Məhkəmə qərarları › İş №2(060)-4552/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4552/2023

22.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4552/2023 22.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X40 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, qızı X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X30 və X17) “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən R4371 saylı bağ sahəsinin miras əmlak kimi qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1937-ci ildə anadan olmuş və 1953-cü ildə Sumqayıt şəhər, Corat qəsəbəsində yerləşən 435 saylı evə gəlin köçmüşdür. Həmin evdə yaşadığı vaxt onun 3 övladı dünyaya gəlmiş və həyat yoldaşı X27 1960-cı ildə dünyasını dəyişmişdir. İddiaçı 1953-cü ildən 1987-ci ilədək qeyd edilən evdə yaşamaqla bütün vergi və rüsumları da özü ödəmişdir. 1988-ci ildə mərhum oğlu X23 1900-cü ildən tikilmiş və artıq qəzalı vəziyyətə düşən bu evin yenidən əsaslı təmirini aparmağa qərar vermiş və bu səbəbdən də iddiaçını 1987-ci ildən özünün icarəsində olan 4371В saylı, sahəsi 2000 kv.m. olan bağ sahəsinə köçürmüş və iddiaçı oğlunun vəfatından sonra bağ sahəsinə görə vergi borclarını özü ödəmişdir. Bununla da iddiaçı qanun üzrə birinci növbə vərəsə kimi mirası faktiki olaraq qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. X3 iddiaçıdan başqa digər 1-ci növbə qanun üzrə vərəsələri cavabdehə müraciət etmiş və vərəsəlik açılmışdır. Lakin cavabdeh iddiaçıya vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. Qeyd edilən bağ sahəsi bu gün də iddiaçının idarəçiliyindədir. İşə məhkəmədə baxılarkən X30 və X17 məhkəmə tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30 və X17 tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı mərhuma məxsus torpaq sahəsinə aid vergi borcları ödədiyini iddia edir, lakin təqdim olunan mübahisə predmetinə aid sənədlərə nəzər yetirilsə, aydın şəkildə görülər ki, mərhum X14 məxsus torpaq sahəsi 4371B (2000 kv) deyil, R-4371-dir (0,10 hektar) və iddiaçı tərəfindən təqdim olunan torpaq rüsumu üzrə ödəniş qəbzlərinin mübahisə predmeti ilə heç bir əlaqəsi yoxdur. Eləcə də, iddiaçı, vərəsəlik işinin açılması ilə bağlı Cavabdehnə müraciət edərək mərhum X8 deyil, onun atası olmuş X15 irs qalmış əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı, mərhum X24 ilə bağlı hər hansı vərəsəlik işi üzrə müraciət etməmişdir. İddiaçı iddia ərizəsində qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü hesab edilməsini xahiş etsə də, bunun əsaslandırılması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Mərhum X2 Sürəyya Yadulla qızının həyat yoldaşıdır və ondan miras qalmış Sumqayıt şəhəri, Saray bağ massivi, R-4371 ünvanında yerləşən ümumi sahəsi 0,10 hektar olan torpaq sahəsi üzrə xx.xx.2022-ci il tarixində vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Cavabdehnə müraciət etmişdir. Həmin torpaq sahəsinə dair sənədləri onlara iddiaçı özü şəxsən verərək vərəsəlikdən imtina etmiş və onlar tərəfdən vərəsəliyin açılmasını istəmişdir. Bu hadisədə şəxsən iştirak edən üç nəfər şahid mövcuddur. Bu müddət ərzində iddiaçı ilə aralarında hər hansı bir konflikt olmamış, mübahisəli bağ sahəsinə gedib-gəlmələrinə, istifadə etmələrinə iddiaçı hər hansı bir etiraz etməmiş və maneçilik törətməmişdir. Eləcə də iddiaçı onlar tərəfdən vərəsəliyin açılması ilə bağlı müraciət edilməsindən şəxsən məlumatlı olmuşdur. Belə ki, onlar tərəfdən yubadılmadan vərəsəliyin açılmasının təşəbbüskarı şəxsən iddiaçının özü olmuşdur. Təqribən bu ilin may ayında sözügedən torpaq sahəsi ilə bağlı, eyni zamanda qonşuları olan mərhumun doğma bacısı ilə aralarında mübahisə yaranmış və bundan sonra iddiaçı qızının yanında yer alaraq onlardan mərhumdan qalan mirasdan pay tələb etməyə başlamışdır. Sözügedən mübahisəli torpaq sahəsi birgə evlilik dönəmində ümumi ailə gəliri hesabına əldə edilmişdir. Təqdim edilən sənədlərdən də göründüyü kimi nikah 1987-ci ildə bağlanmış, torpaq sahəsi isə 1989-cu ildə əldə edilmişdir. X17 faktiki olaraq mirası qəbul etmişdir. Buna sübut kimi nəinki həyat yoldaşının vəfatından sonra, hətta 2018-ci ildən bugünədək mübahisəli torpaq sahəsinə aid bütün rüsumları ödəməklə yanaşı qanunla müəyyən edilmiş müddətdə notariat orqanına vərəsəlik işinin açılması ilə bağlı müraciət etmiş, eləcə də mərhum həyat yoldaşına məxsus mənəvi dəyəri olan digər əşyaları da (iddiaçının cehiz olaraq mərhuma vermiş olduğu xalça və yoldaşları tərəfindən mərhuma hədiyyə edilmiş xüsusi bıçaq dəsti) qəbul etmiş və onlar faktiki olaraq X5r. İddiaçının nümayəndəsi, qızı X19 məhkəmə iclasında bildirdi ki, iddia tələbini müdafiə edir. Mirası qəbul etmə müddətini iddiaçı hüquqi savadsızlığa görə ötürmüşdür. Həmin torpaq sahəsi ümumən 20 sotdur. Bunun 10 sotu iddiaçının həyat yoldaşı X25 məxsusdur. Həmin torpaq sahəsinə fərdi ev mövcuddur ki, həmin evdə iddiaçı yaşayır. Qalan 10 sot isə R 4371 saylı bağ sahəsidir ki, bu da iddiaçının oğlu X16 məxsusdur. İddiaçının iddia etdiyi torpaq sahəsi qardaşına ayrılan torpaq sahəsidir. İddiaçı və X20 birgə nikahından 3 övladlar olub: o, bacısı və mərhum qardaşı X23. onunvə bacısının sözügedən bağ evi üzərində heç bir iddiaları yoxdur. Sadəcə olaraq anaları özünə çatası payı istəyir. Mərhum qardaşı X23 evli olub və onun nikahından bir qızı var. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 məhkəmə iclasında bildirdi ki, iddia tələbinə etiraz edir. X28 onun atasıdır. Atasına məxsus torpaq sahəsi R-4371 (0,10 ha) saylıdır. 4371B (2000 kv) saylı torpaq sahəsində nənəsi olan iddiaçı yaşayır. Onların 4371B (2000 kv) saylı torpaq sahəsi ilə bağlı problemləri yoxdur. Onların mübahisələndirdikləri torpaq sahəsi atasından miras qalan R-4371 (0,10 ha) saylıdır. Həmin torpaq sahəsinə dair 2018-ci ildən bu günədək torpaq pulu onlar tərəfindən ödənilmişdir. Atası ilə sağlıqlarında çox yaxşı münasibətləri olmuş və ataları onların evinə gəlib-getmişdir. Bunu təqdim edilmiş fotoşəkillər də təsdiq edir. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddianın təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi, Vəkil məhkəmə iclasında bildirdi ki, iddiaçı iddia ərizəsində mübahisəli bağa 1987-ci ildə köçürüldüyünü bildirir, halbuki həmin bağ 1989-cu ildə alınmışdır. Həmin ünvanda torpaq sahəsi 3 yerə bölünüb. 4371B saylı, R-4371 saylı və digər başqa torpaq sahəsi. İddiaçı həmin torpaq sahəsinə dair vergi borclarının ödədiyini bildirir, halbuki sənədlərdən də müəyyən edilir ki, mərhum X16 məxsus torpaq sahəsi 4371B deyil, R-4371 saylıdır və iddiaçı tərəfindən təqdim olan torpaq rüsumu üzrə ödəniş qəbzlərinin mübahisə predmeti ilə heç bir əlaqəsi yoxdur. R- 4371 saylı torpaq sahəsi üzrə bütün rüsumlar üçüncü şəxslər Aynur Qasımi və Sürəyya Babayeva tərəfindən ödənilib. İddiaçı oğlu X10 yox, həyat yoldaşı X15 miras qalmış əmlakın qəbul edilməsi üçün notariat orqanına müraciət etmişdir. Üçüncü şəxslər notariat orqanında vərəsəliyin açılması barədə vaxtında müraciət etmişlər və hələki texniki səbəblərdən vərəsəlik haqqında şəhadətnamə onlara verilməmişdir. Faktiki olaraq mirası onlar qəbul etmişdir. İddiaçının oğluna məxsus xalça, ona dostları tərəfindən verilən bıcaq dəstinin fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. Əslində mirasın qəbulu ilə bağlı son dövrlərədək ailə arasında heç bir mübahisə olmamışdır. Həmin torpaq sahəsinə dair sənədləri iddiaçı şəxsən üçüncü şəxslərə vermiş, vərəsəliyin onlar tərəfindən açılmasını istəmiş və vərəsəlikdən imtina etmişdir. Eləcə də, vərəsəliklə bağlı üçüncü şəxslərin müraciət etməsindən məlumatlı olmuşdur. Sadəcə olaraq bu ilin may ayında mərhumun bacısı olan iddiaçının nümayəndəsi və üçüncü şəxslər arasında mübahisə yarandığı üçün iddiaçı qızının yanında yer alaraq mirasdan pay tələb etməyə başlamışdır. Qeyd edilənlərə əsasən üçüncü şəxslərin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.1937-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər ZDS-nin İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X23 arasında bağlanmış xx.xx.1989-cu il tarixli Bağ sahəsinin və tikintiləri uzunmüddətli icarəyə verilməsi üçün 10285 saylı müqaviləyə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən, 0,10 hektarlıq R-4371 saylı bağ sahəsi X16 icarəyə verilmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, məhrum həyat yoldaşı X35 xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra “Saray” bağları massivində 4371В (2000 kv/m) saylı bağ torpaq sahəsinə görə vergi iddiaçı tərəfindən ödənilmişdir. Nikah haqqında şəhadətnamənin surətinə əsasən X27 ilə iddiaçı 1953-cü ildə nikaha daxil olmuşlar. Doğum haqqında şəhadətnamənin surətinə əsasən X24 xx.xx.1960-cı ildə anadan olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X24 xx.xx.2021-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnaməyə əsasən X27 xx.xx.1960-cı ildə vəfat etmişdir. Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin 1564 saylı, xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıya xx.xx.2021-ci il tarixində vəfat etmiş X15 miras qallmış əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdiyindən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə sorğusu əsasında əldə edilmiş nikah və doğum akt qeydləri ilə müəyyən edilir ki, X23 ilə Məmmədova (Babayeva) Sürəyya Yadulla qızı arasında nikah xx.xx.1987ci ildə bağlanmışdır. Həmin nikahdan xx.xx.1987-ci ildə Babayeva (Qasımi) Aynur Xakizər qızı anadan olmuşdur. Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş qəbzlərə əsasən Sumqayıt şəhəri, Saray bağları massivi, R 4371 saylı bağ evi ilə bağlı X21 tərəfindən bələdiyyə ödənişlər edildiyi müəyyən edilir. Cavabdeh tərəfindən Daşınmaz əmlakın dövlət reyestr xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda Cavabdehndə xx.xx.2022-ci il tarixdə V-79 /2022 saylı vərəsəlik işi açıldığı, X12 Sumqayıt şəhəri, Saray bağ massivi, R-4371 ünvanında yerləşən, ümumi sahəsi 0,10 hektar olan torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün arvadı X6 ərizə qəbul edildiyi, mərhum X12 arvadı X17 vərəsə kimi tanındığı göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X29 ifadə verərək bildirdi ki, X22 xalasıdır. Təqribən bir il əvvəl yay aylarında Aynur Qasımi bir dəfə ona zəng vuraraq deyib ki, nənəsinin onu bağa çağırdığını bildirib və onunla getməsini xahiş edib. O, həyat yoldaşının avtombili ilə Aynuru və Aynurun böyük bibisini götürərək bağ evinə gediblər. Bağda onun, həyat yoldaşının, Aynurun və Aynurun böyük bibisinin iştirakı ilə nənəsi, yəni İddiaçı həmin bağ evinin sənədlərini Aynura təqdim edib və bildirib ki, atası X23 həmin evi Aynura vəsiyyət edib. Məhkəmə iclasında şahid qismində dindirilən X38 ifadə verərək bildirdi ki, X30 onun həyat yoldaşının bacısı qızıdır. Yay aylarında həyat yoldaşı onu və Aynuru bağ evinə nənəsinin yanına aparmağı xahiş edib. O, onları və Aynurun böyük bibisini avtomobillə bağ evinə aparıb. Bağ evində İddiaçı həmin bağ evinin sənədlərini Aynura təqdim edib və bildirib ki, atası X23 həmin evi Aynura vəsiyyət edib. İş materiallarına fotoşəkillər və disk əlavə edilmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər (1248.1). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mirasın qəbul edilməsi üçün qanunvericilik altı ay müddət müəyyən etmişdir. Həmin müddət ötürüldükdən sonra mirasın qəbul edilməsi üçün mirasın qəbul edilmə müddəti məhkəmə tərəfindən üzrlü sayılaraq uzadıla bilər. Bu halda vərəsə mirası həmin müddətdə qəbul etməsinə hansı üzrlü halların mane olduğunu əsaslandırmalı və bununla bağlı sübutlar təqdim etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. İşdən göründüyü kimi iddiaçının oğlu X23 xx.xx.2021-ci ildə vəfat etmişdir və iddiaçı Sumqayıt şəhəri, Saray bağları massivi, R 4371 saylı bağ evinin (bundan sonra – mübahisəli bağ sahəsi) miras əmlak kimi onun tərəfindən qəbul edilməsi müddətinin uzadılmasını xahiş edir. Öncə qeyd edilməlidir ki, X11 birinci dərəcəli vərəsəsi kimi X17 notariat orqanına mirasın qəbul edilməsi barədə ərizə ilə müraciət etmiş və onun ərizəsi qəbul edilərək bununla bağlı notariat işi açılmışdır. İddiaçı X11 birinci dərəcəli vərəsəsi olsa da, onun vəfatından bir ildən artıq müddət keçdikdən sonra notariat orqanına mirasın qəbulu ilə bağlı müraciət etməsini yalnız, hüquqi savadsızlıqla əsaslandırmış, mirasın qəbulu müddətinin ötürülməsi ilə bağlı hər hansı digər üzrlü səbəb göstərməmişdir. Eyni zamanda işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evin yerləşdiyi bağ sahəsi 4371B saylı bağ sahəsidir. X16 icarəyə verilmiş bağ sahəsi isə R 4371 saylı bağ sahəsidir. İddiaçının məhkəməyə təqdim etdiyi bütün sənədlərdə onun 4371B saylı bağ sahəsi ilə bağlı ödənişlər etməsi və sair məsələr öz əksini tapmışdır ki, bunların mübahisəli bağ sahəsinə aiddiyyəti yoxdur. İş üzrə ifadə vermiş şahidlər öz ifadələrində X11 vəfatından sonra bağ sahəsi ilə bağlı sənədlərin iddiaçının özü tərəfindən X26 verilməsi və iddiaçının həmin bağ sahəsinə iddiasının olmadığını bildirməsini göstərmişlər. Mübahisəli bağ sahəsi ilə bağlı icarə müqaviləsinin əslinin məhz cavabdeh X30 tərəfindən təqdim edilməsi məhkəmədə bununla bağlı daxili inamın yaranmasına səbəb olur. X1 vəfatından bir il keçdikdən sonra iddiaçının hazırkı iddianı qaldırması, nümayəndənin bunu hüquqi savadsızlıqla əlaqələndirməsi, əslində iddiaçının mübahisəli bağ sahəsinə öncədən iddiasının olmaması, sonradan, digər növbə vərəsələrin təkidi ilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi qənaətinə gəlməyə imkan verir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən R4371 saylı bağ sahəsinin miras əmlak kimi qəbul edilməsi müddətinin uzadılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar