Məhkəmə qərarları › İş №2(060)-4470/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4470/2022

14.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4470/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Sumqayıt “ASAN Xidmət” Mərkəzində notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi İdarəsinə qarşı (üçüncü şəxslər - X2 və X3) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və digər tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt “ASAN Xidmət” Mərkəzində notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi İdarəsinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdə Sumqayıt “ASAN xidmət” məkrəzində notariat ofisində onunla bacısı X4 arasında Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 25 nömrəli evin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ünvanda yerləşən evin X1 adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt “ASAN Xidmət” Mərkəzində notariat ofisində 04 dekabr 2017-ci il tarixdə iddiaçı X4 ilə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlayıblar. Müqaviləyə əsasən iddiaçı Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən 25№li evi bacısı Zemfira Hacıyevaya bağışlayıb. Müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılıb. Həmin əqd tamamilə formal xarakter daşımışdır. Zemfiranm hədiyyəni qəbul etmək məqsədi yox idi. Onlar bu əqdi müəyyən şifahi şərtlərlə bağışlamışdılar. Zemfira Hacıyeva xx.xx.2018-ci ildə iddiaçının arvadı Zümrüd Hüseynovaya etibarnamə vermişdi ki, evi yenidən iddiaçının adıma sənədləşdirsinlər. Bu illər ərzində iddiaçı bu evdə yaşayıb. xx.xx.2021-ci ildə iddiaçının bacısı vəfat edib. Bu vaxtdan onun qızı - cavabdeh X3 və əri - X2 evin yenidən iddiaçının adına sənədləşdirilməsinə etiraz ediblər. Bu səbəbdən iddiaçı hazırkı iddianı qaldırıb. Məhkəmə iddia ərizəsini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). Ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir (149.2.3.). Göründüyü kimi iddiaçı onunla bacısı Zemfira Hacıyeva arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və onun əsasında verilmiş çıxarışın ləğvini xahiş edir. O, iddia ərizəsində cavabdehlər kimi Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat ofisini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi İdarəsini göstərmişdir. Lakin, iddia ərizəsinin məzmunundan görünür ki, həmin qurumlara qarşı iddiaçının hər hansı tələbi yoxdur. Əksinə iddia ərizəsinin məzmununa əsasən iddiaçının tələbinin birbaşa yönəldiyi X2 və X3 iddia ərizəsində üçüncü şəxslər kimi göstərilmişdir. Hazırkı vəziyyət isə işə baxılmasını qeyri-mümkün edir. MPM-də göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər Sumqayıt “ASAN Xidmət” Mərkəzində notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və digər tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar