Məhkəmə qərarları › İş №2(060)-426/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-426/2022

12.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-426/2022 12.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 sentyabr 2013-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, İddiaçı, bacısı X4 vəfat etdikdən mirası faktiki olaraq qəbul etmişdir. Hüquqi savadı olmadığı üçün mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişdir. 19 oktyabr 2020-ci il tarixdə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müarciət etsə də, notariat ofisindən ona müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Hesab edir ki, mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilməli və müddət bərpa olunmalıdır. Buna səbəb kimi, bacısından qalmış qarajı öz adına qeydiyyata ala bilməməsidir. Göstərilənləri nəzərə alaraq, 10 sentyabr 2013-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində notariat ofisinə müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin İddiaçı ünvaladığı 19.10.2020-ci il tarixli, 2867 saylı məktubun surətindən görünür ki, X2 10 sentyabr 2013-cü ildə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi-İddiaçı mirasın qəbulu barədə ərizəsi qəbul edilmişdir. Vərəsəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan 14.10.2021-ci il tarixli arayışın surətindən görünür ki, 05 dekabr 1954-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş X2 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə arxiv məlumatları 05.12.1972-ci ildən 10.09.2013-cü ilədək olan dövrə aid “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AZ-İ № 636083 saylı, 25.09.2013-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 10.09.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyəsinin 15.11.2006-cı il tarixli “Qərarı”nın surətindən görünür ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 11.08-ci bəndinin tələblərinə əsasən vətəndaş X3 5-ci mikrorayon ərazisində qaraj tikintisi məqsədilə 30 (otuz) kv.m. torpaq sahəsi ayrılmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının bacısında ifadəsində qeyd edilən Sumqayıt Şəhər Bələdiyyəsinin 15.11.2006-cı il tarixli qərarı ilə X3 verilmiş Sumqayıt Bələdiyyəsi hüdudları daxilində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində, 30 (otuz) kv.m. torpaq sahəsi üzərində olan qaraj ilə bağlı mülki hüquqlar sonuncunun adına dövlət reystrində qeydiyyata alınmamışdır. Eyni zamanda iddiaçı mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etsə də bu müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hüquqların dövlət reyestrində qeydə alınmamış miras kimi qəbul etmək istədiyi əmlakların qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən və iddiaçı bü müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsinə dair sübutlar təqdim etmədiyindən iddia rədd edilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması tələbi”nə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar