Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-449/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 23 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yaşadıqları fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 1.036.00 manat məbləğində məişət qazının istismar borcunun silinməsi və 185,73 manat məbləğində sayğacın dəyər qiymətinin cavabdehin özünə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, 31V saylı fərdi yaşayış evində yaşadıqları müddət ərzində bütün kommunal xidmətlərdən, həmçinin təbii qazdan istifadəyə görə mütəmadi olaraq tərəflərindən ödənişlər edilmiş və heç vaxt borcları olmamışdır. Lakin, cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları onların evinə məxsus məişət qaz sayğacına baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixdə Akt tərtib etmişlər və sayğacın Dövlət yoxlamasının bildirişi haqqında onlara xx.xx.2022-ci il tarixli məktub göndərmişlər. Həmin bildirişdə göstərilmişdir ki, onların evinə quraşdırılmış G-4 markalı, 1202AQ**********1 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəng qoruyucu örtüyün rəngindən fərqli olduğundan, hesablama mexanizminin dişli çarxlarından birinin dişləri kənar təsir nəticəsində kəsildiyindən və xx.xx.2016-cı il tarixdən Alarm-1 rejimi aşkar olunduğundan, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 185,73 manat təşkil edir və həmin məbləğ ABB Sumqayıt filialının AZ751BAZ******************** saylı hesabına ödənilməlidir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli Tələbnaməyə görə onlara 8.640 kubometr qazm dəyəri məbləğində ziyan hesablanmışdır ki, bu da 1.036.00 manat təşkil edir. Hesab edir ki, 185,73 manat məbləğində sayğacın dəyər qiymətinin və 1.036.00 manat məbləğində əsassız olaraq hesablanmış zərərin ondan tələb edilməsi əsassızdır, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda göstərilən ünvanda yaşadıqları müddət ərzində tərəflərindən təbii qazdan istifadə, istismar və ödəniş qaydalarının pozulması, qaz sayğacına kənar müdaxilə olunması və s. neqativ hallar müşahidə olunmamış və bu barədə cavabdeh təşkilat tərəfindən barələrində hər hansı bir Akt tərtib edilməmişdir. Yaşadıqları evə məişət qazının verilməsinə, ondan istifadəyə və istifadə haqqının ödənilməsinə mütəmadi olaraq "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları nəzarət edirlər. Məişət qazından istifadəyə görə hesablama sayğacı yaşadıqları fərdi yaşayış evinin çölündə divara bərkidilməklə plastik qutunun içərisində yerləşir. Belə olan halda, sayğac evlərindən xaricdə quraşdırıldığına görə onun saxlancına və qorunmasına, xarab olmasına və sair nasazlığına görə hesab edir ki, onlar, yəni istehlakçı cavabdeh deyillər. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış hesablaşma sayğaclarının, o cümlədən sayğacların üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlamlmasına görə kommunal təchizatı müəssisələri cavabdehlik daşıyırlar. Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarlaının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi Aktı və ya Qərarı qəbul etmiş orqanın üzərinə düşür. Sayğacda olan hesablamalara, aşkar edilmiş qüsura görə istehlakçı məsuliyyət daşımır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İB etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinə qarşı “Əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda sadalananlara əsasən hazırki iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 1 saylı mənzilə müxtəlif vaxtlarda əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan "Sayğaca ümümi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəng qoruyucu örtüyün rəngindən fərqlidir. Sayğacın hesablama mexanizmi ilişir, keçən qazın həcmini qeyd etmir. Daxilinə baxış keçirildi, məlum oldu ki, hesablama mexanizmi hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilib. Sayğacın yaddaş arxivi oxundu, xx.xx.2016-cı il tarixində Alarm-1 rejimi aşkar olundu. Sayğac istismara yararsızdır” qeyd olunmuşdur. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2022-ci il tarixli akta əsasən qaz işlədicilərindən G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4x24x90=8640 m3x0,12=1,036,80 (bir min otuz altı manat səksən qəpik) manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini təiəb edə bilər”. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh 2(060)-7543/2022 saylı mülki iş üzrə ünvan 1 ünvanında yaşayan İddiaçı "Əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiasını əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan «Azəriqaz» İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, ünvan 2 ünvanından çıxarılmış G-4 markalı, 1202AQ**********1 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəng qoruyucu örtüyün rəngindən fərqli olduğundan, hesablama mexanizminin dişli çarxlarından birinin dişləri kənar təsir nəticəsində kəsildiyindən və xx.xx.2016-cı il tarixdən Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 185.73 manatın ödənilməsi abonentdən tələb edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, ünvan 2 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 8640 m3 (bir kub 12 qəpikdən hesablanmaqla 1036,8 manat) müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 2 ünvanında İddiaçı adına açılmış G-4 markalı, 1202AQ**********1 nömrəli məişət qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəng qoruyucu örtüyün rəngindən fərqli olduğu, hesablama mexanizminin dişli çarxlarından birinin dişləri kənar təsir nəticəsində kəsildiyi və xx.xx.2016-cı il tarixdən Alarm-1 rejimi aşkar olunduğu qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MSK-29/1710-02341-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x02341 saylı, xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən xx.xx.2022-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 2-də İddiaçı adına açılmış G-4 markalı, 1202AQ**********1 nömrəli sayğac Zenner tipli, G-4 markalı, **********8 nömrəli sayğacla əvəzlənmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, 31V saylı evin qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB Sumqayıt Qaz İstismar Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından ona əsassız olaraq hesablanmış 1036 manat məbləğində cərimə borcu və sayğacın dəyərinə görə tələb edilən 185,73 manat məbləğində borc cavabdehə aid edilməklə silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanına (abonent kodu: **********00313) əsassız olaraq hesablanmış 1036 (bir min otuz altı) manat məbləğində borc və sayğacın dəyərinə görə tələb edilən 185,73 (bir yüz səksən beş manat yetmiş üç qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-449/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-449/2023
23.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver