Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4500/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev 33-də yerləşən ona məxsus olan evə, **********00004 abonent koduna akt ilə əsassız olaraq hesablanmış 1489,68 manat cərimə borcunun silinməsi, maddi zərərə görə 500 manat, mənəvi zərərə görə isə 300 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, o, illərdir ki, ünvan 1 ünvana dair elektrik enerjisindən istifadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri vaxtlı vaxtında etmiş və edir. İllərdir ki, ürək xəstəliyindən əziyyət çəkir, əməliyyat olunmuşdur. Xəstəliyi ilə bağlı sənədləri də ərizəsinə qoşma etmişdir. 08 iyun 2024-cü il tarixdə görmüşdür ki, sayğacı işləmir. Əlaqə saxlamışdır ki, gəlib baxsınlar, nə tədbir lazımdırsa görsünlər. 17-si gəlib onun xəbəri, məlumatı olmadan sayğacını dəyişdirib aparıblar. İşıq borcunu ödəyəndə məlum olmuşdur ki, gəlib dediklərinə görə əlavə xətt aşkar ediblər, akt tərtib ediblər, cərimə yazıblar, hansı ki, bu aktdan belə xəbəri olmayıb, bu günə qədər də ona təqdim olunmayıb. Həmin zənglərin tarixçələrini telefonundan çıxardaraq ərizəsinə əlavə etmişdir. Necə yoxlama keçiriblər, nə üçün belə bir akt tərtib edib o qədər cərimə yazıblar bilmir. Yazılmış cərimə belə həddən artıqdır, hansı ki, illərlə o evdə qalsa belə o sərfiyyatın olması ağlabatan deyil. Bu baş verənlər nə idi, nə məqsəd daşıyırdı, başa düşməmişdir. Yuxarıda da qeyd etdiyi kimi hansısa formada onun sayğacı ilə bağlı akt tərtib edilmiş və ona 1489,68 manat məbləğində cərimə hesablanmışdır. Sayğac daima evdən kənarda yerləşib, hər kəsin müdaxilə edə biləcəyi bir yerdə və şəraitdə quraşdırılıb, onun gecə-gündüz həmin sayğaca nəzarət edə bilmə imkanı da yoxdur. Sayğac nə üçün yanıb, nə üçün bu akt yazılıb heç bir təsəvvürü və məlumatı yoxdur. Nə üçün o, belə olan halda qanunsuz akt, cərimə və borca görə bu gün əziyyət çəkməli və məsuliyyət daşımalıdır. Bu cərimə yazıldığını biləndən idarəyə, məhkəməyə və sair yerlərə gedərək, işindən də olmuş və təxmini 500 manat məbləğində ona maddi ziyan dəymişdir. Bu cərimənin haqsız yerə yazılması onun səhhətini daha da pisləşdirmiş, ürəyindəki narahatlıqlar daha da artmış və ona 300 manat məbləğində mənəvi ziyan dəymişdir.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Samir Əhmədov etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev 33-də yerləşən ona məxsus olan evə **********00004 abonent koduna əsassız otaraq hesablanmış 1489,68 manat cərimə borcunun silinməsi maddi zərərə görə 500 manat, mənəvi zərərə görə isə 300 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehdin üzərinə qoyulması" tələbinin əssasız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev 33-də yerləşən ona məxsus olan evə, **********00004 abonent koduna akt ilə əsassız olaraq hesablanmış 1489,68 manat cərimə borcunun silinməsi, maddi zərərə görə 500 manat, mənəvi zərərə görə isə 300 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı “Azərişıq" ASC-nə qarşı hazırki iddia tələbi əsassız və hüquqdan sui-istifadə olduğu üçün təmin olunmamalıdır. Belə ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum oldu ki, elektrik sayğacı yanıb. Elektrik işlədiciləri şəbəkəyə birbaşa qosulmuşdur. Ölçmə zamanı xətdən axan yük.Pkənar=3.52 kvt. Qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2x10 mm-lik aliminium Pqoy=11 kvt təşkil etmişdir. Sayğaca müdaxilə olunduğu üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sayğacın enerji sərfiyyat göstəricilərində kəskin fərqlər vardır. Belə ki, sayğac yenisi ilə əvəz olunduqdan sonra xx.xx.2024-cü il tarixdə 20 gün ərzində 251 kvt saat miqdarında 20,08 manat dəyərində, xx.xx.2024-cü il tarixdə 29 gün ərzində 788 kvt saat miqdarında 63,04 manat dəyərində, xx.xx.2021-ci il tarixdə 32 gün ərzində 755 kvt saat miqdarında 60,40 manat dəyərində elektrik enerjisi istehlak edilmişdir. Bu da onu göstərir ki, abonent elektrik enerjisindən qanunsuz istifadə edib. Həmçinin iddiaçının cavabdehə qarşı mənəvi zərərin ödənilməsi tələbi qeyd edilsə də, həmin zərərin hüquqi əsasları müəyyənləşdirilməmiş, həmçinin, zərərin həcmi heç bir sübutla əsaslandırılmamışdır. Bununla yanaşı mülki hüquqda zərər sosial məna kəsb etdiyindən və şəxsin və yaxud təşkilatın qanunla qorunan obyektiv hüquqlarının pozulması yolu ilə onun subyektiv hüquqlarına toxunulması zamanı əmələ gəlir. İddiaçı akt üzrə ona 1489,68 manat məbləğində hesabat aparıldığını qeyd etsə də, akt üzrə aparılmış hesabat 1470,02 manatdır. Yerdə qalan məbləğ onun istehlak etdiyi elektrik enerjisinin dəyəridir. İddiaçının hal-hazırda "xxxx" ASC-yə ödənilməmiş 1572,86 manat məbləğində borcu vardır. Yuxanda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina elmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələbinə mütləq əməl olunmalıdır.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, yazılmış akt əsasında 1489 manat cərimə hesablanmışdır. Akt ona təqdim olunmamışdır. Onlar elektroklavişlə ölçmüşdürlər. Təqribi ölçüdür. Ona 2015-ci ildən tətbiq ediblər. 10 il müddətinə borcu istəməyiblər. 2023-cü ildə xəstələnmişdir. Əməliyyat keçirmişdir. Hava şəraitinə görə Göyçay rayonuna getmişdir. Elektroklaviş 10 ili hesablaya bilməz. Kənar xətt kimi hesablayıblar. İşıq 08 may 2024-cü ildə sönmüşdür. O, işıq sönən zaman 199-a zəng etmiş və onlar özləri gəlib onun sayğacını aparıb onu müvəqqəti işıqla təmin emişlər. 8 may 2024-cü il tarixdən 16 may 2024-cü il tarixə qədər elektrik enerjisindən istifadə etmişdir. Sayğacı özləri plombu ilə birlikdə aparmışlar. Ona da akt təqdim etmişlər. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tədqiq olunan sübutlar:
6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, NİM 002003 nömrəli aktda qeyd olunmuşdur ki, baxış aparılan zaman məlum olmuşdur ki, elektrik sayğacı yanmış, elektrik işlədiciləri şəbəkəyə birbaşa qoşulmuş, ölçmə zamanı xəttdən axan yük Pkənar=3.52 kvt., qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2x10 mm-lik aliminium Pqoy=11 kvt təşkil etmişdir.
7. Abunə haqqında çıxarışdan görünür ki, abonent İddiaçı elektrik enerjisindən istifadəyə görə 1470,02 manat məbləğində akt üzrə yaranmış borc hesablanmışdır.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın:
-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
11. 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu:
19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 may 2024-cü il tarixdə abonent kodu **********00004 olan İddiaçı məxsus Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev 33 ünvanına xx.xx.2024-cü il tarixli, NİM 002003 nömrəli akt tərtib olunmuş və həmin akta əsasən elektrin enerjisindən istifadəyə görə 1470,02 manat məbləğində borc yazılmışdır.
14. Qeyd edilən aktda elektrik enerjisindən istifadə qaydalarının pozulmasının əsası kimi elektrik sayğacının yandığı, elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulduğu, ölçmə zamanı xəttdən axan yükün Pkənar=3.52 kvt., qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2x10 mm-lik aliminium Pqoy=11 kvt təşkil etdiyi göstərilmişdir.
15. Beləliklə, cavabdeh elektrik sayğacı yandığı, elektrik işlədiciləri şəbəkəyə birbaşa qoşulduğu qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan 209 gün ərzində elektrik enerjisindn istifadəyə görə 1470,02 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd olunan vəsaitin təkcə sayğacın yandığı dövrdən sonra elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulduğu dövrə görə deyil, həmçinin sayğac yanmamışdan öncə əvvəlki aylarda sərfiyyatın az olduğu dövrlərə görə də hesablandığını bildirmişdir. Beləliklə cavabdeh tərəfindən sərfiyyatın sayğac yanmamışdan öncəki aylarda az olması sayğaca müdaxilə kimi qiymətləndirilmiş və həmin dövrlərə görə də əlavə borc hesablanmışdır. Məhkəmə iclasında İddiaçı sayğac yandığı dövrdən sonra, yəni 08 may 2024-cü il tarixdə yeni sayğac quraşdırılanadək cavabdeh orqan tərəfindən elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulması ilə əlaqədar sayğacdankənar elektrik enerjisindən istifadə etdiyini bildirmişdir.
17. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya məxsus ünvana quraşdırılmış sayğac yanmamışdan əvvəlki dövrlərə görə, yəni 08 may 2024-cü il tarixdən əvvəlki dövrə görə hesablanmış borca münasibətdə qeyd edir ki, 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
18. Göründüyü kimi qanunvericiliyin tələbinə görə istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
19. Hazırki işdə də cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə tərtib edilmiş NİM 002003 nömrəli akt əsasında borc hesablanmışdır ki, bununla bağlı tərəflər arasında yaranmış mübahisədə yuxarıda qeyd olunan Qanunun təsir dairəsinə düşür.
20. Beləliklə, məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsirli olması ilə bağlı həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı olmadığından sayğaca müdaxilə halı əsas gətirilərək sayğac yanmamışdan əvvəlki dövrə görə hesablanmış borc istehlakçıdan tələb edə bilməz.
21. Bundan başqa iddiaçı məhkəmədən 1489,68 manat borcun silinməsini xahiş etsə də, cavabdeh tərəfindən ona sayğacda olan qüsurla əlaqədar 1470,02 manat məbləğində borc hesablanmışdır.
22. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan aydın olur ki, sözügedən sayğacın yandığı dövrdən, yəni 08 may 2024-cü il tarixdən 16 may 2024-cü il tarixədək iddiaçı tərəfindən elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulması ilə əlaqədar sayğacdankənar elektrik enerjisindən istifadə edilmişdir. Bu halı qeyd olunduğu kimi məhkəmə iclasında iddiaçı özü də etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həmin dövrdə elektrik enerjisindən istifadəyə görə borcun hesablanması qanuni olmuşdur.
23. Həmin dövrə görə hesablanmış borcun məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında sözügedən akt əsasında hesablanmış 1470,02 manat məbləğində pul vəsaitinin 209 (iki yüz doqquz) günə görə hesablandığını bildirmişdir. Belə olan halda cavabdeh tərəfindən 08 may 2024-cü il tarixdən 16 may 2024cü il tarixədək iddiaçı tərəfindən elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulması ilə əlaqədar sayğacdankənar elektrik enerjisindən istifadə edilməsinə görə 63,30 (1470,02x9/209) manat hesablanmışdır ki, məhkəmə iddiaçının abunə kartından çıxarışa əsasən qeyd olunan məbləği sayğacın yandığı dövrdən əvvəlki və eyni zamanda sonrakı sərfiyyata mütənasib hesab etmir. Məhkəmə hesab edir ki, cavabdehdən qeyd edilən dövrə görə sayğacın yandığı dövrdən sonrakı sərfiyyata mütənasib olaraq 11,04 manat məbləğində pul vəsaitinin hesablanması məqsədəmüvafiqdir.
24. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.8-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır.
25. Məhkəmə iddiaçının maddi ziyana görə 500 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı maddi ziyanı tələb etməsinin əsası kimi ona cərimə yazıldıqdan sonra idarəyə, məhkəməyə və.s yerlərə gedərək işindən olması ilə əsaslandırmışdır ki, ona qeyd edilən məbləğdə ziyan dəydiyini təsdiq edən hər hansı bir sübutu ərizəsinə əlavə etməmişdir.
26. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.
27. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi 500 manat məbləğində maddi ziyanın tutulması hissəsində təmin edilməməlidir.
29. İddiaçının 300 manat məbləğində mənəvi ziyanın tutulması ilə bağlı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu tələbini də haqsız yerə cərimənin yazılması ilə səhhətinin pisləşməsi, ürəyindəki narahatlıqların artması ilə əsaslandırmış və məhkəməyə sözügedən akt tərtib edilməmişdən əvvəl, yəni 23 fevral 2023-cü il tarixli epikrizi təqdim etmişdir ki, həmin sənəd də göstərilən xəstəliklərin ona cərimənin yazılması nəticəsində yaranmasını təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tutulması hissəsində də təmin edilməməlidir.
30. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, NİM 002003 saylı akt əsasında elektrik enerjisindən istifadəyə görə hesablanmış 1458 (min dörd yüz əlli səkkiz) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində borc **********00004 saylı abunə hesabından silinməlidir.
32. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən iddiaçı tərəfindən maddi və mənəvi zərər hissəsində iddia tələbi təsdiq olunmadığından hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, NİM 002003 saylı akt əsasında elektrik enerjisindən istifadəyə görə hesablanmış 1458 (min dörd yüz əlli səkkiz) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində borc **********00004 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 34 (otuz dörd) manat, 58 (əlli səkkiz) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva