Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-432/2024 17.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 247.32 (iki yüz qırx yeddi manat otuz iki qəpik) manat məbləğində debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında istifadə etdiyi qaz sayğacına görə ödənişlər vaxtlı-vaxtında onun tərəfindən ödənilmişdir. Bütün bu ödənişlər barədə qəbzləri vardır. Heç bir borcunun olmamasına baxmayaraq əsassız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə onun guya tərtib edilmiş aktlara 247.32 (iki yüz qırx yeddi manat otuz iki qəpik) manat debitor borcu olduğunu bildirmişdir. (aktlar təqdim edilir). Cavabdeh İB-nə hal-hazırda heç bir borcu yoxdur. Hesab edir ki, həmin borclar qanunsuzdur və əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaz sərfiyyatının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü bir ay qəbul olunur. Qaz sərfiyyatının istifadəsinə görə mövcud qərarların müvafiq maddəsinə əsasən qaz təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş qaz sərfiyyatına görə ödəniş alır. Cavabdeh təşkilat isə onun istifadə etmədiyi qaz sərfiyyatına görə ödəniş tələb edir. Yuxarıda qeyd olunanlardan da görünür ki, qaz sərfiyyatına görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılmalı, bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunmalı, həmçinin Qaz təchizatı müəssisəsinin istehlakçıdan yalnız istifadə olunmuş qaz sərfiyyatına görə ödəniş tələb etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, borcu əsassız hesab edir. Onlar tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Sayğac on ildir ki, quraşdırılmışdır. Heç bir problem olmamışdır. Sayğac blokda yerləşir. Sayğac dəyişildikdən sonra cərimə gəlmişdir. Cavabdehnə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh İB-nin 22 may 2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, 22 may 2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 2160 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 may 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman sayğacın plastmast ekranınında kənar təsir izlərinin olması, plastmas qapağın onlar tərəfindən açılması və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğunun aşkar edilməsi, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda – 100% nisbi xətayla işləməsi, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilməsi, heç bir kənar təsir izinin aşkar olunmaması, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi kimi nöqsanlar aşkar edilmişdir. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi aktın surətindən görünür ki, dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına Metrologiya Departmenti tərəfindən baxış keçirilmişdir. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00010) Nəjəfovaya məxsus ünvan 2 ünvanında xx.xx.2020-ci il tarixdə ZENNER G4T MEXANİKİ tipli sayğac quraşdırılmışdır. 2022-ci il üçün 1516 kub metr qaz sərfi hesablanmış, 05/2020-ci il tarixdə 216 (qalıq və aktlar) manat vəsait hesablanmışdır. Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, əvəzləmə səbəbindən yeni sayğac quraşdırılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün qaz sayğacı quraşdırılmışdır, ünvan üzrə “sayğac sərfiyyatı qeyd etmir” əsası ilə 22 may 2020-ci il tarixli ******* saylı akt tərtib olunmuş, nəticədə abonentin **********00010 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 05/2020-ci il akt üzrə, borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. 06/2022-ci il tarixdə ayın sonuna isə 247.32 manat borc hesablanmışdır. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, 13-cü maddə üzrə 8-1-ci hissə əlavə edilmişdir, həmin qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********00010 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 may 2020-ci il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 247.32 manat borc silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiymətinin 1.000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. **********00010 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 may 2020-ci il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 247.32 (iki yüz qırx yeddi manat otuz iki qəpik) manat borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-432/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-432/2024
17.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver