Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-432/2025 26.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsna qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1972-ci il tarixində anadan olmuş qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, onun xx.xx.1972-ci il tarixində anadan olmuş qardaşı X6 1996-ci il tarixindən xəstədir. Dəfələrlə Maştağa və Sumqayıt psixatriya xəstəxanalında paranoid şizofreniya, fasiləsiz gedişli diaqnozu ilə stasionar müalicədə olub. O, əvəllər Altıağac qəsəbəsindəki ata evlərində yaşayırdı və ona həyat yoldaşı baxırdı. Sonra onun xəstəliyi kəskinləşməyə başladı və 16 il əvvəl həyat yoldaşı dözməyib çıxıb getdi və ona anası baxmağa başladı. Anası da 2023-cü il avqust tarixində rəhmətə getdi və o vaxtdan ona baxır. O, hazırda da Sumqayıt psixatriya xəstəxanasında paranoid şizofreniya diaqnozu ilə müalicə alır, lakin bu sağalan xəstəlik deyil. O, dərmansız yaşaya bilmir, özünü müstəqil idarə edə bilmir. O, öz hərəkətlərinin mənasını anlamır, beyninə siqnal çatmır, hərəkətlərini idarə edə bilmir, gecələr yatmır. Dərmanın vaxtı keçsə dərhal aqressivləşir, təhlükəli davranışlar edir, evdə qab-qacağı, hər şeyi vurub sındırır, evdəkiləri vurur, hücum çəkir, çox təhlükəli vəziyyətlər yaradır. Evdə yanğın törətmək halları fasiləsiz olur, çünki hər dəqiqə siqaret çəkir və sonra hara gəldi atır. Elə hal olub ki, siqareti çəkib balkondan atıb, qonşunun ipə sərdiyi paltarlar yanıb. Bir də gördün nəzarətsiz qalsa çıxıb istənilən marşruta oturur və hara gəldi çıxıb gedir. Onun himayəsiz yaşaması mümkün deyil, daim nəzarətə və kənar qulluğa möhtacdır. Ona qulluq etmək, onu saxlamaq zəruridi. Onun pensiyasını həmişə o gedib alır, özü ala bilmir. Əgər pensiya kartını dəyişmək lazımdırsa, o bunu edə bilmir, qanunla kartını ya gərək özü gedib ala, özü dəyişə, bunu edə bilmir, hər hansı sənəd almaq lazımsa ala bilmir. Ona qəyyumluq almalıdır ki ona aid bu və digər işləri görə bilsin. Bu səbəbdən onlara problemlərr yaranır və məhkəməyə müraciət edib onun fəaliyyət qabiliyyətsiz olması barədə qərar almağa məcburdur ki, onun qəyyumu olsun. Qardaşı da hazırda Sumqayıt psixatriya xəstəxanasında yatır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmasının qarşısının alınması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
Tədqiq olunan sübutlar:
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Psixiatriya Xəstəxanası tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 355 nömrəli məktubdan görünür ki, 1972-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdən hal-hazıradək Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında stasionar müalicədədir.
6. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 20 saylı Mənzil-Kommunal Sahəsi, 20 saylı MKS-nin sahə ustası X.Həsənova tərəfindən təsdiq edilmiş, 47-ci məhəllə, ev 14, mənzil 31-də yaşayan X1, 47-ci məhəllə, ev 14, mənzil 29-da yaşayan X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X7 xx.xx.2023-cü ildən 47-ci məhəllə, ev 14, mənzil 30-da pasport qeydiyyatsız yaşayır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli, 3656 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X3 “Şizofreniya paranoid forma” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi xəstə olması, “səs” lər eşitməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sumqayıt Psixiatriya Xəstəxanası’da “Paranoid şizofreniya. Fasiləsiz gedişli” diaqnozu ilə həmin müəssisədə müalicədə olması), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji və autik olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X3 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi aşkar olunur. E.X.Xalıqov psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. E.X.Xalıqovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 31.1-ci maddəsinə əsasən, fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər; 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir;
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
11. Belə ki, X6 xx.xx.1972-ci ildə doğulmuşdur. Ərizəçi onun bacısıdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşının fəaliyyət qabiliyyətsiz hesab edilməsini məhkəmədən xahiş edir.
12. Məhkəmə tərəfindən xx.xx.1972-ci il təvəllüdlü X2 psixi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli, 3656 saylı rəyində tədqiqatın nəticəsi olaraq yoxlanılan şəxs X3 “Şizofreniya paranoid forma” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunduğu, bunu anamnestik məlumatlar (uzun müddətdir psixi xəstə olması, “səs” lər eşitməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sumqayıt Psixiatriya Xəstəxanasında “Paranoid şizofreniya. Fasiləsiz gedişli” diaqnozu ilə həmin müəssisədə müalicədə olması), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlərin (ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji və autik olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut etdiyi, yoxlanılan şəxs X3 şizofreniya paranoid forma xroniki psixi xəstəliyinin aşkar olunduğu, E.X.Xalıqov psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, E.X.Xalıqovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas olduğu müəyyən edilmişdir.
13. Məhkəmə hesab edir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
14. Beləliklə, məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi bmötəbər sübut kimi qəbul edilməlidir.
15. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq ekspet rəyindən şəxsin tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olduğu müəyyən edildiyindən ərizə təmin edilməli, xx.xx.1972-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Nəticə:
16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva