Məhkəmə qərarları › İş №2(060)-4461/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4461/2021

05.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4461/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi evdə yaşayır. Həmin evdə istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər vaxtlı vaxtında cavabdehin təqdim etdiyi bildiriş əsasında tərəfindən ödənilmişdir və bu ödənişlər barədə qəbzləri var. 30.03.2021-ci il tarixində "xxxx" ASC-nin bir qrup əməkdaşı göstərilən ünvana gələrək evdən kənarda çöldə hasara quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirərək guya evinə sayğacdan kənar xətt daxil olduğu üçün elektrik enerjisindən istifadə qaydalarının 8.32 bəndinin pozulması haqqında 30.03.2021-ci il tarixli, 219712 saylı akt tərtib edərək həmin mənzil üzrə elektrik enerjisindən istifadəyə görə 510,95 manat borcu olduğu bildirmişlər. Baxmayaraq ki, elektrik hesabat sayğacı evdən kənarda çöldə hasarda yerləşir və onun qorunmasına enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin ünvan 16.04.2008-ci il tarixdə enerji təchizatı müəssisəsi tərəfindən qeydiyyata alınmış, **********00941 saylı abunə hesabı açılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay sayğaca baxış keçirərək ona bildiriş tədqim edirlər və sayğac mənzildən kənarda yerləşdiyindən sayğacın qorunması cavabdeh təşkilatın üzərinə düşür. Qeyd olunanlara əsasən iddiaçı 510,95 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, ona yazılan 510,95 manat borc cərimədir. Aktın tərtib olunduğundan xəbərdar olmayıb. Hazırki vaxtadək istifadə etdiyi elektrik enerjisinə görə hər ay 10-12 manat cavabdehin təqdim etdiyi bildiriş əsasında oğlu tərəfindən ödənilmiş, evi keçən il aprel ayında alıb və borc olmayıb. Evdə yoldaşı ilə bərabər yaşayıb, yoldaşı da rəhmətə gedib. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərdi ki, İddiaçı "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Məhkəmə iddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 izahatlarını dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 219712 saylı, 30.03.2021-ci il tarixli aktın surətindən görünür ki, 30.03.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən **********00941 saylı kodu olan abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən mənzilə sayğac sxemindən kənar faza xətti aşkar edilmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən,yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 30 mart 2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında baxış zamanı iddiaçıya məxsus mənzilə sayğacdan kənar xətt çəkilməsinin aşkar olunması barədə akt tərtib edərək iddiaçıya borc hesablanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı məxsus mənzilə sayğacdan kənar xətt çəkilməsi öz təsdiqini tapmadığından iddiaçı məsuliyyət daşımır. Eyni zamanda iddiaçı həmin dövrə qədər vaxtaşırı ödənişlər etmiş, sayğac üzrə hər ay istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmiş, hər ay nəzarətçi tərəfindən sayğaca baxılmış, lakin kənar xəttin olması aşkar olunmamışdır. Belə olan halda məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının öhdəliyinə verməsi əsassız olmaqla, qanuna uyğun deyildir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30.03.2021-ci il tarixdə tərtib edilmiş R № 219712 saylı akta əsasən İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 510,95 (beş yüz on manat doxsan beş qəpik) manat borc **********00941 saylı abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar