Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-429/2022 18.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi ev 2, mənzil 256-da yerləşən bağ evinə borc kimi yazılmış olan 2289.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi ev 2, mənzil 256-da yerləşən bağ evi faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Bağ evindən yalnız yay mövsümündə iyun-avqust aylarında istifadə edirlər. İlin digər aylarında isə həftənin şənbə-bazar günlərində təssərrüfat işləri görmək üçün bağda olur. Evdə kombi, su qızdırıcı (Pitiminutka) və dörd göz qaz piltəsindən istifadə olunur. Çox zaman kombi sistemindən istifadə olunmur. Həmin ünvanda Abonent kodu olmaqla cavabdeh Sumqayıt Qaz İstehsalat Birliyi tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. 2018-ci il tarixində cavabdehin əməkdaşları onun ünvanına gələrək sayğacın dəyişdirilməli olduğunu bildirmişlər. Buna görə də sayğac dəyişdirilmişdir, sayğac dəyişdirilən zaman sayğaca müdaxilə ilə bağlı akt tərtib olunmuş və hesabat aparılmışdır. Onların hesabatına əsasən 11448 m qaz məsrəfi hesablanmış və 2289.60 manat cərimə yazılmışdır. Sayğac həyətdən bayırda olduğu və o, bağ evində daimi yaşamadığı üçün sayğaca heç bir müdaxilə etməmişdir və ən nəhayət akt onun iştirakı ilə tərtib olunubsa, sayğaca müdaxilə aşkar edilibsə, akta imza etməkdən necə imtina edə bilər. O həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o harasa dəvət olunmamışdır. 2289.60 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 2289.60 manatın Azəriqaz» İB tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan ******* nömrəli, 13.09.2018-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi 2 saylı evin 256 nömrəli mənzilinə məxsus sayğac dövlət yoxlamasına göndərilmiş, sayğacın klapanının tam bağlanmadığı, yivli birləşmələrin deformasiyaya və korroziyaya uğradığı müəyyən edilmişdir. İş materiallarında olan 23 sentyabr 2018-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi 2 saylı evin 256 nömrəli mənzilinə 11448 m qaz məsrəfi hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi 2 saylı evin 256 nömrəli mənzilinə 2289.60 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X1”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, sayğac yaşayış evindən kənarda quraşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi 2 saylı evin 256 nömrəli mənzilinə quraşdırılmış sayğacın qorunub saxlanmasına məsuliyyət daşımadığından, həmin mənzilinə əsassız olaraq borc kimi yazılmış 2289.60 manat məbləğində olan borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində kanal qırağı ərazi 2 saylı evin 256 nömrəli mənzilinə (abunə kodu: **********02560) hesablanmış 2289.60 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-429/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-429/2022
18.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver