Məhkəmə qərarları › İş №2(060)-440/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-440/2024

01.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-440/2024 01.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı silinən sərfiyyatın bərpa edilməsi tələbinə dair mülki işə 01 fevral 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun abonent balansından silinən 58,22 manat məbləğində vəsaitin balansına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 21/49A saylı evin 5 saylı mənzili onun mülkiyyətindədir. Həmin ünvanda X1yə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən elektrik sayğacına heç zaman müdaxilə olunmayıb. xx.xx.2023-ci il tarixdə onun tərəfindən Azərişıq ASC-nin növbətçi xidmətinə elektrik sayğacı kartdan pulu qəbul etmədiyinə, və işıqsız qaldığına dair telefonla məlumat verilib, məlumat Azərişıq ASC tərəfdən nəzərə alınıb və dərhal əməkdaş göndərilib. Sumqayıt EŞ-nin əməkdaşı sayğaca baxış kecirib və sayğac nasazlıqdan pulu qəbul etmədiyini satış Rəhbərliyinə bildirmiş, Sumqayıt EŞ-nin əməkdaşı Rəhbərliyin icazəsi ilə onun mənzilinə gedən elektrik enerjisini birbaşa sayğacdan kənar qoşmuşdur. Sumqayıt EŞ-nin əməkdaşı yaxın günlərdə sayğac yoxlanılmaq üçün laboratoriyaya aparılacağını bildirmişdir. xx.xx.2023-ci il - xx.xx.2023-ci il tarixlərdə o, Sumqayıt EŞ-nin əməkdaşlarına dəfələrlə zəng edib elektrik enerjisini birbaşa sayğacdan kənar qoşduqlarını xatırlatmış və bu məsələni aradan qaldırmaq ücün bir iş görülmədiyinə dair narahatçılığımı bildirmişdir. Onun müraciətinə Sumqayıt EŞ-nin əməkdaşlarından narahatcılığa səbəb yoxdur və nasaz sayğac yaxın günlərdə dəyişdiriləcək, cavabını almışdır (ilk gündən Sumqayıt EŞ-nin əməkdaşları ilə bütün danışıqlar telefonu ilə avtomatik olaraq yazılıb). xx.xx.2023-cü il tarixdə sayğac Sumqayıt EŞ-nin əməkdaşları tərəfindən dəyişirilib. O, karta pul yükləyən zaman onun Azərişıq ASC 1117,.73 manat məbləğində cərimə etdiyini bilmişdir. Araşdırdıqda bilinmişdir ki, (ona məlum olmayan səbəbdən) Azərişıqda onların müraciətləri xx.xx.2023-cü il tarixində qeydə alınıb. Sumqayıt EŞ-nin əməkdaşlarının sözlərindən xx.xx.2023 il tarixi iş günü olmadıqdan elektrik enerjisini birbaşa sayğacdan kənar qoşduqlarına AKT tərtib etməyiblər. xx.xx.2023-cü il Azərişıq ASC-nin nəzarət departamentinin nümayəndələri elektrik enerjisinin birbaşa, sayğacdan kənar qoşulduğunu təsadüf yoxlama keçirərkən görüb və onlar tərəfdən AKT tərtib olunub, onun müraciəti nəzərə alınmayib və nəticədə 1117,73 manat Azərişıq ASC onu cərimə edib. Onun çox saylı müraciətindən sonra o məbləği silib, və orta gündəlik sərfiyat hesablaşma dövrü bir aylıq 786 kVt - 62,94 manat cərimə saxlayıb - abonent balansından çıxıblar. Bununla razı deyil. Gostəricilərə əsasən onların orta gündəlik sərfiyat hesablaşma dövrü bir ay 59 kVt - 4,72 manat təşkil edir. Hesab edir ki, ondan Azərişıq ASC əsassız 58,22 manat çıxıb. Buna görə də cavabdehin ondan 58,22 manat tələb etməsi tamamilə qanunsuzdur. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, aprel ayında yaşadığı mənzildə işığın sönməsi ilə əlaqədar karta pul vəsaiti yükləmiş, lakin yenə də mənzilinə işığın verilməsi bərpa olunmamışdır. Bununla əlaqədar "xxxx" ASC-yə məlumat vermiş və cavabdehin əməkdaşları sayğacın işləmədiyini görüb onun mənzilinə kənar xətt qoşmuş və ona yeni sayğac quraşdırılana qədər həmin xəttdən istifadə edə biləcəyini bildirmişlər. Bir neçə gün sonra İdarəyə zəng edib məlumat almaq istədikdə, ona narahat olmamasını və bunu özləri etdiyini bildirmişdirlər. Bu vəziyyət təxminən 20 gün davam etmişdir, hətta qeyd edilənlərlə bağlı səs yazısı da var. Daha sonra onun yaşadığı ünvana yeni sayğac quraşdırılandan sonra 1000 manat məbləğində borcunun olduğunu öyrənmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, evi bir otaqlıdır, kombi və kondisioner yoxdur, evdə tək özü yaşayır. Bu səbəbdən ayda cəmi 3-4 manat işıq pulu ödəyir. Hər dəfə karta pul vurduğu zaman isə borca çıxılır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia tələbinə dair izahat verərək bidirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçıya 1117 manat məbləğində borc hesablanıb. Həmin borcun yaranmasına əsas olmuş akt və tələbnaməni məhkəməyə təqdim edə bilər. Onu qeyd edir ki, iddiaçıya hesablanmış borcun bir hissəsi silinib. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 390366 saylı protokoldan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 21/49A saylı evin 5 saylı mənzildə 293232 nömrəli akta əsasən **********3 nöməli sayğac **********50 nömrəli sayğacla əvəzlənmişdir. İşdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialının İddiaçı ünvanladığı 24 iyul 2023-cü il tarixli məktubdan görünür ki, pilləkan meydançasında quraşdırılmış smart tipli elektrik sayğacının kartında yaranmış qüsur barədə xx.xx.2023-cü il tarixində müraciətiniz əsasında elektrik sayğacında yaranan daxili qüsuru aradan qaldırmaq mümkün olmadığı üçün Sumqayıt” EŞnin əməkdaşları rəhbərliklə razılaşdırılaraq mənzilin elektrik xətləri sayğacdan kənar şəbəkəyə qoşulmuşdur. "xxxx" ASC-nin Nəzarət Departamentinin nümayəndələri xx.xx.2023-cü il tarixində ərazidə yoxlama aparan zaman elektrik sayğacından kənar xətt müəyyən edərək 032113 nömrəli, “Sumqayıt” EŞ-nin aparıcı mühəndisi xx.xx.2023-cü il tarixində elektrik sayğacının kart oxucusunun kartı qəbul etməməsi və yenisi ilə əvəz olunması barədə 293232 nömrəli akt tərtib etmişdir. Müraciətiniz nəzərə alınmadan xx.xx.2023-cü il tarixində tərtib edilmiş 032113 nömrəli akta əsasən hesabınıza 90 gün müddətində 8920,8 kVts ( dəyəri 1117,73 manat) əsassız olaraq elektrik enerjisi sərfiyyatı əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ə təsdiq edilrniş “X1 Qaydaları”nın (bundan sonra - Qaydalar) 7.11-ci bəndinin tələbinə əsasən, pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların tələbi nəzərə alınaraq NDM 032113 nömrəli akt əsasında aparılmış hesablaşmaya yenidən baxılması məqsədilə "xxxx" ASC-yə göndərilən məktublar göndərildikdən sonra məsələyə mahiyyəti üzrə baxılmış, kompyuter məlumat bazasından 9589 kVts elektrik enerjisi sərfiyyatı (dəyəri 1054,79 manat) azaldılmışdır. Məlumat üçün bildirilir ki, elektrik enerjisinə görə hesablanmış qalan 62,94 manat borcla bağlı enerjitəchizatı müəssisəsinə qarşı iddia tətebi ilə məhkəməyə müraciət etmək hüququnuz vardır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 21/49A saylı evin 5 saylı mənzili İddiaçı istifadəsindədir. Həmin ünvan "xxxx" ASC-də ünvan 2ışdır. "xxxx" ASC-nin Nəzarət Departamentinin nümayəndələri xx.xx.2023-cü il tarixdə yoxlama aparan zaman iddiaçının elektrik sayğacından kənar xətt müəyyən edərək 032113 nömrəli akt tərtib etmişdir. Həmin akta əsasən iddiaçının hesabına 90 gün müddətində 8920,8 kVts (dəyəri 1117,73 manat) elektrik enerjisi sərfiyyatı əlavə edilmişdir. Lakin iddiaçının müraciəti əsasında kompyuter məlumat bazasından 9589 kVts elektrik enerjisi sərfiyyatı (dəyəri 1054,79 manat) azaldılmış, 62,94 manat borc saxlanılmışdır. Hazırda iddiaçı aylıq sərfiyyatının təxminən 4,72 manat olmasına istinad edərək, qeyd edilən məbləğdən 4,72 manat çıxılmaqla 58,22 manat pulun abonent hesabına bərpa edilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Belə ki, 24 iyul 2023-cü il tarixli məktubun məzmunundan göründüyü kimi, iddiaçının mənzilinin elektrik enerjisinə kənar xətt vasitəsilə qoşulmasının cavabdehin əməkdaşları tərəfindən həyata keçirildiyi təsdiqini tapmış, bununla bağlı ona yazılmış borcun 1054,79 manat hissəsi silinmişdir. İddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi onun mənzilinin kənar xəttə qoşulu olduğu təxminən 1 ay müddət üçün saxlanılmış 62,94 manat cərimənin həddən artıq çox olması ilə bağlıdır. Belə ki, o ayda cəmi 3-4 manat dəyərində X1 edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən son bir il ərzində (akt yazılandan əvvəlki bir il) hər ay orta hesabla 3,70 manat (12 ay ərzində olan sərfiyyatların toplanıb 12-yə bölünməsi yolu ilə) dəyərində X1 etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ayda təxminən 3,70 manat dəyərində X1 edən iddiaçıya mənzilinin elektrik enerjisinə kənar xətt vasitəsilə qoşulduğu müddət (təxminən 1 ay) üçün 62,94 manat borc yazılması ədalətli və ağlabatan deyil. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “X1 qaydaları”na (EEİQ) görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X1 qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.17-1-ci bəndinə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən silinən 58,22 manat məbləğində elektrik enerjisi sərfiyyatı İddiaçı abonent balansına bərpa edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən silinən 58,22 (əlli səkkiz manat iyirmi iki qəpik) manat məbləğində elektrik enerjisi sərfiyyatı İddiaçı abonent balansına (abunə kodu: **********01653) bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar