Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4469/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi, "xxxx" MTK-ya məxsus 35 saylı evin 97 saylı mənzili 2018-ci il tarixdən onun mülkiyyətində və istifadəsində olmuşdur. Həmin mənzilə dair qaz sayğacının **********00970 nömrəli abonent kodu onun adına qeydiyyata alınmışdır. O, sözügedən mənzili xx.xx.2023-cü il tarixdə digər şəxsə satmışdır. Hal-hazırda borc onun adına qeydiyyata alındığına görə mənzilin qaz sayğacının abonent kodu həmin şəxsin adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi, "xxxx" MTK-ya məxsus 35 saylı evin 97 saylı mənzilində xx.xx.2022-ci il tarixdə mənzildə məişət elektrik cihazlarının şəbəkəyə qoşulu qalması səbəbindən yanğın baş vermişdir. Belə ki, yanğın baş verən zaman “101” xidmətinə məlumat verilmiş, yanğın söndürənlər tərəfindən yanğın söndürülmüş, hadisə yerinə baxış keçirilərək AR FHN Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2022-ci il tarixli, 37/B-01333 nömrəli yanğın haqqında akt tərtib olunmuşdur. Həmin aktda hadisə haqqında bütün nüanslar ətraflı qeyd olunmuşdur. Mənzil uzun müddət yararsız vəziyyətdə olmuşdur. Belə ki, Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən mülkiyyətçisi olduğu mənzilin əvvəlki qaz sayğacının dəyişdirilərək, yeni smart tipli qaz sayğacının quraşdırılması işləri həyata keçirilmişdir. ZENNER tipli, G-4 markalı, **********3 nömrəli qaz sayğacı ZENNER markası, G-4 markalı **********4 nömrəli qaz sayğacı ilə dəyişdirilmiş və bunun əsasında ******* nömrəli, xx.xx.2023-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. Sonradan çıxarılmış sayğac labaratoriyaya göndərilmiş, oranın rəyi əsasında xx.xx.2023cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. Həmin akta əsasən ZENNER tipli, G-4 markalı, **********3 nömrəli qaz sayğacının tamamilə yanması və sayğacın istismara yararsız olması qeyd olunmuşdur. Bunu əsas gətirərək ona 1555.20 manat cərimə hesablanmışdır. İş materiallarına təqdim etdiyi sənəddən görünür ki, qaz sayğacına müdaxilə olunmamışdır. Mənzildə baş verən yanğın səbəbindən sayğac yararsız vəziyyətə düşmüşdür. Həmçinin mənzilə yeni sayğac onun öz hesabına quraşdırılmışdır. O və onun ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Ona görə də qeyd olunan akt əsasında əsassız olaraq ona 1555.20 manat məbləğində hesablanmış borcu əsassız və qanunsuz hesab etmişdir. Aktın əsassızlığını cavabdeh təşkilata bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Yazılmış borcun yalnız məhkəmə mübahisəsindən sonra silinməsinin mümkün olduğunu bildirmişlər. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə onun arasında bağlanmış müqavilənin müddəalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi istehlakçının vəzifələri sırasına daxil edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən, Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi, "xxxx" MTK-ya məxsus 35 saylı evin 97 saylı mənzilində istifadədə olan qaza görə quraşdırılmış qaz sayğacına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında qanunsuz hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ev yanmış, sayğac yanmış, bunun nəticəsində də cərimə hesablanmışdır. FHN-nin rəyini cavabdeh təşkilata vermişdir. Ev bina evidir. Yanğın olan zaman aynadan sızmış və sayğac partlamışdır. Ev yanan zaman MTK qazı aşağıdan bağlıyır. Sayğac yenisi ilə əvəz olunduqdan sonra akt tərtib olunmuşdur. 2021-ci ilin yay aylarında mənzil yanmışdır. Ev satılmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, evin yanması barədə onlara heç bir məlumat verilməmişdir. Sayğaca baxış keçirilərkən, sayğacın yararsız olması və yanmış halda olması aşkarlanmışdır. Sayğac labaratoriya müayinəsinə göndərilmiş və akt ilə sayğacın tam yararsız vəziyyətdə olması təsdiq olunmuşdur. Ödənişlər də olunmamışdır. Bu səbəbdən də ehtimal olunur ki, sayğac qəsdən yararsız hala salınmışdır. Saldodan görünür ki, 2022-ci ilin aprel ayına qədər ödənişlər olunmuşdur. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: - Azərbaycan Respublikası Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktuba cavabdan görünür ki, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 35, mənzil 97-də baş vermiş yanğın hadisəsi barədə tərtib edilmiş aktın surəti göndərilmişdir. - xx.xx.2022-ci il tarixli yanğın haqqında aktdan görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi, "xxxx" MTK-ya məxsus 35 nömrəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 97 nömrəli mənzildə baş vermiş yanğın zamanı binanın 15-ci mərtəbəsinin dəhlizinin tüstüdən qaralması, orada olan elektrik sayğaclarının və 97 mənzilin qaz sayğacının yanması səbəbindən "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli arayışına əsasən onlara beş min manat maddi ziyan dəymişdir. - 27 fevral 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı, 27 fevral 2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 12960 kubmetr qaz itkisi hesablanmışdır. - “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 27 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın nömrəsi QİS-in möhürlü kağızına əsasən yazılmış, sayğac tamamilə yanmış və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. - Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın nömrəsi QİS-in möhürlü kağızına əsasən yazılmış, sayğac tamamilə yanmış və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. - Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00970) ünvan 2 ünvanında xx.xx.2023-cü il tarixdə ZENNER G4T MEXANİKİ tipli, **********4 nömrəli sayğac quraşdırılmışdır. 02/2023-cü il tarixə 13053 kub metr qaz sərfiyyatı olmuş və həmin tarixə qalıq və aktlar əsasında 1555.20 manat vəsait hesablanmışdır. - Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac yanaraq yararsız hala düşdüyündən İddiaçı yeni sayğac sifariş vermiş və həmin sayğac quraşdırılmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın nömrəsi QİS-in möhürlü kağızına əsasən yazılmış, sayğac tamamilə yanmış və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, abonent saldosuna əsasən 02/2023cü il tarixə 13053 kub metr qaz sərfiyyatı olmuş və həmin tarixə qalıq və aktlar əsasında 1555.20 manat vəsait hesablanmışdır. Bu 12960 kub metr qaz sərfiyyatı üçün 27 fevral 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 1555.20 manat pul vəsaiti hesablanmışdır. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1555.20 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 27 fevral 2023-cü il tarixli, ******* №-li akta əsasən hesablanmış 1555.20 manat borc abonentin hesabından (abonent kodu **********00970) silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən 35.55 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00970 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə hesablanmış 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik borc silinsin. Cavabdehndən 35 (otuz beş) manat 55 (əlli beş) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4469/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4469/2023
20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver