Məhkəmə qərarları › İş №2(060)-445/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-445/2021

20.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-445/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının hüquqi varisi X2 və onun vəkili Vəkil, Cavabdeh1, onun və digər cavabdehlərin nümayəndəsi, vəkil X5 iştirakı ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı (üçüncü şəxs – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi) vərəsəlik şəhadətnaməsinin ləğvi və digər tələblərinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontoruna (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsini üçüncü şəxs kimi göstərməklə) Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı evlə bağlı cavabdehlərin adlarına verilmiş vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması barədə müqavilənin və digər hüquqmüəyyəedici sənədlərin etibarsız hesab edilməsi, iddiaçının həmin əmlak üzərində vərəsə payının tanınması və cavabdehlərin adlarına verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev Sumqayıt şəhəri,Corat qəsəbəsi, 80-ci məhəllə, ev 109-da yeriəşməklə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 2006-cı il tarixli sərəncamına əsasən iddiaçının mərhum oğlu X3 adına qeydə alınmış və onun adına 18.07.2006-cı il tarixdə çıxarış verilmişdir. İddiaçı həmin evdə 1971ci ildən yaşayır.Oğlu Əlibəy 27.07.2010-cu ildə dünyasını dəyişmişdir. İddiaçı həmin evin vərəsəlik əsasında cavabdehlərin adına rəsmiləşdirilməsindən məlumatsız olmuşdur. Belə ki, artıq uzun illərdir ki, iddiaçı yataq xəstəsidir və oğlunun - miras qoyanın ölümündən sonra da iddiaçı bu evdə fasiləsiz olaraq yaşamaqla mirası faktiki qəbul etmişdir. Lakin cavabdehlər onun xəbəri olmadan Sumqayıt şəhər 3 saylı notariat kontorunda təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququna dair dətnamə, 2V-1810 reyestr nömrəli 13.11.2012-ci il tarixli vəsiyyətnamə - vərəsəlik haqqında şəhadətnamə və 3m-1174 reyestr nömrəli 2012-ci il tarixli miras payın bağışlanması müqaviləsi əsasında bu evi öz adlarına rəsmiləşdirmiş və Cavabdeh1 7/20 hissədə, Cavabdeh2 7/20 hissədə və Cavabdeh3 6/20 hissədə payı tanınmaqla adlarına çıxarış verilmişdir. Halbuki cavabdeh Sumqayıt şəhər 3 saylı DNK bu sənədləşmələri apararkən iddiaçını da miras qoyanın qanun üzrə 1-ci növbə vərəsəsi kimi cəlb etməli idi. Çünki iddiaçı da digər vərəsələr kimi həmin miras əmlakdan pay tələb etmək hüququna malikdir. Sumqayıt Şəhər Məhkəməsinin 05.05.2021-ci il tarixli qətnaməsi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. 23.07.2021-ci il tarixində ekspert rəyi iş materialları ilə birlikdə məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının vəkili məhkəmə iclasında X6 tərəfindən verilmiş vəsatət təqdim etmişdir. X1 iddiaçı vəfat etdiyi üçün onun iddiaçının hüquq varisi kimi tanınmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli qərardadı ilə iddiaçı onun hüquqi varisi X6 (bundan sonra – iddiaçının hüquqi varisi) ilə əvəz edilmişdir. İddiaçının hüquqi varisi məhkəmə iclasında iddianın həcminin artırılması barədə ərizə təqdim edərək ərizəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı evlə bağlı mərhum X3 adından Sumqayıt şəhər 3 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş 16.06.2006-cı il tarixli vəsiyyətnamənin, cavabdehlərin adlarına verilmiş vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması barədə müqavilənin və digər hüquqmüəyyəedici sənədlərin etibarsız hesab edilməsi, iddiaçının həmin əmlak üzərində vərəsə payının tanınması və cavabdehlərin adlarına verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X3 adından verilmiş vəsiyyətnamədəki imzanın ona məxsus olub-olmaması mübahisəlidir. X14 belə bir vəsiyyətnamə vermiş olsaydı belə yenə notariat orqanı vərəsə kimi iddiaçını cəlb etməli idi. Çünki iddiaçının miras əmlakda məcburi payı vardır. Qeyd edilənlərə əsasən vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının hüquqi varisi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Əlibəy Novruzov tərəfindən verilmiş vəsiyyətnamənin saxta olduğunu təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildi. Belə ki, həmin vəsiyyətnamə Əlibəy Novruzov tərəfindən imzalanmışdır. Əgər vəsiyyətnamə olmasaydı və miras əmlaka dair qanun üzrə vərəsəlik tətbiq olunsaydı digər vərəsələrin cəlb edilməsi zəruri olardı. Vəsiyyətnamə olduğu təqdirdə isə buna zərurət yoxdur. Bu səbəbdən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndənin izahatını təsdiq etdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 02.08.20214-ci il tarixində vəfat etmişdir. İddiaçının hüquqi varisi 19.11.1965-ci ildə anadan olmuşdur. Cavabdeh2 xx.xx.1986-cı ildə, Cavabdeh1 isə xx.xx.1981-ci ildə anadan olmuşlar. Onlar ünvan 1 ünvanında qeydiyyatdadırlar. Cavabdeh3 21.01.1955-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnaməyə əsasən X7 iddiaçı ilə 23.10.1949-cu ildə rəsmi nikaha daxil olmuşlar. Ölüm haqqında şəhadətnaməyə əsasən X7 24.05.1978-ci ildə vəfat etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllə, ev 109 (bundan sonra – mübahisəli ev) üzərində X4 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Ölüm haqqında şəhadətnaməyə əsasən X8 27.06.2010-cu ildə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 06.08.2020ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-1811 reyestr nömrəli, 13.11.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 2V-1810 reyestr nömrəli, 13.11.2012-ci il tarixli miras payın bağışlanması əsasında mübahisəli ev mülkiyyət hüququ üzrə 7/20 hissədə, Cavabdeh1, 7/20 hissədə Cavabdeh2, 6/20 hissədə Cavabdeh3 adına qeydiyyata alınmış və 13.12.2012-ci il tarixli çıxarış verilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş notariat işində olan sənədlərlə müəyyən edilir ki, Əlibəy Novruzov mülkiyyətində olan mübahisəli evi Cavabdeh2 və Cavabdeh1 vəsiyyət etmişdir. Nikah haqqında şəhadətnaməyə əsasən X8 19.05.1979-cu ildə Cavabdeh3 ilə nikaha daxil olmuşlar. 13.11.2012-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 və Cavabdeh2 mübahisəli evdən hər biri 7/20 hissədə pay almalıdırlar. Məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsinə dair ekspert rəyininin nəticə hissəsində göstərilmişdir ki, 16.10.2006-cı il tarixli vəsiyyətnamənin kserosurətində “İmza: Novruzov Ə” yazıları qarşısında əks olunmuş imzanın X8 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (1145). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır(1146). Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər (1166). Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər (1167). Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir (1168). Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür (1170.1.). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (1179.1.). Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin (1179.2.). Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (1180.1.). Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır (1180.2.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli ev X4 mülkiyyətində olmuşdur. Əlibəy Novruzov sağlığında həmin evi Cavabdeh2 və Cavabdeh1 vəsiyyət etmişdir. Əlibəy Novruzov vəfat etdikdən sonra 3 saylı Notariat kontorunda açılmış vərəsəlik işi üzrə Cavabdeh2 və Cavabdeh1 hər biri mirasdan 7/20 hissədə, Cavabdeh3 isə 6/20 hissədə pay almışlar. Əlibəy Novruzovun həyat yoldaşı olan Cavabdeh3 isə birgə nikah dövründə əldə edilmiş ümumi əmlaka 6/20 hissədə pay almışdır. İş üzrə vəsiyyətnamə mövcud olduğundan qanun üzrə vərəsəliyin tətbiq edilməsi istisna üsilmiş və iddiaçının qanun üzrə vərəsə kimi cəlb edilməsinə zərurət olmamışdır. Vəsiyyətnamənin saxta olması ilə bağlı iddiaçı tərəfin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyində vəsiyyətnamədə olan imzanın Əlibəy Novruzov tərəfindən icra edilib-edilməməsinin müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Yəni, vəsiyyətnamədə olan imzanın Əlibəy Novruzova məxsus olmaması ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İddiaçının mirasda məcburi payının olması ilə bağlı dəlilə gəldikdə qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir (1193). Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (1194). İşdən göründüyü kimi vərəsəlik işi 2012-ci ildə açılsa da, iddiaçı həmin vaxt mirasdan ona çatmalı olan məcburi payı tələb etməmiş və miras əmlak üzərində paylar müəyyən edilmişdir. Eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi vərəsələr məcburi pay hüququ olan şəxslər qarşısında birgə borclu kimi çıxış edirlər. Belə olan halda iddiaçı cavabdehlərə qarşı ayrıca iddia qaldıraraq ona çatmalı olan məcburi payı tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontoruna qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı evlə bağlı mərhum X3 adından Sumqayıt şəhər 3 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş 16.06.2006-cı il tarixli vəsiyyətnamənin, cavabdehlərin adlarına verilmiş vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması barədə müqavilənin və digər hüquqmüəyyəedici sənədlərin etibarsız hesab edilməsi, həmin əmlak üzərində vərəsə payının tanınması və cavabdehlərin adlarına verilmiş çıxarışın ləğvi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar