Məhkəmə qərarları › İş №2(060)-4404/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4404/2023

05.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4404/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev nömrəli fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 259 manat 20 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdehin qanunsuz tələbləri ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, , H.Z.Tağıyev qəsəbəsi, Ceyranbatan küçəsi, 121 nömrəli fərdi yaşayış evinə (Cavabdeh İB qeydiyyatına görə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kompressor zavodugecəqondu, mənzil 299) əsassız olaraq 259 manat 20 qəpik borc hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçının mənzilinə bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, iddiaçıya məxsus mənzildə quraşdırılmış G-4 markalı, **********56 nömrəli qaz sayğacı 26 dekabr 2022-ci ildə yeni G-4 markalı, **********5 nömrəli qaz sayğacı ilə əvəz olunmuş, ünvandan çıxarılmış G-4 markalı, **********56 nömrəli qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş, sayğaca ümumi baxış keçirilmiş, guya sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu səbəbdən də iddiaçıdan itirilmiş qazın bərpası ilə əlaqədar olaraq 259 manat 20 qəpik dəymiş ziyan tələb edilmişdir. Hesab edir ki, cavabdehin iddiaçıdan tələb etdiyi pul məbləği tamamilə uydurma, cəfəngiyyat və qanunsuzdur. Belə ki, cavabdehin iddiaçıdan qeyd olunan məbləğləri tələb etməsi üçün heç bir əsası yoxdur. Cavabdeh qeyd edir ki, sayğaca kənar təsir olmamışdır. Əvvəlcə qeyd etmək istəyir ki, sayğac iddiaçıya məxsus həyətin daxilində yox, çöldə quraşdırılmışdır. Yəni, həmin sayğac həyətdən çöldə quraşdırıldığı üçün sayğaca iddiaçı məsuliyyət daşımır. Eyni zamanda qeyd edir ki, sayğac yenisi ilə əvəz olunan zaman iddiaçının xəbəri olmamış, bununla bağlı heç bir akt tərtib edilməmiş, həmçinin laboratoriyaya aparılan zaman iddiaçının iştirakı təmin edilməmiş,bu barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi halda isə müvafiq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, öz başına qanuna zidd olaraq sayğaca baxış keçirdikdən sonra özündən borc hesablamışdır. Cavabdeh tərəfindən tələb olunan borc əsassızdır və ədalətli, obyektiv və hərtərəfli məhkəmə araşdırması nəticəsində silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək tələbin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2023-cü ildə Dövlət yoxlamasına gətirilmiş G-4 markalı (№**********56) sayğaca baxış keçirilmiş, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən olunmuşdur. - Cavabdeh İB Sumqayıt QİS-nin rəisi tərəfindən xx.xx.2023-cü ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 2160 m3 müəyyən olunmuşdur. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Mexanika G-4 markalı, **********6 №li sayğac Zenner tipli G-4 markalı **********5 №li sayğacla əvəz edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu əsasla ******* saylı xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında 259,2 manat cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X5 Reyestrinə daxil edilməsidir. X3 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X5 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X5 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Ona görə də məhkəmə, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyinə görə hesablanmış vəsaitin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 259,2 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, H.Z.Tağıyev nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********02990) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akt əsasında hesablanmış 259,2 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********02990) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akt əsasında hesablanmış 259,2 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar