Məhkəmə qərarları › İş №2(060)-4553/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4553/2022

14.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4553/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS-ə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt bağları, B-3969 saylı bağ evi onun xüsusi mülkiyyətindədir. Вelə ki, rəsmi nikahda olduğu X6 xx.xx.2017-ci ildə rəhmətə getmişdir. Onun ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsəsidir. B-3969 nömrəli bağdakı fərdi ev onun tərəfindən inşa edilmişdir. Qaz sayğacı mərhum əri X2 adınadır. Cavabdeh heç bir qanuni əsas olmadan xx.xx.2021-ci il tarixdə onun mərhum ərinin adına 4320 kub. metr qaz borcu hesablamışdır. Belə ki, xx.xx.2021-ci il ******* nömrəli Akt və xx.xx.2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, cavabdehin rəhbərliyi tərəfindən möhürlə təsdiq edilmişdir. Əsas göstərilir ki, guya qaz sayğacı yoxlanılarkən xx.xx.2021-ci il tarixli 29/1710-04693-1 nömrəli akta əsasən G- 4 markalı, 1202AQ**********5 nömrəli sayğaca baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. Cavabdehə dəfələrlə şifahi qaydada tərtib edilmiş sənədlərin hüquqi əsasının olmadığını bildirmiş, ləğv edilməsini, borcun silinməsini və tərtib edilmiş sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Lakin heç bir hərəkət edilməmişdir. Bir neçə gün əvvəl əldə etdiyi sənədlərdən onun xüsusi mülkiyyətində olan fərdi evdə quraşdırılmış sayğacın çıxış borusunun deşilməsi müəyyən edilmiş və ona görə dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən cavabdehə 440 manat ödəməli olduğu məlum olmuşdur. Cavabdehin nümayəndələrinin tərtib və təsdiq etdikləri xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktı cavabdehin nümayəndələri - Eyvazov Natiq, Həsənov Namiq və Əsədov Elburus imzalamışlar. Bununla belə istehlakçının nümayəndəsi qrafasına X6 “imzadan imtina etdi” qeydi edilmişdir. Qeyd etdiyi kimi, əri X5 xx.xx.2017-ci ildə ölmüşdür. xx.xx.2021-ci ildə onun aktı imza etməkdən imtina etməsi fiziki mümkün deyil. Göründüyü kimi akt saxtadır, əsası yoxdur və ləğv edilməlir. Aktı onun tərəfindən heç kim imza etməyib, ona görə də ümumiyyətlə çıxış borusunun deşilməsinin əsas göstərilməsi əsas ola bilməz. Cavabdehin nümayəndələri başqasına məxsus qaz sayğacını yüklü edərək dəyişdirmiş və borcu ona “yükləmişlər”. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS-in ona məxsus Sumqayıt bağları B-3969 saylı bağda quraşdılmış qaz sayğacının çıxış borusunun deşilməsi barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktların, dəymiş ziyanın bərpasına dair tələbnamənin əsassız hesab edilərək ləğv edilməsi və mərhum əri-X3 hesablanmış 440 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt X11 “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, yoldaşı 2017-ci il tarixdə vəfat etmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, 2 ay sonra cərimə hesablanmışdır. Sayğac evdən kənarda yerləşir və onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Ona görə də məhkəmədən iddia tələbini təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 izahatında əsassız olduğundan iddia tələbini qəbul etmədiyini bildirərək məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2021-ci ildə dövlət yoxlamasına gətirilmiş G-4 markalı sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Ona görə də itirilmiş qazın bərpası üçün dəymiş ziyan tələb edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 4320 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı təbii qazdan istifadəyə görə 432 manat məbləğində borcu var. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi xx.xx.2021-ci il tarixli, MSK-29/1710-04693-1 saylı aktın surətindən görünür ki, ünvandan çıxarılmış sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 869694 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı arasında bağlanmış nikah, Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixində akt qeydləri kitabında 30 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ******* saylı, xx.xx.2021-ci il tarixli akt iddiaçıya məxsus mənzilə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğacın çıxış plastmas borusu deşildiyi üçün tərtib edilmişdir. Ona görə cavabdeh təşkilat tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 432 manat cərimə qismində hesablanmış borc tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, quraşdırılmış sayğacın çıxış plastmas borusunun deşildiyi üçün tərtib edilmiş akt əsassızdır. Belə ki, həmin sayğacın çıxış plastmas borusunun deşilməsinə cavabdehlik iddiaçı daşımadığı və onun qanunsuz hərəkəti nəticəsində oluduğu müəyyən edilməmiş və həmin hal məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən sübut olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış borcun silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 432 manat borc abonentin hesabından (abonent kodu **********00690) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini qismən təmin edilməsi qənaətinə gələrkən akt əsasında hesablanmış məbləğin abonent saldosunda 432 manat olduğu üçün həmin məbləğin silinməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat borc abonentin hesabından (abonent kodu **********00690) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar