Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4487/2021 02.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçının Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Məhəmməd oğlunun Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçının Cavabdeh ASC-yə qarşı ona məxsus Sumqayıt şəhəri, Beton zavod ərazisi, Gecəqondu 394 a nömrəli özbaşına tikiliyə əsassız yazılmış 584,50 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Beton zavod ərazisi, Gecəqondu 389 nömrəli özbaşına tikili iddiaçının istifadəsindədir. Həmçinin o, məcburi köçkündür. Ailə üzrləri ilə birlikdə bu mənzildə uzun illərdir ki, yaşayır. Yaşadığı müddət ərzində kommunal ödənişlərlə bağlı heç bir problem yaşamamışdır. Lakin yaşadığı ərazi özbaşına tikili olduğu üçün həmin əraziyə son həftəyə qədər su xətti olmamışdır, buna görə də su ilə bağlı bildirişlər də bu ünvana gəlməmişdir.Evə lazım olan su ehtiyacı qonşulardan daşınaraq ödənmişdir. Bütün bunlara baxmayaraq cavabdeh təşkilat iddiaçının xəbəri olmadan, heç bir müqavilə imzalanmadan Sumqayıt şəhəri, Beton zavod ərazisi, Gecəqondu 394 a nömrəli özbaşına tikiliyə abunə kodu açmışdır və həmin abunə kodunun üstündə naməlum İmanov soyadlı vətəndaşa əsassız borc yazılmışdır. Lakin həmin ünvanda yaşayış yoxdur və yazılmış borc həmin evdə 4 nəfər ailə üzvü nəzərə alınmaqla yazılmışdır. Yaşayış olmayan bir evdə borc yazılması şübhə doğuran məsələdir. Həmçinin Cavabdeh ASC-nin əməkdaşları tərəfindən təqdim edilən bildirişdə də abonentin ad soyad qrafasında sadəcə “İmanov” soyadı yazılmışdır. Həmin borcun kimin adına yazılması dəqiq deyildir. Buradan aydın görünür ki, həmin borcun qanunsuz və əsassızdır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı Məhəmməd oğlu iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh “Cavabdeh ” ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, qeyd olunan ünvanda 01.05.2011-ci il tarixdə kod açılaraq ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. 2012-ci ildə abonent məcburi köçkün olması barədə arayış təqdim etmiş və ünvanında 3 nəfər məcburi köçkün kimi nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. 01.01.2017-ci il tarixində məcburi köçkünlər üçün nəzərədə tutulmuş limit ləğv olunmuşdur. Tərəflərindən hər ay borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilmişdir. Lakin istifadəçi xidmətdən istifadə ilə əlaqədar ödənişləri etməmişdir. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçınının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Sumqayıt şəhər Beton zavod üzrə 1 saylı “İnşaatçı” Məhəllə komitəsinin verdiyi ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 01.06.2000-ci il tarixindən 01.08.2014-cü il tarixinədək ev 394 a ünvanında müvəqqəti yaşayıblar. Həmin müddətdən bu günə qədər yaşayış yoxdur. -Azərbaycan Respublikası Sumqayıt şəhər Beton zavod üzrə 1 saylı “İnşaatçı” Məhəllə komitəsinin verdiyi ailə tərkibi haqqında arayışdan görünür ki, X3 01.05.2002-ci il tarixindən 26.04.2021-ci il tarixinə qədər ev 389-da yaşamışlar. Hal-hazırda yaşayış var. 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkündürlər. - abonent kartından görünür ki, 2016-cı ildən 2021-ci ilədək 584,50 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, Beton zavod ərazisi, Gecəqondu 394 a ünvanındakı mənzil İddiaçı Məhəmməd oğlunun istifadəsindədir. O, həmin ünvanda 01.06.2008-ci ildən 01.08.2014-cü il tarixinədək müvəqqəti yaşamışdır. Cavabdeh təşkilat ona 2016-cı ildən 2021-ci ilədək 584,50 manat borcu olduğu bildirilmişdir. Lakin o, həmin illərdə qeyd edilən mənzildə yaşamamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.Həmin Məcllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək bildirir ki, Cavabdeh ASC tərəfindən istifadə edilən suyun dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda iddiaçının həmin ünvanda yaşamaması cavadehə məlum olmalı idi. Odur ki, həmin hissədə iddiaçının öhdəliyinə xitam verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin qərarın 6.14-cü bəndinə əsasən su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Həmin qərarın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin qərarın 7.6-cı bəndinə verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın tələblərinə zidd olaraq əsassızdır və həmin borc mənzildə iddiaçı 2021-ci ilədək yaşamamış və həmin dövrə qədər hesablanmış borca görə iddiaçının məsuliyyət daşıması yolverilməzdir. Belə ki, iddiaçı istifadə etmədiyi suyun dəyərini ödəməyə borclu deyildir. Ona görə də 584,50 manat borc da silinməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, Beton zavod ərazisi, Gecəqondu 394 a- aid **********000 abonent koduna hesablanmış 584,50 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 500 manatdan çox olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, Beton zavod ərazisi, Gecəqondu 394 a nömrəli özbaşına tikiliyə əsassız yazılmış 584,50 manat məbləğində borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4487/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4487/2021
02.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver