Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4402/2023 17.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 17 avqust 2023cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, məhəllə 7, ev 93 (Cavabdeh İB-nin qeydiyyatına görə Sumqayıt ş, Ceyranbatan qəsəbəsi, kanalqırağı ərazi, ev 7, mənzil 93) yerləşən fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 3110 manat 40 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdehin qanunsuz tələbləri ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, məhəllə 7, ev 93 (Cavabdeh İB-nin qeydiyyatına görə Sumqayıt ş,Ceyranbatan qəsəbəsi, kanalqırağı ərazi, ev7, mənzil 93) yerləşən fərdi yaşayış evinə əsassız olaraq 3110 manat 40 qəpik borc hesablanmışdır. Cavabdeh tərəfindən mənzilinə bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, ona məxsus mənzildə quraşdırılmış G-4 markalı, 1202AQ**********7 nömrəli qaz sayğacı 27 yanvar 2023-cü ildə yeni G-4 markalı, **********442 nömrəli qaz sayğacı ilə əvəz olunmuş, ünvandan çıxarılmış G-4 markalı, 1202AQ**********7 nömrəli qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş, sayğaca ümumi baxış keçirilmiş, guya sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb, sayğacın çıxış plastmas borusu deşilib, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu səbəbdən də ondan itirilmiş qazın bərpası ilə əlaqədar olaraq 3110 manat 40 qəpik dəymiş ziyan tələb edilmişdir. Hesab edir ki, cavabdehin ondan tələb etdiyi pul məbləği tamamilə uydurma, cəfəngiyyat və qanunsuzdur. Belə ki, cavabdehin ondan qeyd olunan məbləğləri tələb etməsi üçün heç bir əsası yoxdur. Cavabdeh iddia etmişdir ki, guya sayğaca müdaxilə etmişdir. Əvvəlcə qeyd etmək istəyir ki, sayğac ona məxsus həyətin daxilində yox, çöldə quraşdırılmışdır. Yəni, həmin sayğac həyətdən çöldə quraşdırıldığı üçün sayğaca o, məsuliyyət daşımır. Eyni zamanda qeyd edir ki, sayğac yenisi ilə əvəz olunan zaman onun xəbəri olmamış, bununla bağlı heç bir akt tərtib edilməmiş, həmçinin laboratoriyaya aparılan zaman onun iştirakı təmin edilməmiş, bu barədə ona hər hansı məlumat verilməmişdir. Sayğac dəyişdirildikdən sonra bildiriş göndərilib ki, guya sayğaca müdaxilə edilib. Bunu nə ilə sübut edirlər? Nə ilə sübut edirlər ki, sayğaca məhz onlar tərəfindən müdaxilə edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi sayğac çöldə quraşdırılmışdır və məsuliyyəti o halda ona aid olardı ki, onun həyətində quraşdırılardı. Bəlkə qonşu müdaxilə edib? Ya da yoxlama keçirilən zaman elə özləri tərəfındən müdaxilə edilmişdir? Qanunvericiliyin tələblərinə uyğun olaraq, sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi haldə isə müvafıq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, özbaşına qanuna zidd olaraq sayğaca baxış keçirdikdən sonra özündən borc hesablamışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən tələb olunan borc əsassızdır və ədalətli, obyektiv və hərtərəfli məhkəmə araşdırması nəticəsində silinməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Əliyev Teyyub onun qohumudur. Evi alarkən sənədlərində problem olduğundan cavabdeh təşkilatda ev onun adına qeydiyyatdan keçmişdir. Lakin həmin evdə o ailə üzvləri ilə birlikdə yaşayır. Bunu Məhəllə Komitəsindən aldığı arayış da təsdiq edir. Eyni zamanda bildirmək istəyir ki, onun sayğaca müdaxilə edilməsində heç bir təqsiri yoxdur. Onun bəzi qonşuları da Azəriqaz tərəfindən bu halla rastlaşıb. Qeyd edir ki, bu məhkəmə prosesindən sonra o, Azəriqaza qarşı maddi-mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edəcəkdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Azəriqaz İB-nin əməkdaşlarının heç bir vətəndaşa qarşı qərəzli mövqeyi yoxdur. Heç bir əsas olmadan heç kimə cərimə yazılmır. Sayğaca müdaxilə halı aşkar olunduğundan akt tərtib olunmuş və iddiaçıya cərimə hesablanmışdır. Həmçinin sayğaca müdaxilə olunması ilə bağlı labaratoriya rəyi də var. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 3 İddiaçı adına xx.xx.2023-cü il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 3110.40 manat borc hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 3 qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 25920 m3 müəyyən edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, G4 markalı sayğacın baxış keçirilən zaman sayğacın klapanın işlək olmadığı, yivli birləşmələrin korroziyaya uğradığı, sayğacın mənfiyə işlədiyi, sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı, xətaların normadan artıq olduğu, sayğac minimal sərfiyyatda -100 % nisbi xətayla işlədiyi, kamera ilə sayğacın daxilinə baxış keçirildiyi, plastmas boruda deşik aşkar olunduğu, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi və nəticədə sayğacın yararsız olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cu il tarixli, MSK-14-2-2/3-4768/Q001 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin 14-2-2/3-4768/Q001 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cu il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi 7-ci məhəlləsi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə ünvanında 7-ci məhəllədə yaşayır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan ünvan 3 qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ünvan 3 ünvanında quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından onun barəsində tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 3110.40 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, kanalqırağı ərazi, ev 7, mənzil 93 ünvanına (abonent kodu: **********00930) Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4402/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4402/2023
17.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver