Məhkəmə qərarları › İş №2(060)-432/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-432/2022

12.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-432/2022 12.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə Füzuli rayonundan məcburi köçkün düşməklə ünvan 1 ünvanında 1993-cü ilin avqust ayından ailə üzvləri ilə məskunlaşmışdır. Yaşadığı 2 otaqdan ibarət yataqxanaya otağın çöl tərəfində, binanın dəhlizində cavabdeh təşkilat tərəfindən sayğac quraşdırılmışdır. Həmin sayğac göstərici əsasında enerji sərfiyyatını vaxtlı-vaxtında ödəyir və cavabdeh təşkilata sayğac üzrə borcu yoxdur. O, Sumqayıt «Asan» Xidmət Mərkəzinin kommunal ödənişlər şöbəsində olarkən ona məlum olmuşdur ki, yaşadığı otağın sayğac əsasında 327,70 qəpik borcu vardır. O, həmin borcu ödəmişdir, lakin ona bildirilmişdir ki, bu borcdan başqa həmin otağa aid **********00713 saylı kod üzrə daha 819 manat «dondurulmuş borc» da yazılmışdır. Həmin borcla maraqlandıqda ona məlum olmuşdur ki, bu borc uzun illər boyu yığılan və məcburi köçkün kimi tərəfindən ödənilməli olmayan əsassız yazılmış borcdur. Belə ki,2016-cı ilədək bütün məcburi köçkün ailələri kimi onlar da bu ödənişdən azad edilmiş və həmin ödənişlər AR Nazirlər Kabinetinin fərmanına əsasən dövlət tərəfindən aparmışdır. Lakin cavabdeh təşkilat heç bir əsas olmadan bu məbləği də hesablayaraq onların üzərinə borc kimi yazmış, hazırda həmin borc bizdən tələb edilməsə də, ona bir sıra problemlər yaradır, bu kod üzrə borc olaraq qatmaqdadır, ona görə də həmin borcun silinməsini məqsədəuyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmədən "xxxx" ASC tərəfindən yaşadığı Sumqayıt şəhəri, H.Əliyev prospekti, 18-ci məhəllə, yataqxana 1-də yerləşən 23 saylı otağa (abonent kodu **********00713) hesablanmış 819 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycn respulikası Qaçqın və X2 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri Sektoru tərəfindən verilmiş 04.08.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, 31.12.2016-cı il tarixə 819.64 manat məbləğində dondurulmuş borcu vardır. Məhkəmə sorğusuna əsasən alınıb iş materiallarına əlavə edilmiş "xxxx" ASC “Şimal” RETSİ-nin 21 dekabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evi **********00713 saylı kodla 02.04.2018-ci il tarixindən X1 adı ilə abonent qeydiyyatındadır. Abonentin mənzilinə 27.04.2009-cu ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmiş, 31.12.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 819,64 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Abonentin 31.12.2016-ci il tarixdən 05.11.2021-ci il tarixinədək enerjitəchizatçı təşkilata sayğac borcu yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi 819 manat məbləğində debitor borcu qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində ödənilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan qanunların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən İddiaçı məxsus H.Əliyev prospekti, 18-ci məhəllə, 1 saylı yataqxana, otaq 23 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 819 manat məbləğində dondurulmuş debitor borc cavabdeh "xxxx" ASC tərəfindən qanunla nəzərdə tutulmuş qaydada tələb edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək həmin dövr üçün hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən H.Əliyev prospekti, 18-ci məhəllə, 1 saylı yataqxana, otaq 23 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 819 (səkkiz yüz on doqquz) manat məbləğində borc **********00713 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar