Məhkəmə qərarları › İş №2(060)-4273/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4273/2021

18.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4273/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 27/69B, 1 saylı mənzilin sahibidir. “Cavabdeh” İstehsalat Birliyinin **********00010 saylı kodu ilə abonentidir. 05.10.2020-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyinin işçiləri tərəfindən ünvanında quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz edilmişdir. Bu barədə akt tərtib olunmuşdur. Aktda sayğacın aşağı sərfiyyatla qeyd etməsi göstərilmişdir. Sonrada ona 135 manat + 64 manat 67 qəpik = 199 manat 67 qəpik AZN borc yazılmışdır. “Cavabdeh” İstehsalat Birliyinin işçilərinin qanunsuz hərəkətləri nəticəsində, yəni sayğacın göstəriciləri düzgün əks etdirilməməsindən o ziyan çəkir. Hesab edir ki, cavabdehin onun üzərinə qoyduğu borc əsassızdır. Ona görə də məhkəməyə müraciət edir. Qeyd etdiyi kimi zərər vurmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlləri sübuta yetirilməyənəcən üzərinə məsuliyyət qoyula bilməz. Qeyd edilənlərə əsasən ünvan 1 ünvanına (abonent kodu **********00010) “Cavabdeh” İstehsalat Birliyi tərəfindən yazılmış 135 manat + 64 manat 67 qəpik =199 manat 67 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının yaşadığı evə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz olunaraq dövlət yoxlamasına göndərilmiş, yoxlamadan sonra itirilmiş qazın bərpasına görə cərimə yazılıb. Yoxlama zamanı sayğacın plombunun kəsildiyi müəyyən edilmişdir. Bu səbəbdən itirilmiş qazın bərpası məqsədi ilə hesablanmış ziyan iddiaçı tərəfindən ödənilməlidir. Ona görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı təbii qazdan istifadəyə görə akta əsasən 135 manat məbləğində borcu var. İş materiallarında olan «Cavabdeh» İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05.10.2020-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, iddiaçının mənzilində köhnə sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan «Cavabdeh» İB-nin Sumqayıt QİS tərəfindən iddiaçıya ünvanlanmış məktubundan görünür ki, abonentə Sumqayıt QİS-i bildirmişdir ki, sizin ünvanda olan G-2.5 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanınızdan çıxarılmış sayğacın hesablama mexanizminin plastmast qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş Sayğacın dəyəri 64.67 manat ABB Sumqayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X1 müraciət olunacaqdır. İş materiallarında olan 20 noyabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, 30.11.2020-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 1350 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30.11.2020-ci il tarixli aktın surətindən görünür ki, 23.11.2020-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş sayğacın müayinəsi laboratoriyasının rəyinə görə G-2.5 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmast qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsildiyindən dəymiş ziyan tələb edilir. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 27 noyabr 2020-ci il tarixli, MSK-29/1710-04102-1 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin plastmast qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh təşkilat daşıdığından, plombun kəsilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh təşkilat tərəfindən həyata keçirilməli olduğundan, sayğac iddiaçının yaşadığı mənzilin bayır divarında quraşdırıldığından, itirilmiş qazın bərpası məqsədilə cavabdeh təşkilat tərəfindən iddiaçının abunə koduna hesablanmış 135 manat cərimə və 64.67 manat sayğacın dəyərinə görə hesablanmış borc, cəmi 199.67 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanına (abonent kodu **********00010) “Cavabdeh” İstehsalat Birliyi tərəfindən yazılmış 135 manat cərimə və 64.67 manat sayğacın dəyəri, cəmi 199.67 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduqda, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu **********00010) “Cavabdeh” İstehsalat Birliyi tərəfindən yazılmış 135 manat cərimə və 64.67 manat sayğacın dəyəri, cəmi 199.67 (yüz doxsan doqquz manat altmış yeddi qəpik) manat məbləğində borc silinsin. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar