Məhkəmə qərarları › İş №2(060)-4406/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4406/2023

22.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4406/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, 49-cu məhəllədə (Cavabdeh İB-nin qeydiyyatına görə Sumqayıt şəhəri, 12 mikrorayon, bağ evi 61) yerləşən fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 1555 manat 20 qəpik borcun silinməsini və sayğacın dəyəri olaraq hesablanmış 64 manat 67 qəpik pul məbləğinin iddiaçıdan tələb olunmasının əsassız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 49-cu məhəllədə (Cavabdeh İB-nin qeydiyyatına görə Sumqayıt şəhəri, 12 mikrorayon, bağ evi 61) yerləşən fərdi yaşayış evinə əsassız olaraq 1555 manat 20 qəpik borc hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçının mənzilinə bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, ona məxsus mənzildə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağı gövdədən üst hissədən tamamilə aralanıb, hesablama mexanizmi daxilində yad əşya aşkarlanmış, sayğac istismara yarasız kimi qiymətləndirilmişdir. Bu səbəbdən də ondan itirilmiş qazın bərpası ilə əlaqədar olaraq 1555 manat 20 qəpik dəymiş ziyan tələb edilmişdir. Sayğac iddiaçıya məxsus həyətin daxilində yox, çöldə quraşdırılmışdır. Yəni, həmin sayğac həyətdən çöldə quraşdırıldığı üçün sayğaca iddiaçı məsuliyyət daşımır. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12 mikrorayon, bağ evi 61 ünvanına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan əsasında abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x24x90=12960m3 x 0,12qəpik= 1,555,20 manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, sayğaca onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Sayğac ona məxsus həyətin daxilində yox, çöldə quraşdırılmışdır. Abonent saldosunda adı qeyd edilən Eldəniz Əsədov onun dayısı oğludur. Ev Eldənizin olub. Lakin, hazırda dayısı oğlu ölkədə deyildir və evi yaşamaq üçün ona verib. Evin abonent saldosu dayısı oğlunun adına olsa da, faktiki olaraq həmin evdə o, yaşayır və təbii qazdan istifadə edir. Özü sözügedən ünvünda 2022-ci ilin sentyabr ayından bəri yaşayır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Sayğaca kənar müdaxil edilib. Bu səbəbdən məsuliyyət bilavasitə iddiaçının öz üzərinə düşür. Sayğac iddiaçının deyil, Eldəniz Əsədovun adınadır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci ildə, Xaçmaz rayonu, Mirzəməmməd kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. ünvan 3 xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışına əsasən iddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 49-cu məhəllədə fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, “Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin daxilində yad əşya (lenta) aşkarlandı. Sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilib. Sayğac istismara yarasızdır ”. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya 12960 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya xx.xx.2023-cü il tarixli akt əsasında 1555,20 manat borc hesablandığı göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçının ünvanında məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64,67 manat ödənilməlidir. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 1555,20 manat borcun və sayğacın dəyərinə görə ondan tələb edilən 64,67 manat pulun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 1555,20 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında və sayğacın dəyərinə görə hesablanmış borclar silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 49-cu məhəllədə (Cavabdeh İB-nin qeydiyyatına görə Sumqayıt şəhəri, 12 mikrorayon, bağ evi 61) yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik və borc silinsin və sayğacın dəyərinə görə tələb edilən 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun tələb edilməsi qanunsuz hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar