Məhkəmə qərarları › İş №2(060)-4473/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4473/2023

02.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4473/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «istifadə edilməmiş suya görə hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın istifadə etmədiyi suya görə qanunsuz hesabladığı 721,98 manat pulun ondan alınmaması barədə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Sukanal İdarəsi onun 721,98 manat borcun olmasını göstərir. O, mütəmadi olaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Sukanal İdarəsinə borclarını ödəmişdir. Özü 2-ci qrup əlildir. Ağdam rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Azərsu ASC-nin Komitəyə təqdim etdiyi 2017-ci ilə qədər sudan istifadə haqqı ödənilən məcburi köçkünlərin adlı siyahısında İddiaçı ailə üzvləri ilə birlikdə 4 nəfər göstərilmiş, lakin Azərsunun abonent kartında İddiaçı ailə üzvləri ilə birlikdə 8 nəfər göstərilmişdir. Bu borc xx.xx.2016-cı ildə qaçqınlar üçün nəzərdə tutulmuş hesablanmış limitə görə göstərilmişdir. Bu borcun silinməsi ona bildirilsə də hələ də 721,98 manat borc silinməmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Sukanal İdarəsi istifadə etmədiyi suya görə ondan 721,98 manat pul tələb edir. Hesab edir ki, cavabdehin tələbi əsassızdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh təşkilat qanunsuz olaraq istifadə etmədiyi suya görə onun bankdakı hesablama hesabına 721,98 manat pul keçirmək vəzifəsini qoymuşdur. İddiaçı məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh ASC qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi Saray Bağlar “Massivi” üzrə 1 saylı məhəllə Komitəsinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 2005-ci il tarixdən Saray bağları, massivi, 42/45 nömrəli bağda məskulaşmışdır. İşə əlavə olan “Abonent kartından” görünür ki, İddiaçı istifadəsində olan Abşeron, Saray 1, ev 880/A-ya 2016-cı il üzrə 721,98 manat borc hesablanmışdır. İşdə olan AA № 353739 saylı, xx.xx.2016-cı il tarixli “Məcburi Köçkün vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşarı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini su təchizatı və kanalizasiya müəssisəsi ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Cavabdeh tərəf dəlillərinin əsaslı və iddianın əsası kimi istinad edilən halların əsassız olmasına dair heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Belə ki, işdə olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Cavabdeh ASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ASC-nin Komitəyə təqdim etdiyi 2017-ci ilə qədər sudan istifadə haqqı ödənilən məcburi köçkünlərin adlı siyahısında İddiaçı ailə üzvləri ilə birgə (4 nəfər) adlarının “Sumqayıt şəhəri, 26-lar Peşə məktəbinin yanı Bağ evi” ünvanında qeyd olunduğunu və vəsaitin mərkəzləşmiş qaydada Cavabdeh ASC-yə ödənildiyini nəzərə alaraq, su borcunun araşdırılıb silinməsi istiqamətində müvafiq köməklik göstərilməsini və nəticəsinin vətəndaşa bildirilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişlər. Eyni zamanda iş materiallarında olan arayışdan görünür ki, İddiaçı 2005-ci il tarixdən ailə üzvləri ilə birlikdə Saray bağları massivi 42/45 nömrəli bağda ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, sıx məskunlaşma yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin istehlak etdikləri kommunal xidmət xərcləri (elektrik enerjisi, təbii qaz, su və məişət tullantılarının daşınması) dövlət tərəfindən ödənilir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Saray bağ massivi 42/45 nömrəli bağ evinə hesablanmış 721 (yeddi yüz iyirmi bir) manat 98 (doxsan səkkiz) qəpik məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Saray bağ massivi 42/45 nömrəli bağ evinə hesablanmış 721 (yeddi yüz iyirmi bir) manat 98 (doxsan səkkiz) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar