Məhkəmə qərarları › İş №2(060)-4343/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4343/2021

02.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4343/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı «borcun silinməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı «borcun silinməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh “Cavabdeh” ASC tərəfindən Sumqayıt şəhəri, Saray bağları, 3140 saylı evə hesablanmış 216 manat məbləğində borcun və Azərbaycan Respublikası FHN DYNX Sumqayıt Regional Dövlət Yanğın Nəzarət İdarəsinə qaz sayğacının söndürülməsi ilə əlaqədar olaraq ödədiyi 180 manat pulun cavabdeh təşkilatdan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı onun həyat yoldaşıdır. Sumqayıt şəhəri, Saray bağları 3140 saylı ev iddiaçının sahibliyindədir. Qaz sızması ilə əlaqədar olaraq evdə yanğın olmuş və qaz sağacı yanmışdır. Cavabdeh təşkilat tərəfindən mütəmadi olaraq evdə olan qaz sisteminə və sayğaca baxış keçirilməli olduğu halda keçirilməmişdir. Cavadehin məsuliyyətsizliyi ucbatından qaz sayğacında yanğın olmuşdur. Bununla bağlı iddiaçı yanğın söndürən çağırmış və haqq ödəmişdir. Həmçinin cavabdeh təşkilat qaz sayğacın yanaraq yararsız hala düşməsi əlaqədar olaraq iddiaçıya 216 manat cərimə yazmışlar. Eyni zamanda iddiaçı yanğın söndürənə 180 manat pul ödəmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, həmin sayğacın hər hansı müdaxilədən, hadisədən qorunmasının iddiaçı tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Çünki qaz sayğacı evdə yox, hasardan kənarda yerləşir. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsələr də, hər hansı bir nəticəsi olmamışdır. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən 216 manat hesablanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «Cavabdeh» İB-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, onların əməkdaşları iddiaçının evində olan sayğaca baxış keçirmiş, mənzildən çıxarılmış G-4 markalı, 1602AZ**********69 nömrəli sayğac dövlət yoxlamasına göndərilmiş, verilən rəyə görə sayğacın giriş yivli stusser açılmayıb, “Cavabdeh” İB-nin tərtib etdiyi möhürlü akta əsasən zavod seriya nömrəsi 1602AZ**********69 olan sayğac yanıb, informasiya göstəricisi və zavod seriya nömrəsi oxunmur. İddiaçıya məxsus olan mənzilin qaz işlədicilərinin maksimal saatlıq qaz işlətmə qabiliyyətinə əsasən Sumqayıt QİS-nə dəyən ziyan hesablanmışdır. Hesablama zamanı QİS-nə 216 manat ziyan dəydiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli, 15.09.2020-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağları 3140 saylı evdən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilmiş rəyə görə sayğacın giriş yivli stusser açılmayıb, “Cavabdeh” İB-nin tərtib etdiyi möhürlü akta əsasən zavod seriya nömrəsi 1602AZ**********69 olan sayğac yanıb, informasiya göstəricisi və zavod seriya nömrəsi oxunmur. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Saray bağları 3140 saylı evə dair 216 manat borc hesablanmışdır. İş materiallarında olan 12.12.2019-cu il tarixli Yanğın Aktının surətindən görünür ki, 10.12.2019-cu il tarixdə İddiaçı məxsus olan Sumqayıt şəhəri, Saray bağları 3140 saylı evinin qaz sayğacında yanğın baş vermiş və sanitar qovşağın 2kv.m hissəsi yanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X4”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə, iddia tələbinin Azərbaycan Respublikası FHN DYNX Sumqayıt Regional Dövlət Yanğın Nəzarət İdarəsinə qaz sayğacının söndürülməsi ilə əlaqədar olaraq ödədiyi 180 manat pulun cavabdeh təşkilatdan tutularaq iddiaçıya verilməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin İddiaçı Azərbaycan Respublikası FHN DYNX Sumqayıt Regional Dövlət Yanğın Nəzarət İdarəsinə qaz sayğacının söndürülməsi ilə əlaqədar olaraq 180 manat pulun ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı hesablanmış 216 manat məbləğində borc silinməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, Saray bağları 3140 saylı evə dair (abunə kodu: **********03140) hesablanmış 216 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar