Məhkəmə qərarları › İş №2(060)-4239/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4239/2022

02.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4239/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində kompensasiya verilməklə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-ə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat məbləğində kompensasiya verilməklə onun xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-ə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun oğludur. Belə ki, onu övladlığa götürmüşdür. O, ona məxsus mənzildə qeydiyyatda olsa da, xeyli müddətdir ki, ona məxsus mənzildə yaşamır. Onun harada yaşaması barədə məlumatı yoxdur. Ümumiyyətlə o, bir ana kimi onu saymır, onunla maraqlanmır. Onu bir övlad kimi böyütsə də, cavabdeh ona qarşı tamamilə laqeydlik edir. Artıq onunla birlikdə yaşamaqları mümkünsüzdür. Bildirir ki, o, özünə məxsus mənzili satmaq istəyir. Lakin cavabdehin harada yaşamasını bilmədiyi üçün onun razılığını ala bilmir. Hətta əlaqələri olsa belə, o, mənzilin satılmasına razılıq verməyəcək. Ona görə də hesab edir ki, cavabdehə 6000 (altı min) manat məbləğində kompensasiya verməklə onun xüsusi mülkiyyət hüquq ilə ona məxsus olan ünvan 1-a olan istifadə hüququna xitam verilməlidir. Göründüyü kimi kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsinə dair işlərdə artıq Konstitusiya Məhkəməsinin aşağı məhkəmələr üçün məcburi olan mövqeyi bəllidir. Bu mövqe ondan ibarətdir ki, kompensasiya institutu istifadəçiyə müəyyən müddətdə, davamlı şəkildə əvvəlki yaşayış tərzinə uyğun şəkildə yaşamaq imkanı vermək üçün kifayət edəcək məbləğdə - ağlabatan məbləğdə olmalıdır. Hesab edir ki, onun təklif etdiyi kompensasiya məbləği ağlabatandır və cavabdehə müəyyən müddətdə, davamlı şəkildə əvvəlki yaşayış tərzinə uyğun şəkildə yaşamaq imkanı vermək üçün kifayət edəcək məbləğdədir. Cavabdeh 6000 (altı min) manat məbləğində kompensasiya verməklə onun xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-a olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə ürə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, təklif olunan 7500 manat müqabilində cavabdeh 3 il müddətində yaşamaq üçün aylıq kirayə haqqı 200 manat olan mənzil tapa bilər. Hesab edir ki, təklif olunan məbləğ ağlabatandır. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Bu ünvanda yaşamır” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda elektron informasiya sistemində cavabdehin adına olan mobil nömrələrə sms bildiriş göndərilməsi mümkün olmamışdır (çatdırılmamışdır). Bu səbəbdən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan AZ-İ 282171 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Feyziyev Qismətəli Məmməd oğlu, anası İddiaçıdır. İşdə olan MH seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 333 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan 170 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 9cu mikrorayonda (təzə), istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 7-ci mərtəbəsində yerlşən 65.01 kv.m ümumi, 39.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 13 nömrəli mənzilin hazırkı təxmini bazar qiyməti təmirsiz halda 60 000 (altmış min) - 62 000 (altmış iki min) manat, təmirli halda isə 70 000 (yetmiş min) - 75 000 (yetmiş beş min) manat, aylıq kirayə haqqı isə təmirsiz halda 120 (yüz iyirmi) - 150 (yüz əlli) manat, təmirli halda isə 170 (yüz yetmiş) - 200 (iki yüz) manat təşkil edir. Mənzil orta təmirli mənzildir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/22-540 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 22, 13 saylı mənzilin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 65000 manat, aylıq icarə haqqı isə 200 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir… Eyni zamanda, ailə üzvləri yaşadığı halda, onlardan birində mənzilə mülkiyyət hüququ, digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır… Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/22-540 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mübahisəli mənzilin kirayə haqqı 200 manat təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfindən təklif edilən 7500 manat məbləğində kompensasiyanın hesabına, cavabdeh hər ay orta hesabla 200 manat məbləğində kirayə haqqı ödəyərsə, davamlı surətdə, təxminən 3 il (7500 manat:200 manat:12 ay) müddətində başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı əldə edə bilər. Beləliklə mənzildən istifadə hüququna xitam verilməsi əvəzində ödənilməli olan kompensasiyanın istifadə hüququna xitam verilmiş şəxsin ayrıca mənzillə təmin olunması məqsədi daşımadığını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif edilən 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 22, 13 saylı mənzilə olan istifadə hüququna İddiaçı tərəfindən ona 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya verilməklə xitam verilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 22, 13 saylı mənzilə olan istifadə hüququna İddiaçı tərəfindən ona 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya verilməklə xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar