Məhkəmə qərarları › İş №2(060)-4425/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4425/2024

09.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4425/2024 09.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Qaz İstismar Sahəsi olmaqla) akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən onun və ailəsinin yaşadığı ünvan 1 ünvanına 05 dekabr 2023-cü il tarixli ******* saylı aktla qanunsuz hesablanmış 2073,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanına Cavabdeh İB tərəfindən 05 dekabr 2023-cü il tarixində ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akta əsasən 2073,60 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən ona hesablanmış borc ilə razı deyildir. Həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd etmək istəyir ki, sayğac evinin daxilində deyil, küçədə yerləşir. Bundan əvvəl kartla sayğacları olmuşdur. Vaxtlı-vaxtında da işlətdikləri qaza görə sayğaca pul yükləmişdirlər. Sonra qaz işçiləri gələrək, sayğacları çıxardıb, aparmışlar. Bundan onların xəbərləri olmamışdır ki, niyə çıxartmış və hara aparmışlar. Uzun müddət də gəlib nə məlumat vermişlər, nə də maraqlanıblar ki, onlara qaz gəlir ya yox. Bir müddət sonra gətirib mexaniki sayğac qoymuşlar. Sonradan onlara küllü miqdarda borc gəlmişdir. Guya onlar qazdan qeyriqanuni istifadə etmişlər. Halbuki, sayğac çıxarılan zaman ona müdaxilə halı aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan akt əsasında yazılmış və ona əsasən da dəymiş ziyan 2073,60 manat hesablanmışdır. Bu uydurma və qanunsuz hesablanan cərimənin onların yaşadığı mənzilə heç bir aidiyyəti yoxdur. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə ilə müraciət edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, aktda sayğacdan kənar qoşulma ilə günahlandırılaraq abonent koduna 2073.6 manat məbləğində cərimə hesablanmışdır. Halbuki, heç bir qanunsuz qoşulma mövcud olmamışdır. Həm qanunsuz qoşulmanın olması nə ilə sübut olunur? Yazılmış fantastik cərimə məbləği hansı əsaslarla və hansı meyarlarla hesablamışdır? Bundan əlavə Azərbaycan Respublikasının Nazirlət Kabinetinin “Qazdan istifadə qaydaları” haqqında 12 may 2011-ci il tarixli, 80 saylı qərarının 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Qərarın 6.5-ci bəndində qeyd olunanların heç biri yerinə yetirilməmiş, yazılmış aktdan heç bir xəbərləri olmamışdır. Belə olan halda Cavabdeh İB tərəfindən yazılmış cərimənin heç bir hüquqi əsası yoxdur. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın əsassız hesab edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Asfaltzavod və körpü ərazisi 359 ünvanında yaşayan İddiaçı məxsus G-4 markalı sayğaca əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkarlandığı qeyd olunmuşdur. Abonentin qaz işlədici cizahlarının hesabatı aparılmış və ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x12x360=17280 m3 x 0.12 qəpik = 2073.60 manat hesablanmışdır. Abonent sayğaca müdaxilə etməklə, qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə qaz itkisinə yol vermilmiş, dövlət əmlakı talanmışdır. Bu faktla bağlı iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. 17 iyul 2024-cü il tarixdə mülki işin hazırlıq iclasında Sumqayıt Qaz İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. 04 sentyabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Qaz İstismar Sahəsinin nümayəndəsi Ramiq Ağalarov izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. 2015-ci ildən müvafiq qurumda çalışır. Akt yazılarkən iştirak etmişdir. Dörd nəfərlik qrup olmuşdurlar. Tural, Yusif, Cəfər və o olmuşdur. Ərazidə reyd keçirmiş, qeyri-qanuni qoşulmaları aşkar edirmişlər. Səhəri gün vətəndaş xəbərdar edilmişdir. O, birinci dəfə idi ki, iştirak etmişdir. Əvvəl belə hal olub-olmadığını bilmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahat verərək bildirmişdir ki, o, qeyri-qanuni xəttdən istifadə etməmişdir. Onlar evə yerləşdikdə xətt orda olmuş və indi də oradadır. Daha sonra isə 2073 manat cərimə hesablanmışdır. Kərimova Güllü onun yoldaşıdır. Mənzilin çıxarışı yoxdur. Sayğac işləməmiş və onunla bağlı müraciət olunmuş, lakin əməkdaşlar gəlməmişlər. Həmin vaxt da uşaqları xəstə olmuşdur. Məcbur olaraq sayğaca şlanq qoşmuşdur. Axşam qoşmuş və tezdən uşaqları məktəbə apararkən ayırmışdır. Sayğac işləmədiyi üçün üstünü açmışdır. Sayğac smart kart tipli olmuşdur. İşləməmiş, müraciət etmiş, onlar da demişlər ki, sayğacda kipləşmə vardır. Həftənin beşinci günü gecə müraciət etmiş və bildmişlər ki, altıncı gün dəyişəcəkdirlər. Altıncı gün də günortaya kimi işləmiş və getmişlər. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd edilməsini xahiş edərək bildirdi ki, iddia tələbi əsassızdır, belə ki 05 dekabr 2023-cü il tarixdə sayğac adına olan X1 Sumqayıt şəhəri, Asfaltzavod və körpü ərazisi 359 saylı ərazisində Cavabdeh İB-nin əməkdaşları baxış keçirmişlər. Baxış zamanı fərdi evdə “Qazdan istifadə Qaydaları”-nın tələblərinə zidd olaraq, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Ona görə də yerindəcə akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarına əsasən 17280 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2073 manat 80 qəpik məbləğ hesablanmışdır. Vətəndaş akta qol çəkməmişdir. Bununla bağlı video-disk də vardır. Onu da etiraz ilə məhkəməyə təqdim etmişlər. Vətəndaşın yazılı ərizəsi yoxdur. Bildirdiyi hal isə sübut kimi qəbul oluna bilməz. Sayğac işləmiş, lakin vətəndaş qeyri-qanuni qazdan istifadə etmişdir. Sayğacdan qeyri-qanuni istifadə edən vətəndaşlar üçün gecələri yoxlama qrupları olur. Qaz xətləri yol kənarında yerləşdiyindən onları müşahidə etmək daha rahatdır. 05 dekabr tarixində akt tərtib olunmuş, ondan sonra da sayğacı dəyişmişlər. Sayğaca istər qeyri-qanuni istifadə halı olsun, istərsə də nəsə qoşulsun. Bu kimi hallarda sayğacı dəyişirlər. Dövlət yoxlamasına göndərilir. Əgər hər hansı bir nöqsan aşkar edilərsə akt tərtib olunur. Abonent 2021-ci ildə il ərzində 496 manat, 2022-ci il tarixdə il ərzində 379 manat, 2023-cü ildə 101 manat ödəniş etmişdir. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh tərəfindən təqdim edilmiş video-diskə tərəflərin iştirakı ilə baxış keçirilmiş, iddiaçı qanunsuz qoşulma halını etiraf etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməməlidir. - 017790799833590 nömrəli abonentin saldosundan görünür ki, Sumqayıt, Asfaltzavod və körpü ərazisi 359 ünvanında 2023-cü ilin dekabr ayında qalıq və aktlar üzrə 2073 manat 60 qəpik məbləğində borc hesablanmışdır. - Təbi qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar xətt aşkar olunmuşdur. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sayğacdan kənar qeyriqanuni qaz xətt ləğv edilmiş və 4x12x360=17280 m3 qaz itirilmişdir. - Sumqayıt Bələdiyyəsi “Ceyranbatan-1” ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 2043 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, “Asfaltzavod” ərazisində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin məcəllənin 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 2073 manat 60 qəpik məbləğində əsassız borcun hesab kodundan silinməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, qeyd edilən akt təbii qazdan qeyri-qanuni xətt əsasında yazılmış olduğundan, iddiaçı ilk növbədə sübut etməlidir ki, o qaz xəttinə qeyri qanunu qoşulmamışdır. Lakin iddiaçı bu halı sübut edə bilməmişdir. Əksinə qanunsuz qoşulma halını özü iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarında təsdiq etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş video çəkilişə dair diskə baxış keçirilərkən, həmçinin iş materiallarında olan şəkillərə əsasən müəyyən edilir ki, qeyri qanuni xətt qoşulmaqla qazdan istifadə edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə hesablanmış cərimənin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarına uyğun olmuşdur. İddiaçı sayğacın işlək vəziyyətdə olmamasını qeyd etsə də, qeyd etdikləri hallar məhkəmə iclasında öz təsdiqini tapmamış, cavabdehin etirazının əsaslarına qiymət verilərkən (illər üzrə qaz sərfiyatının məbləğləri arasında olan fərq) etirazın dəlillərinin əsaslı olması qənaətinə gəlmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh İB-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Qaz İstismar Sahəsi olmaqla) “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar