Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4359/2022 30.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, həyat yoldaşı X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 22 aprel 2022-ci il tarixində tərtib edilmiş 028649 R nömrəli akta əsasən hesablanmış 999,39 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən mülkiyyətçisi olduğu ünvan 1 ünvanına xidmət edən elektrik sayğacına 22 aprel 2022-ci ildə baxış keçirilmiş və 028649 R nömrəli akt tərtib olunmuşdur. Aktda göstərilmişdir ki. "sayğacın faz xəttini zədələyərək kənar xətt götürülməklə elektrik enerjisindən istifadə olunur”. Cavabdeh bunu sayğaca müdaxilə kimi qiymətləndirmiş və iddiaçıya 999,39 manat məbləğində cərimə hesablanmışdır. Onun tərəfindən sözügedən elektrik sayğacına heç bir müdaxilə edilməmişdir. Sayğac fərdi evin bayır divarında yerləşir. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, abonent mənzilə məxsus elektrik hesabat sayğacının giriş faz xəttini zədələyərək kənar xətdən isdifadə etməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik nerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, NDM № 028649 saylı akt əsasında 996,84 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və əməkdaşlar tərəfindən qapı döyülsə də, mənzilin qapısı açılmamış, bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin mənzildə kənar xəttin aşkar olduğu zaman çəkilən video çəkiliş evdə kənar xətdən isdifadə olunmasını bır daha sübut edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçının və onun tərəfindən həmin evdə heç bir sayğacdan kənar xətdən istifadə edilməyib. Belə ki, onlar həmin evdə daimi yaşamırlar və bəzən orada olurlar. Cavabdehin əməkdaşları onları evdə tapmadıqları halda qonşulardan bu barədə məlumat ala bilərdilər. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onu iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1964-cü ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. “Asfaltzavod” və ”Körpü” üzrə Məhəllə Komitəsinin xx.xx.2022-ci il tarixli, 80 saylı arayışında iddiaçının ünvan 1 ünvanında qeydiyyatsız yaşadığı göstərilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci tarixli, 028649 nömrəli aktda sayğacın giriş faz xəttini zədələyərək kənar xətt götürməklə elektrik enerjisindən istifadə edildiyi qeyd edilmişdir. İddiaçının abonent kimi qeydə alındığı ünvan 1-in abunə haqqında məlumatından görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində aktlar əsasında həmin evə ümumilikdə 993,39 manat borc hesablanmışdır. İşdə olan “Asfaltzavod” və ”Körpü” üzrə Məhəllə Komitəsi tərəfindən təsdiq edilmiş, X2, X3, X4 tərəfindən imzalanmış aktda göstərilmişdir ki, iddiaçı ünvan 1-də mövsümü yaşayır, çox az hallarda mənzilə gəlib həyətini suvarıb gedir. Bu ünvanda daimi yaşamır. İş materiallarına ünvan 1-in texniki pasportu əlavə edilmişdir. İş materiallarına video-disk əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır (8.32). İddiaçı ona məxsus olan fərdi yaşayış evində elektrik enerjisindən istifadə ilə bağlı sayğacdan kənar xətt çəkilmədiyini bildirir. Lakin, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video diskdə olan video materialdan da görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evində sayğacdan kənar xətt mövcud olmuşdur. Yəni iddiaçı, tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göründüyü kimi iddiaçı borcun əsassız hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. Lakin cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda iddiaçının əvvəllər yaşadığı evdə sayğacdan kənar elektrik xəttindən istifadə edildiyi göstərilmişdir. İddiaçı qeyd edilən halı inkar edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən 22 aprel 2022-ci il tarixində tərtib edilmiş 028649 R nömrəli akta əsasən hesablanmış 999,39 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4359/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4359/2022
30.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver