Məhkəmə qərarları › İş №2(060)-4374/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4374/2021

10.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4374/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsinə qarşı “hesablanmış borcun qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03725 ha torpaq sahəsi və onun üzərində olan 322,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən 13.586,30 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək qanunsuz hesablanmış 13.586,30 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, alqı-satqı müqaviləsi bağlayaraq ünvan 1 ünvanında yerləşən 0,03725 ha torpaq sahəsi və onun üzərində olan 322.6 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini satın almışdır. Qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Torpaq sahəsini alan zaman sahə su ilə təmin edilməmişdir. Bu barədə cavabdeh orqan məlumatlı idi. Belə ki, cavabdeh orqanın əməkdaşları həmin dövrdə sahədə sudan istifadə olunmadığına dair akt tərtib etmişdirlər. Sonradan məlum olmuşdur ki, qeyri-yaşayış sahəsini (və ya torpaq sahəsinə) sudan istfadəyə görə əvvəlki tarixlərə 13.586,30 manat məbləğində borc hesablanmışdır. Cavabdeh bu borcun ödənilməsini ondan tələb edir və xəbərdarlıq məktubu göndərmişdir. Hesab edir ki, borc qanunsuz və heç bir əsas olmadan hesablanmışdır. Bu səbəbdən borcun hesablanması tam qanunsuz hesab edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən cavabdeh yalnız sayğac göstəricilərinə əsasən borc hesablaya bilər. Qanunvericiliyin tələblərinə əsasən cavabdeh torpaq sahəsi və ya qeyri-yaşayış sahəsi ona məxsus olan dövrdən sonrakı dövrə borc hesablaya bilərdi (əgər su ilə təhciz edilsə idi). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki,iddia ərizəsində göstərilən ünvana hesablanan borc əsassızdır. Belə ki, göstərilən qeyri-yaşayış sahəsini müqavilədən adı qeyd edilən şəxsdən iddiaçı alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin qeyri-yaşayış sahəsi anbar kimi fəaliyyət göstərilməli idi, oranın taxta sexi olması ilə bağlı məlumat həqiqəti əks etdirmir. Həmin qeyri yaşayış sahəsini aldığı vaxtdan heç bir məqsəd üçün istifadə etməyib. Buna görə də həmin müddət ərzində göstərilən məbləğdə borcun hesablanması absurd haldır. Həmçinin borcun su sayğacının olmadığı müddətdə sudan istifafə edilməsinə görə hesabatın normativ qaydada borcunun en kəsiyinə əsasən hesablanması sadəcə cavabdeh tərəfin şifahi məlumatlarıdır. Bu barədə hər hansı akt tərtib edilməmiş, eləcə də sözügedən qeyri-yaşayış sahəsinə sayğacın quraşdırılması, daha sonra baxış keçirilməsi və sayğacın su xəttindən ayrıldığının müəyyən edilməsini əks etdirən heç bir sənəd cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu hal cavabdeh təşkilat tərəfindən heç bir əsas olmadan göstərilən məbləğdə borcun qanunsuz olaraq hesablandığını təsdiq edir. Eləcə də qanunvericiliyin tələbinə əsasən qeyri-əhali kateqoriyasına aid olan istehlakçıların istismarında olan su qurğularına 6 aydan bir baxış keçirilməli olmasına baxmayaraq, bu hal da heç bir şəkildə öz əksini tapmır. Odur ki, sadalanan əsaslara görə iddia tələbinin təmin edilməsini, göstərilən məbləğdə borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi izahatında göstərdi ki, iddianı qəbul etmir. Bildirir ki, 151263 saylı müqavilə üzrə fiziki şəxs Behbudov Ə.Q. adına qeyri-yaşayış sahəsinin 01.06.2021-ci il tarixə debitor borcu 13.586,30 manat təşkil edir. Belə ki, 23.05.2020-ci il tarixdə Sumqayıt Sukanal İdarəsinin fakturalama qrupunun nəzarətçisi qeyri-yaşayış sahəsinə baxış keçirən zaman 11.12.2008-ci il tarixdə quraşdırılmış su sayğacının çıxardılaraq sudan istifadə edilməsi faktı aşkarlanmışdır. Aşkar edilən tarixdən hesabat normativ qaydada borunun en kəsiyinə uyğun olaraq aparılmışdır. 23.05.2020-ci il tarixdən normativ qaydada aparılan hesaba nəticəsində 10352 manat hesabat aparılmışdır. Hazırki vaxtadək qeyri-yaşayış sahəsində hesabat sayğac quraşdırılmadan normativ qaydada aparılır. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinə 2008-ci ildə sayğac quraşdırılmışdır. Həmin vaxt abonent Ə.Behbudov olmuş və sonuncu ilə müqavilə bağlanmışdır. Lakin hazırda sayğacın quraşdırılmasını təsdiq edən aktın məhkəməyə təqdim edilməsi mümkün deyildir. Eləcə də cavabdeh təşkilatın əməkdaşları tərəfindən yerində baxış «iş əmri» əsasında həyata keçirilir. 23 may 2020-ci il tarixə həmin qeyri-yaşayış sahəsinə baxış keçirilməsi ilə bağlı «iş əmri» və müəyyən edilmiş hallarla bağlı əməkdaşlar tərəfindən tərtib edilmiş aktı təqdim etmək mümkün deyildir. Qeyri-əhaliyə xidmətlərin göstərilməsi ilə bağlı cavabdeh təşkilatın əməkdaşları tərəfindən hər altı ayda bir dəfə baxış keçirilməlidir, lakin mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə 2008-ci ildən hazırki tarixədək baxış keçirilməsini təsdiq edən aktların təqdim edilməsi mümkün deyildir. Eləcə də qeyd etdi ki, ünvan abonent kartından şərti olaraq qeyd olunub, lakin müqavilə nömrəsinə görə abonent kartından olan borc iddiaçıya aid qeyri-yaşayış sahəsinə görə hesablanmış borcdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: 07.06.2021-ci il tarixli Abonent haqqında məlumatdan (müqavilə kodu 151263) görünür ki, ünvan 2 ünvanında 13.586,30 manat borc vardır. Cavabdeh ASC-nin Su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 151263 saylı, 01 yanvar 2006-cı il tarixli müqavilədən görünür ki, müəssisə abonenti tələbatına uyğun məişət (təsərrüfat) içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, abonent isə müəssisə tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturada göstərilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşlər. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. 6.9-cu bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların göstəricilərinə sərbəst şəkildə baxılmasına şərait olmalıdır və həmin cihazların üzərindəki plomblar onların toxunulmazlığının təmin edilməsi məqsədi ilə STKM tərəfindən örtüklə örtülməlidir. 6.10-cu bəndinə əsasən zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. 6.16. Su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. 6.17. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Məhkəmə hesab edir ki, iddia predmetini təşkil edən borc cavabdeh tərəfindən əsassız hesablandığından iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Məhkəmə ilk öncə qeyd edir ki, hesablanan borcun silinməsi ilə bağlı iddialara baxarkən əvvəlcə qeyd olunan borcun yaranma əsasları, həmin borcun hansı müddətləri əhatə etdiyi müəyyən edilməlidir. İşin hallarından göründüyü kimi, göstərilən qeyri-yaşayış sahəsinə su sayğacının hansı vaxtda quraşıdırılması, onun çıxarılması və çıxarılmasına səbəb olan hallar qeyrimüəyyən olaraq qalır. Məhkəmə araşdırması zamanı verilən suallara cavab olaraq cavabdehin nümayəndəsi su sayğacının 2008-ci ildə quraşdırılması lakin quraşdırılma aktının olmadığını bildirmişdir. Həmçinin əməkdaş tərəfindən qurğuya baxış keçirildiyi zaman aktın tərtib edilib edilməməsi ilə bağlı cavabdeh təşkilat tərəfindən heç bir məlumat aşkarlanmadığı bildirildi. Həmçinin sözügedən baxışı həyata keçirən fakturalama qrupunun nəzarətçisinin səlahiyyətli olması ilə bağlı da iş əmri verilməli olmasına baxmayaraq, qeyd edilən iş əmri də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1.3-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifəsidir. Şərh olunan müddəadan göründüyü kimi, səlahiyyətli əməkdaşlar tərədindən qeyriəhali istehlakçılarının istismarında olan su qurğularına 6 ayda ən az bir dəfə olmaqla baxış keçirilməsi cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulmasına baxmayaraq, göstərilən müddətlərdə (2008-2020-ci illər ərzində) baxış keçirilməsi məhkəmədə öz təsdiqini tapmadı. Eyni zamanda işin müəyyən edilmiş hallarından göründüyü kimi su ölçən cihaza baxış keçirilməsi və sayğacın müəyyən edilməməsi, həmçinin hər ərazidə sudan istifadə edilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunsa da, cavabdehin nümayəndəsi tərəfindən heç bir sənəd (akt) təqdim edilməmişdir. O, cümlədən iddiaçı tərəfə heç bir aktın bir nüsxəsi verilməmişdir. Halbuki qanunun tələbinə görə texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifəsidir. Göründüyü kimi cavabdeh tərəfindən borcun yaranma əsaslarını təsdiq edən heç bir sübut-akt məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,03725 ha torpaq sahəsi və onun üzərində olan 322,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə əsassız hesablanmış 13.586,30 manat borc abunə hesabından silinməlidir. MPM-nin 119-cu maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,03725 ha torpaq sahəsi və onun üzərində olan 322,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə əsassız hesablanmış 13.586,30 (on üç min beş yüz səksən altı manat, otuz qəpik) manat borc abunə hesabından silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 manat dövlət rüsumu alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar