Məhkəmə qərarları › İş №2(060)-4301/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4301/2021

04.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4301/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən mülkiyyətində olan Sumqayıt şəhəri, 3 mkr., 9/6 saylı evin, 58 saylı mənzilinə hesablanmış 507.26 manat məbləğində vaxtı keçmiş borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Sumqayıt şəhəri, 3cü mikrorayon, ev 9/6-da yerləşən 58 saylı mənzili almış və həmin mənzil üzərində onun mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX 2 saylı ərazi idarəsində qeydə alınmaqla 06.12.2017-ci il tarixdə onun adına ******* nömrəli, RX seriyalı çıxarış verilmişdir. O, mənzili aldığı vaxtdan bu vaxta kimi həmin mənzilə quraşdırılmış su sayğacı göstəricisi əsasında hesablanan su sərfıyyatı borclarını vaxtlı vaxtında ödəmişdir. Lakin cavabdeh təşkilat tərəfindən ona verilmiş bildirişdə qeyd edilmişdir ki, ondan əvvəl bu mənzildə yaşamış yaşayışçının sudan istifadə ilə bağlı 507,26 manat vaxtı keçmiş borcu vardır və həmin borcu da, o, ödəməli, xəbərdarlıq təqdim edildikdən sonra 1 ay müddətində həmin borc ödənilməsə su təchizat dayandırılacaqdır. Cavabdehin bu hərəkəti tam qanunsuzdur. Belə ki, o, bu mənzildə 2017-ci ildən yaşayır və ondan qabaq bu mənzildə məcburi köçkün ailəsi yaşamış, limitdən istifadə etmişdir. Cavabdeh təşkilat illər öncə ondan əvvəlki sakinin istifadə etdiyi su sərfıyyat xərcini ondan tələb etməli olduğu halda, bu gün həmin borcu tələb edir və bildirilmişdir ki, həmin borcu o, ödəmədiyi təqdirdə mənzilində olan abonent kodunu da, onun adına rəsmiləşdirməyəcəkdir. Belə hesab edir ki, cavabdeh təşkilatın bu addımı onun bir istehlakçı kimi hüquqlarını pozur, o, yalnız yaşadığı müddətdə yaranmış borca cavabdehdir və başqa şəxslərin istifadə etdiyi borcun ondan tələb edilməsi və bu borca görə mülkiyyətində olan mənzildəki abonent kodunun adına dəyişdirilməməsi qanuna ziddir. Onun 81 yaşı var, işləmir, yeganə gəliri dövlətdən yaşa görə aldığı pensiyadır, özü çətin vəziyyətdə yaşadığı halda nə üçün illər öncə hesablanan və başqa bir şəxsin istifadə etdiyi su sərfiyyatına görə borcu ödəməlidir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, mənzil 58-də Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi 01.01.2002-ci il tarixdən Cəmşid İbrahimovun adına bağlanmış müqavilə (№********) ilə “su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Hal-hazırda 04.06.2020-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 505,76 manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. Qeyd olunan ünvanda 01.01.2002-ci il tarixdə kod açılaraq 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. 2016-cı ilin may ayında tarixdə abonent məcburi köçkün olması barədə arayış təqdim etmiş və ünvanda 3 (üç) nəfər məcburi köçkün kimi nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. 1 nəfər məcburi köçkün olmayan abonentin hesabatı 2011-ci ilin fevral ayının 1-dən 2017-ci ilin yanvar ayının 1-dək 118 manat təşkil edir. 01.01.2017-ci il tarixdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit ləğv olunmuşdur. Qeyd olunan ünvanda 23.04.2017-ci il tarixdə su sayğacı quraşdırılmışdır. 16.05.2016-cı il tarixdən “su təchizatı və kanalizasiya xidmətindən” istifadənin dəyəri əhali qrupu üçün 0,50 qəpik, 01,02.2021-ci il tarixdən isə 1 manat təşkil edir. CavabdehSC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri tam etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Mübahisəli borc, məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisə tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi (ədv) ödənilmişdir. Odur ki, sözü gedən borcun silinməsi cəmiyyətin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə abonentlərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini vaxtında icra etməməsi və işə baxan məhkəmələr tərəfindən eyni məzmunlu iddia tələblərinin təmin edilməsi vətəndaşlar arasında qanunun tələbinə riayət edilməsi istiqamətində hüquq düşüncəsinin formalaşmasına imkan yaratmayacaqdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin müddəalarını rəhbər tutaraq İddiaçı əsassız olaraq hesablanmış 507,26 manat məbləğində borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azırbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 3 mkr., 9/6 saylı evin, 58 nömrəli mənzili İddiaçı məxsusdur. İş materiallarında olan Abonent Kartının surətindən görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı mənzilinə 3 nəfərə görə sudan istifadəyə görə borc hesablanılmışdır. İş materiallarında olan abonent kartından görünür ki, Sumqayıt şəhəri, 3 mkr., 9/6 saylı evin, 58 nömrəli mənzilinə sudan istifadəyə görə 505.76 manat borc hesablanmışdır. “Sudan istifadə qaydalan”nın 7.4-cü bəndinə uyğun olaraq, Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Həmin qaydaların 7.5-ci bəndinə əsasən su sayğacı olmadıqda fərdi yaşayış və bağ evlərinin torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci bəndinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 3 mkr., 9/6 saylı evin, 58 nömrəli mənzilini 06.12.2017-ci il tarixdə əldə etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, həmin dövrə qədər olan borc, yəni 497.26 manat borcun ödənilməsinə görə İddiaçı hər hansı bir məsuliyyət daşıya bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 3 mkr., 9/6 saylı evin, 58 nömrəli mənzilin hesabından 497.26 manat borc silinməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan Sumqayıt şəhəri, 3 mkr., 9/6 saylı evin, 58 nömrəli mənzilin hesabından (Abunə kodu: **********580) 497.26 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayit Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar