Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4342/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “xxxx” ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, məhəllə 41A, ev 2A, mənzil 47 ünvanına əsassız olaraq hesablanmış 877,08 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus mənzilə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq 877,08 manat borc hesablamışdır. Halbuki iddiaçı mənzildə istifadə olunan elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəyib. İddiaçının atası abonent kimi 01.10.2000-ci ildə qeydə alınıb. Mənzil 2007-ci ildə sayğac quraşdırılıb. Lakin, cavabdeh 2000-2007-ci illərə aid dövr üçün borcu tələb edir. Həmin borcun haradan yaranması isə məlum deyil. Ona görə də hazırkı ərizə ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək öz etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mənzili 01.10.2000-ci ildə abonent qeydiyyatına alınıb. 27.09.2007-ci ildə isə mənzilə sayğac quruaşdırılıb. İddiaçı 01.10.2000-ci ildən 06.05.2021-ci ilədək 2271,65 manat dəyərində elektrik enerjisindən istifadə etdiyi halda, 1457,73 manat ödəniş etmişdir. İddiaçının hal-hazırda 813,92 manat borcu qalmışdır. İddiaçının silinməsini tələb etdiyi məbləğlə onun həqiqi borcu arasında uyğunluq olmadığı üçün iddia təmin edilməməlidir. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, iddiaçının silinməsini tələb etdiyi borc “xxxx” ASC-nin yaranmasından əvvəlki dövrə aid borcdur. Yəqin ki, həmin borc sayğac əsasında yaranmayıb. Lakin, həmin borcun konkret hansı əsasla yarandığını dəqiq deyə bilməz. Qeyd edilənlərə əsasən nümayəndə məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. 12 saylı Mənzil Kommunal Sahəsinin 480 saylı, 16.04.2021-ci il tarixli arayışı ilə iddiaçının həmin ünvanda yaşdığı müəyyən edilir. İddiaçının yaşadığı evin **********00267aylı abonent məlumatı ilə müəyyən olunur ki, iddiaçının sayğac oxunması əsasında 1357,21 manat, aktlar əsasında 914,44 manat borcu vardır. İddiaçı ümumilikdə 1457,73 manat ödəniş etmişdir. Bağlanan aktlar bölməsində iddiaçının köhnə (ETAİS-dən gələn) borc kimi 877,08 manat borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). İddiaçının izahatına əsasən müəyyən edilir ki, iddiaçının 877,08 manat borcu “xxxx” ASC yaranmamışdan əvvəlki dövrə aid əvvəl yaranmış borca aiddir. Abonent məlumatından da görünür ki, iddiaçı 1457,73 manat ödəniş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etsə də, həmin borcun konkret hansı dövrdə və nəyin əsasında yarandığını izah edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). İddiaçı onun mənzilinə hesablanmış 877,08 manat əsassız borcun silinməsini xahiş edir. Cavabdeh isə həmin borcun haradan yarandığını əsaslandıra bilməmiş və bununla bağlı yetərli sübutlar təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına saxlanmış həmin borc əsassızdır. Ona görə də iddia təmin edilməli və iddiaçıya hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı , Sumqayıt şəhəri, məhəllə 41A, ev 2A, mənzil 47 ünvanının abonent hesabında saxlanmış 877 (səkkiz yüz yetmiş yeddi) manat 08 (səkkiz) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4342/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4342/2021
15.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver