Məhkəmə qərarları › İş №2(060)-4517/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4517/2023

19.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4517/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə Gecəqondu, bağ 81b ünvanına dair əsassız olaraq hesablanmış 615.35 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, hazırda ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə Gecəqondu, bağ 81b ünvanında qeydiyyatsız yaşayır. Hazırki iddia ərizəsi ilə müraciət etməsinin səbəbi cavabdeh "xxxx" ASC tərəfindən həmin evə dair heç bir əsas və dəlil olmadan 615.35 manat məbləğində borcun hesablanmasıdır. Həmin evə sayğac quraşdırılmamış, ödənişlər onun tərəfindən cavabdeh təşkilatın əməkdaşları tərəfindən tələb olunan məbləğlər üzrə ödənilmişdir. Ona daha əvvəl borc barədə heç bir məlumat verilməmiş, cari ilin may ayında isə 615.35 manat məbləğində borcun olması bildirilmişdir. Hesab edir ki, borc əsassızdır və silinməlidir. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 739-da Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi xx.xx.2012-ci il tarixdən X1 adına bağlanmış müqavilə (№ 3********) ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Hal-hazırda həmin ünvanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 676.35 manat borcu qalmışdır. Qeyd olunan ünvanda xx.xx.2012-ci il tarixdə kod açılaraq 1 nəfər ailə tərkibinə, 2015-ci ilin iyul ayından isə 4 nəfər ailə tərkibinə, 2016-cı ilin noyabr ayından isə 1 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. Göstərilən ünvanda xx.xx.2019-cu il tarixdə su sayğacı quraşdırılmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, mənzil hazırda ona məxsusdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən ünvan üzrə Tavat Həşimova adlı şəxs abonent qeydiyyatındadır. İddiaçı sözügedən mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə çıxarışı məhkəməyə təqdim etməmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır.İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; 13-cü bəndinə əsasən məhkəmələrə xatırladılmışdır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə şərh olun hüquq normasına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən AR MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmiş, hazıradək həmin nöqsan iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan vəziyyətdə mülki işə baxılması və ərizənin həll edilməsi qeyri-mümkündür. Odur ki, ərizə baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 259-260 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar