Məhkəmə qərarları › İş №2(060)-4533/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4533/2021

10.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4533/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh2nə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasınada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh2nə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin 01/16 saylı, 16.01.2020-ci il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilməməsi barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 16.03.2020-ci il tarixli, Y-47/1 hərracın nəticələri haqqında protokolun və 16.03.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin nüsxələrinin müvafiq qaydada təsdiq edilməsi və iddiaçıya göndərilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı ilə işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2(102)-4141/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərarı ilə iddiaçının şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Cavabdehə məhkəmə iclası barədə məlumaty verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının tələbi icra məmurunun hərəkətsizliyi ilə bağlıdır. Belə ki, borclu X1 əmlakının satılması barədə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin təsdiq edilməsi cavabdehdən tələb edilsə də, bu günə kimi təqdim edilməmişdir. Mübahisə icra qurumunun hərəkətsizliyindən meydana gəlib. Bu səbəbdən ümumi məhkəmədə baxılmalıdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2(102)-4141/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, baxılan iş üzrə iddiaçı kommersiya hüquqi şəxsi olsa da, cavabdeh dövlət orqanıdır və mübahisə həmin orqanın mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində mülki hüquqi əqdlərin bağlanması, yaxud investisiya fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir. Əksinə iddia tələbi dövlət orqanı olan cavabdehin üzərinə qanunvericilikdən irəli gələn vəzifələrin soyulması ilə bağlıdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, baxılan iş üzrə iddiaçının tələbi ipoteka predmetinə tutma yönəldilməsinə dair icra icraatı çərçivəsində icra orqanının hərəkətsizliyinin qanunsuz hesab edilməsi və müvafiq vəzifənin icra orqanın üzərinə qoyulması ilə bağlıdır. İddiaçı (icra işi üzrə tələbkar) cavabdehin (icra qurumunun) hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia icraatı qaydasında deyil, icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca mülki iddia qaldırmışdır. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar MPM-in 153.2.1-ci maddəsinə əsasən ayrıca mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün yolverilməzdir. “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir (87.1.). Azərbaycan Respublikası Konstitusiya Məhkəmədi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7,10,24 və 26-cı maddələrinin MPM-in bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə MPM-in 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 123-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı icra sənədinin (məhkəmə qətnaməsinin) icra edilməsi ilə bağlı icra məmurunun hərəkətsizliyini mübahisələndirir. Buna baxmayaraq o, icra məmurunun hərəkətsizliyindən şikayət formasında deyil, ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqelərdən biri də ondan ibarət olmuşdur ki, bu cür iddialara mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (261.0.1.). Məhkəmə hesab edir ki, iddiaçının tələbinə məhkəmədə baxılmalı olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh2nə qarşı cavabdehin 01/16 saylı, 16.01.2020-ci il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilməməsi barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 16.03.2020-ci il tarixli, Y-47/1 hərracın nəticələri haqqında protokolun və 16.03.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin nüsxələrinin müvafiq qaydada təsdiq edilməsi və iddiaçıya göndərilməsi vəzifəsinin qoyulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar