş 06 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil1 eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 MTK-nın nümayəndəsi S.C.Əliyev iddia tələbini qəbul etməyərək bildirdi ki, Sumqayıt şəhəri, 9-cu mkr lahiyəsində 5-ci blok, 5-ci bina, 37 saylı mənzil xx.xx.2019-cu il tarixli “Payçı” müqaviləsi əsasında Cavabdeh1 satılmışdır. Mənzilin ümumi dəyəri 40738 manatdır. İlkin ödəniş 21828 manatı MTK-ya ödənilmiş, qalıq məbləği 18910 manat Beynəlxalq Banka ödənilməlidir. Hazırda tərəflər arasında digər məhkəmə işi olduğu üçün işin icraatın dayandırılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda tərəflər arasında başqa məhkəmə işləri var. Mənzilin ödənişləri tam qurtarmayıb. Edilən ödənişlər isə birtərəfli yəni Cavabdeh1 tərəfindən həyata keçirilir. Hesab edir ki, tərəflər arasında olan digər məhkəmə prosesi yekunlaşdıqdan sonra bu işə baxılmalıdır. Qeyd olunanları nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1206/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-419/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(105)-2690\2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 aprel 2021-ci il tarixli, 2(060)-419/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(102)-964/2022 saylı qərarı ilə kasassiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2690/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ləğbv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İddiaçı apellyiasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(060)-1774/2018 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində İddiaçı payı 33/100 hissədə müəyyən edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli qərarı ilə Kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 23 dekabr 2022-ci il tarixli, 00362 nömrəli Protokoldan çıxarışına 23 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzil üzərində 06 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 06 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzilin çıxarış alınmazdan əvvəlki ünvanı ünvan 4 ibarət olan 2 otaqlı 37 nömrəli mənzildir. İşdə olan Cavabdeh2 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon lahiyəsində 5-ci blok, 5-ci bina, 5-ci mərtəbə hesablaşma sahəsi 39,6 kv.m, 2 otaqlı, 37 saylı mənzil xx.xx.2019-cu il tarixli, ********* saylı “Payçı” müqaviləsi əsasında Cavabdeh1 satılmışdır. Mənzilin ümumi dəyəri 40738 manatdır. İlkin ödəniş 21828 manat MTK-ya ödənilmiş, qalıq məbləği-18910 manat kreditlə Azərbaycan Beynəlxalq Bankına ödənilməlidir. “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh1ylə 23 iyun 2018-ci ildə nikaha daxil olmuşlar və 04 iyun 2020-ci il tarixdə həmin nikah pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 33.3-cü maddəsinə görə ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.8-ci maddəsinə görə ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Mülki Məcəllənin 222.3-cü maddəsinə görə, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Mülki Məcəllənin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin maddənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, tərəflər arasında məhkəmə qaydasında mübahisə olduğu halda, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzil üzərində 06 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışı tam mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" MTK üzvlərinin ümumi iclasının 23 dekabr 2022-ci il tarixli protokolunun etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, həmin protokol heç bir hüquqmüəyyənedici bir sənəd hesab edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü maddəsində müəyyən edilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci və 139-1.1.4-cü maddələrinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzilə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 06 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzilə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 06 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4232/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4232/2023
02.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver